Press "Enter" to skip to content

O cənnətin adı Qarabağdır!

Elman Məmmədov
Şəbnəm TOFİQQIZI
Şəbnəm TOFİQQIZI

BAYRAQDAR MEDİA-nın media tərəfdaşı olduğu “Qarabağ həqiqətləri işğaldan Zəfərə qədər” adlı layihə çərçivəsində yazılarımız davam edir. Bu dəfə Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elman Məmmədovla həmsöhbət olduq. Layihənin rəhbəri, yazıçı-araşdırmaçı-ssenarist Şəbnəm Tofiqqızı Alyans sədri ilə 30 il işğalda olan torpaqlarımızda çaldığımız Zəfər haqqında söhbət edib.

Elman Məmmov, “30 ilə yaxın Azərbaycanın suveren torpaqları düşmən tapdağı altında olarkən həmişə oralara ayaq basmağı arzu etmişəm. Həm də Şuşadan, Laçından, Kəlbəcər və digər rayonlardan olan ağsaqqalların haqqında ağız dolusu danışdığı əraziləri canlı görmək istəmişəm. Həmişə düşünürdüm ki, o dünyadakı cənnətin biri də bu dünyadadır və onun adı Qarabağdır! Şükürlər olsun, Müzəffər Ali Baş Komandan İlham Əliyev və güclü ordumuz sayəsində o torpaqların cənnətməkan olduğunun canlı şahidi ola bildim” deyə sözə başlayır.

Həmsöhbətimizdən 44 günlük müharibənin o qanlı-qadalı günlərini necə xatırlamasını soruşanda, kədərlənir, gözləri dolur…

Söhbətimizə davam edirik, Elman Məmmədov deyir ki, “o günlər heç vaxt yaddaşımızdan silinməyəcək. Hər gün cəbhə xəttinə gedən hərbi maşınları, mağazadan evi üçün aldığı ərzağı həmin maşınları görər-görməz arxasınca qaçıb əsgərlərə verən insanları görmək doğrudan da xoşdur. Bəlkə də həmin insanlar sonuncu puluna evinə aldığı çörəyi, son azuqəsini əsgərlərə verirdi. Belə adamlar əsgər aparan maşınların arxasınca qaçır, bacardığı köməyi etmək istəyirdi. Hələ o maşınlardakı hərbçilərə əsgər salamı verən uşaqları demirəm. Ən əsası odur ki, hər gün qulağımız səksəkədə Ali Baş Komandandan yeni xəbər gözləyirdik. Heç vaxt unutmayacağım günlərdir onlar”.

Biz o günləri təkcə qəhərlənmiş gözlərimizdəki kədərlə xatırlamırıq. Zəfər sevinci ilə döyünən ürəyimizlə də hər xatırladıqca, eyni sevinci bir daha yaşayırıq.

Elman Məmmədov onu da deyir ki, ““Azərbaycan-Ukrayna Beynəlxalq Alyansı” olaraq istər işğal dövründə, istərsə də işğaldan azad edildikdən sonra ölkə daxilində və xaricində müxtəlif elmi, maarifləndirici tədbirlər keçirərək dünyaya Qarabağ həqiqətlərini çatdırmaq hər zaman bizim ən ümdə vəzifəmiz olub. Təbliğat tədbirlərimizi hələ də davam etdiririk. Hazırda isə Qarabağın abadlaşdırılmasını və o torpaqların işğaldakı və işğaldan sonrakı durumunu dünyaya çatdırmağa çalışırıq”.

Zəfər sevincini yaşayan bir azərbaycanlı kimi həmsöhbətimiz ürək dolusu təəssüratlarını da bölüşür: “Biz öz suveren torpaqlarımız üçün döyüşmüşük. Haqlı mübarizəmizdə qələbə çalmışıq və Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan bütün kənar müdaxilələrdən tam qorunur. Əsas odur ki, torpaqlarımız bütünləşdi, bizə aid olan özümüzə qayıtdı”.

Alyans sədri söhbətimiz boyu işğaldan azad olunmuş torpaqlarımız haqqında qürurla danışır. O, hətta gələcək planlarını da açıqlayır: “İşğaldan azad etdiyimiz torpaqlarda dövlətimiz güclü yenidənqurma işləri aparır. Oralara dünyanın bir çox yerindən turistlər gələrək Qarabağ həqiqətlərini öyrənirlər. Ehtiyac yaranarsa və dövlətimiz uyğun görərsə, işğaldan azad edilmiş torpaqlarda Alyans olaraq müxtəlif tədbirlər keçirib xarici vətəndaşlara Qarabağ həqiqətlərini çatdırmaqdan şərəf duyarıq. Bu gün sevinc hissi ilə deyə bilərik ki, azad edilmiş Qarabağımızın azad sakinləri olaraq hər zaman şüarımız eynidir: Qarabağ Azərbaycandır!”

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.