Dr. Yucel Karauz: Azərbaycanla Türkiyə birlikdə bu istiqamətdə mühüm addım ata bilər
BAYRAQDAR MEDİA – “Bu gün Azərbaycan öz qüdrətli ordusu ilə Güney Qafqazın regional gücü halına gəlib. Buna həyata keçirlən siyasət, atılan düşünülmüş addımlar nəticəsində nail olunub. Azərbaycanın Qarabağ müharibəsindən sonra əldə etmiş olduğu təcrübə, həm NATO, həm də keçmiş Varşava Müqaviləsi Paktı təcrübəsinin sintez edilməsi, eyni zamanda ordunun müasir silah və kommunikasiyalarla təmin etməsi öz sözünü deyib”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.
“Suriyada ordunun yenidən formalaşdırılması zəruridir. Bu məsələdə Azərbaycan və Türkiyə birlikdə aparıcı rol oynaya bilərmi” sualına cavabında Dr. Yücel Karauz bunun mümkün ola biləcəyini bildirib.
Türkiyəli general deyib ki, Azərbaycanın öz ordusunu gücləndirməsi fonunda Türkiyə ilə birgə bir çox sahələrdə addımların atılması həm zərurətə çevrilib, həm də vacibdir: “Vətən müharibəsinin qalibi olan Azərbaycan öz ordusunu müasir hərbi texnika ilə təmin edən bir dövlət kimi də ön sıraya çıxıb. Bu gün Azərbaycanın mütəşəkkil və qalib ordu qurmaq təcrübəsini dost və qardaş ölkələrlə bölüşməsi ümumi işin xeyrinə ola bilər. Digər tərəfdən, Suriya ordusunun yenidən formalaşdırılması, xüsusilə də təlim-tədris məsələsində kənardan dəstək vacibdir. Hesab edirəm ki, bir millətin ordusu fəlsəfəsindən hərəkət edərək Azərbaycanla Türkiyə birlikdə bu istiqamətdə mühüm addım ata bilər. Bu regional baxımdan da vacib və önəmlidir”.
İlk şərhi yaza bilərsiniz