KKTC-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer ATİB-in qonağı olub
BAYRAQDAR MEDİA – Mayın 20-də Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer və nümayəndəliyin üçüncü katibi Görkem Reis Azərbaycan-Türkiyə İş Adamları Birliyinin qonağı olub.
Bu barədə ATİB-in məlumatında qeyd edilib.
Bildirilib ki, “qonaqları ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, İdarə Heyətinin sədr müavini Tahsin Gündem, İdarə Heyətinin üzvləri Muhterem Öz, Rafiq Qarayev və Seymur Bünyatov qəbul ediblər. Görüş zamanı KKTC ilə Azərbaycan arasında iqtisadi və ticarət əlaqələrinin mövcud vəziyyəti və bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub”. Xəbərdə vurğulanır ki, ATİB sədri Mürsəl Rüstəmov qonaqlara təşkilatın fəaliyyəti, məqsədləri və üzvlərinə göstərilən dəstək barədə ətraflı məlumat verib: “Bildirilib ki, ATİB həm Azərbaycan, həm də Türkiyə iş adamları arasında körpü rolunu oynayır və Türk dünyasında iqtisadi əlaqələrin gücləndirilməsinə xüsusi önəm verir.
KKTC-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer Kuzey Kıbrısdakı iqtisadi mühit, sərmayə imkanları və iş adamları üçün yaradılmış əlverişli şərait barədə danışıb. Daha sonra tərəfləri maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb, qarşılıqlı səfərlərin və birgə forumların, ikili iş görüşmələrin təşkili ilə bağlı ilkin razılıqlar əldə olunub”.
İlk şərhi yaza bilərsiniz