Press "Enter" to skip to content

Karsda “Qərbi Azərbaycan: Unudulmaz izlər”dən bəhs edilib

Tədbirdən xatirə fotosu

BAYRAQDAR MEDİA – Türkiyənin Qars şəhərində yerləşən Kafkas Universitetində “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qərbi Azərbaycan: Unudulmaz izlər” adlı beynəlxalq forum keçirilib.

Bu barədə İctimai Birlikdən məlumat verilib.

Bildirilib ki, “tədbirin əsas məqsədi Qərbi Azərbaycanın zəngin mədəni irsini, tarixi yaddaşını və kulinariya ənənələrini nümayiş etdirmək, bu irsi daha geniş auditoriyaya tanıtmaq və gənc nəslə ötürməkdən ibarət idi. Forum Azərbaycan-Türkiyə münasibətləri kontekstində ortaq tarix yaddaşının qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyıb”.

Çıxışlardan
Çıxışlardan

Məlumata görə, Forum iştirakçıları öncə Azərbaycan və Türkiyənin ərazi bütövlüyü uğrunda şəhid olmuş igid oğullarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər: “Daha sonra Türkiyə və Azərbaycan dövlət himnləri səsləndirilib. Kafkas Universiteti Çağdaş Türk Ləhcələri və Ədəbiyyatları Bölümünün rəhbəri Prof. Dr. İlkin Gulusoy çıxış edərək bildirib ki, Qərbi Azərbaycan məsələsi yalnız bir regionun deyil, bütövlükdə türk dünyasının tarixi yaddaşıdır. Bu cür tədbirlər mədəni mirasın yaşadılması baxımından son dərəcə dəyərlidir”.

Məlumatda deyilir ki, sonra “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev çıxış edib. O, bildirib ki, “Qərbi Azərbaycanın mədəni irsini dünyaya tanıtmaq bizim tarixi və mənəvi borcumuzdur. Layihəmiz bu istiqamətdə mühüm addımlardan biridir”.

Plaket təqdimatı
Plaket təqdimatı

Azərbaycanın Qarsdakı Baş konsulu Zamin Əliyev çıxış edərək, “Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətləri bu cür layihələrlə daha da möhkəmlənir. Qərbi Azərbaycan bizim milli kimliyimizin ayrılmaz hissəsidir” deyib.

Əslən Qərbi Azərbaycandan olan Kars Bələdiyyə Başçısı Prof. Dr. Ötüken Senger isə çıxışında “Bu cür tədbirlər şəhərimizin beynəlxalq mədəni platformaya çevrilməsinə də töhfə verir. Qərbi Azərbaycan məsələsinin insanlıq tarixində yeri böyükdür” deyə vurğulayıb.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı Üzeyir Məmmədov çıxış edərək bildirib ki, Qərbi Azərbaycan torpaqları bizim tariximizin qan yaddaşıdır: “Gənc nəsil bu gerçəkləri öyrənməli və gələcəyə daşımalıdır”.

”Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev çıxış edərək bildirib ki, “Gənclər olaraq bu mirası yaşatmaq və dünyaya tanıtmaq bizim vəzifəmizdir. Forum bu baxımdan bizə böyük ilham verir”.

Tədbirdə həmçinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli də çıxış edib: “Biz bu kimi layihələrlə həm milli kimliyimizi möhkəmləndirir, həm də beynəlxalq aləmdə Azərbaycan həqiqətlərini tanıdırıq. Dövlət dəstəyi ilə həyata keçirilən bu tədbirlər gələcəyə yönəlib”.

Qafqaz Universitetinin rektor müavini Prof. Dr. Engin Kılıç çıxışında bu cür tədbirlərin akademik və ictimai əhəmiyyətini vurğulayıb. Çıxışında Qərbi Azərbaycanın tarixi prosesinə, Azərbaycan türklərinin bölgədə yaşadıqları haqsızlıqlara, demoqrafik dəyişikliklərə də toxunan prof. Doktor Kılıç məcburi köçə məruz qalan Azərbaycan türklərinin yaşadıqları faciələri, bu köçün səbəblərini və nəticələrini iştirakçılarla bölüşüb. Forumun məhsuldar və uğurlu keçməsini arzulayan Prof.Dr.Kılıç bütün iştirakçılara uğurlar diləyib.

Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin sədri Məhsəti Hüseynova çıxış edərək bildirib ki, “Qərbi Azərbaycanın kulinariya irsi də bu tarixi yaddaşın ayrılmaz hissəsidir. Biz bu irsi qorumalı və nəsildən-nəslə ötürməliyik”.

Rəsmi çıxışlardan sonra təşəkkür plaketləri və iştirakçı sertifikatları təqdim olunub. Forum Azərbaycan milli musiqilərindən ibarət konsert proqramı ilə davam edib. Sonda Qərbi Azərbaycan mətbəxinin incilərindən olan İrəvan kətəsi, İrəvan şirin çörəyi, fəsəli və bir çox şirniyyatlar təqdim olunub və həmçinin İrəvan şəhərinin dağıdılmış tarixi abidələrinin fotoları sərgilənib.

Mission News Theme by Compete Themes.