BAYRAQDAR MEDİA – Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, qardaş ölkədə ilk dəfə tətbiq olunan melodiyalı yol layihəsinin Ankara Nallıhan-Beypazarı Dövlət Yolunda tətbiq edildiyini bildirib. Nazir, bu yenilikçi sistemin yola yerləşdirilən xüsusi işarələmələr və ya çuxurlar sayəsində avtomobil keçərkən səs çıxardığını izah edib.
Bu barədə eskisehir.net saytı məlumat yayıb.
Məlumata görə, nazir “sürücülər müəyyən bir sürətlə hərəkət etdikdə Motsartın məşhur “Türk Marşı”nı aydın şəkildə eşidə bilirlər. Bu da sürüş təcrübəsinə həm təhlükəsizlik, həm də estetika qatır” deyib.
Melodiyalı yol sisteminin ikinci mərhələsinə start verildiyini bildirən A.Uraloğlu, Ankara-Eskişehir Dövlət Yolunun Sivrihisar çıxışında, 37-ci kilometrdə yerləşən Kertek bölgəsində işlərin başladığını açıqlayıb. Nazir, oxşar layihələrin həyata keçirildiyi ölkələrdə yaşayış məntəqələrinə yaxın ərazilərdə səs-küyə dair şikayətlərin artdığını, buna görə də Türkiyədə bu tətbiqlərin yaşayış yerlərindən uzaqda planlaşdırıldığını vurğulayıb.
İlk şərhi yaza bilərsiniz