Şahnoza Umarxocayeva: Əhalinin ekoloji mədəniyyətinin yüksəldilməsi Konsepsiyası ekoloji təhlükəsizliyin təmin olunması baxımından böyük tarixi əhəmiyyətə malikdir
BAYRAQDAR MEDİA -“Özbəkistan Ekoloji Partiyasının seçkiqabağı proqramında irəli sürülən mühüm vəzifələr bu gün ölkə başçımız tərəfindən xüsusi diqqətə alınaraq “2030-cu ilə qədər əhalinin ekoloji mədəniyyətinin yüksəldilməsi Konsepsiyası” təsdiq olundu”.
Bunu öz sosial şəbəkə hesabında Özbəkistan Ekologiya Partiyası Mərkəzi Şurasının şöbə müdiri Şahnoza Umarxocayeva yazıb.
O, qeyd edib ki, bütün dünyada ətraf mühit və ekoloji vəziyyət ildən-ilə dəyişir: “Qlobal iqlim dəyişiklikləri, havanın temperaturunun yüksəlməsi, quraqlıq kimi ekoloji təhdidlər bölgəmizə də birbaşa təsir göstərir. Aral dənizinin quruması, torpaq və su ehtiyatlarından qeyri-səmərəli istifadə, bioloji müxtəlifliyin azalması, bitki və heyvanat aləminin genofondunun pisləşməsi, sənaye və məişət tullantılarının toplanması ekoloji problemlərin gündən-günə dərinləşdiyini göstərir”.
Paylaşımda qeyd edilir ki, son illərdə həyata keçirilən genişmiqyaslı islahatlar Özbəkistanın bütün sahələrində, xüsusilə də siyasi, hüquqi və sosial-iqtisadi həyatında köklü dəyişikliklərə səbəb olub: “Cəmiyyət həyatının əsaslı şəkildə yenilənməsi istiqamətində əhəmiyyətli nailiyyətlər əldə olunmuş, ölkəmizdə yeni ictimai-siyasi mühit formalaşmışdır. Eləcə də, Prezidentimiz tərəfindən qəbul edilmiş “2030-cu ilə qədər əhalinin ekoloji mədəniyyətinin yüksəldilməsi Konsepsiyasının təsdiq edilməsi haqqında” qərar ölkəmizin Özbəkstanın gələcəyi üçün olduqca mühüm sənəddir. Bu qərar əhalinin ekoloji mədəniyyətinin yüksəldilməsi istiqamətində görülən tədbirlərin səmərəliliyini daha da artırmağa, dövlət orqanlarının, QHT-lərin və vətəndaş cəmiyyətinin digər institutları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirilən səyləri dəstəkləməyə yönəlib”.
Şahnoza Umarxocayeva paylaşımda vurğulayıb ki, əhali arasında ekoloji mədəniyyəti yüksəltmək işini sistemli və ardıcıl şəkildə təşkil etmək, ölkədə ətraf mühitin vəziyyətini yaxşılaşdırmaq və ekoloji problemləri kompleks şəkildə həll etməyə yönəlmiş dövlət siyasətini həyata keçirmək hər zamankından daha aktual və ən prioritet vəzifələrdən biridir: “Əhalinin ekoloji mədəniyyətinin yüksəldilməsi Konsepsiyası ətraf mühitin mühafizəsi, əhalinin ekoloji mədəniyyətinin yüksəldilməsi və ekoloji təhlükəsizliyin təmin olunması baxımından böyük tarixi əhəmiyyətə malik sənəddir, desək, mübaliğə etmiş olmarıq”.
İlk şərhi yaza bilərsiniz