BAYRAQDAR MEDİA – İyunun 18-21-də Bakı Ekspo Mərkəzində “Yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək. 6-cı dəfə təşkil olunacaq sərgidə qida, İKT, təhsil, inşaat, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 300-ə yaxın yerli şirkət öz məhsul və xidmətlərini nümayiş edəcək. Bu, sərginin keçirildiyi illər ərzində ən çox sayda yerli şirkətin bir araya gəldiyi tədbir olacaq.
Bu barədə BAYRAQDAR MEDİA-ya KOBİA-dan məlumat verilib.
Bildirilib ki, “sərginin məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş kütləyə tanıtmaq, onlar üçün yeni bazarlar açmaq və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir. Ziyarətçilər sərgidə müxtəlif sektorlarda fəaliyyət göstərən şirkətlərin yeni məhsul və xidmətləri ilə ilk dəfə tanış ola biləcəklər. Nüfuzlu şirkətlərin təchizat zəncirində iştirak imkanlarının genişləndirilməsi və yeni əməkdaşlıqların qurulması üçün bu il sərgi çərçivəsində mikro və kiçik sahibkarların iri şirkətlərin rəhbərləri ilə görüşləri təşkil olunacaq”.
Məlumata görə, sərgi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı, “Kapital Bank”ın rəsmi tərəfdaşlığı ilə keçiriləcək. Builki sərginin tərəfdaşları Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Dövlət Reklam Agentliyi və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasıdır (İCMA).
Sərgidə ziyarətçi qismində iştirak ödənişsizdir.
İlk şərhi yaza bilərsiniz