Press "Enter" to skip to content

Ailə dəyərləri bizim milli kimliyimizin təməlidir

Tədbirdən xatirə fotosu

“Müasir dövrdə ailə dəyərlərimiz” adlı elmi-praktiki konfrans keçirilib

BAYRAQDAR MEDİA – Mayın 22-də Xəzər Universitetinin Neftçilər kampüsündə “Müasir dövrdə ailə dəyərlərimiz” adlı elmi-praktiki konfrans keçirilib. Konfrans Xəzər Universiteti, İzmir Katip Çelebi Universiteti, Gəncliyə Yardım Fondu və “İstanbul Aile Vakfı”nın birgə təşkilatçılığı ilə reallaşıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya Gəncliyə Yardım Fondundan məlumat verilib.

Tədbir zamanı
Tədbir zamanı

Məlumatda deyilir ki, konfrans Azərbaycanın müstəqilliyi, torpaqların suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan Respublikasının Dövlət Himninin və Türkiyə Cümhuriyyətinin İstiqlal Marşının səsləndirilməsi ilə açıq elan edilib: “Daha sonra ailə mövzusuna həsr olunmuş və Dəyər Media Group tərəfindən hazırlanmış “Ailə varsa, həyat var” adlı videoçarx nümayiş etdirilib”.

Məhəmməd Nuriyev: Qloballaşan dünyada hər bir ölkənin qarşısında duran əsas məsələlərdən biri milli-mədəni irsinin və mənəvi dəyərlərin qorunmasıdır

Məlumata əsasən, nümayişdən sonra çıxış edən Xəzər Universitetinin rektoru professor Məhəmməd Nuriyev bildirib ki, qloballaşan dünyada hər bir ölkənin qarşısında duran əsas məsələlərdən biri milli-mədəni irsinin və mənəvi dəyərlərin qorunmasıdır.

Xəzər Universitetinin rektoru professor Məhəmməd Nuriyev çıxış edərkən
Xəzər Universitetinin rektoru professor Məhəmməd Nuriyev çıxış edərkən

Professor belə bir şəraitdə doğru seçim etməyin, kimliyimizi və milli-mənəvi zənginliyimizi qorumağın çətinləşdiyini deyib.

“İki dost və qardaş ölkə – Azərbaycan və Türkiyə arasında bu sahədə həyata keçirilən birgə təşəbbüslər də təqdirəlayiqdir”, deyə rektor qeyd edib”.

Prof. Dr. Birol Akgün: Türkiyədə ailə institutunun möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib

Sonra çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Prof. Dr. Birol Akgün ailə dəyərlərinin müasir dünyada qorunması məsələsinin vacib və həssas mövzu olduğunu deyib.

Türkiyənin Azərbaycandakı səfiri Prof. Dr. Birol Akgün çıxış edərkən
Türkiyənin Azərbaycandakı səfiri Prof. Dr. Birol Akgün çıxış edərkən

Məlumata görə, səfir buna görə də 2025-ci il Türkiyə Cümhurbaşqanının birbaşa təşəbbüsü ilə Türkiyədə “Ailə ili” elan olunduğunu bildirib: “Səfir onu da qeyd edib ki, Türkiyədə ailə institutunun möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib və bu təşəbbüs, eyni zamanda, ölkədə də müvafiq istiqamətdə ictimai və akademik diqqətin artmasına səbəb olub. Birol Akgün Azərbaycanda bu məsələni qaldırdıqları və elmi-praktiki konfransla gündəmə gətirdikləri üçün təşkilatçılara təşəkkür edib, tədbirin fəaliyyətinə uğurlar arzulayıb”.

Ceyhun Məmnmədov: Tarix boyu cəmiyyətimizi bir arada saxlayan ən mühüm sütun məhz ailə olub

Tədbirdə, həmçinin Milli Məclisin deputatı Ceyhun Məmmədov da çıxış edib.

Məlumata görə, millət vəkili çıxışında müasir dövrdə milli-mənəvi dəyərlər hədəf alındığı, bu savaşın təkcə mədəniyyət yox, düşüncə mübarizəsi olduğunu, ailə institutunu zəiflətməklə milli dəyərlərin zəiflədildiyini qeyd edib: “Ceyhun Məmnmədov bildirib ki, ailə dəyərləri bizim milli kimliyimizin təməlidir və tarix boyu cəmiyyətimizi bir arada saxlayan ən mühüm sütun məhz ailə olub.

Millət vəkili Ceyhun Məmnmədov çıxış edərkən
Millət vəkili Ceyhun Məmnmədov çıxış edərkən

Məlumatda daha sonra deyilir: “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin baş məsləhətçisi Səmra Əliyeva tədbirdə çıxış edərək sosial medianın ailələrə böyük zərbə vurduğunu, bu kimi məsələlərdə təkcə valideynlərin məsuliyyət daşımadığını, cəmiyyətin laqeyd yanaşmasının da mənfi hadisələrə səbəb olduğunu bildirib. Daha sonra çıxış edən Katib Çələbi Universitetinin rektoru Prof. Dr. Saffet Köse ABŞ-ni nümunə göstərərək müasir dövrdə ailə məfhumunun dəyişdirilməyə çalışıldığını və xüsusən də atasız ailə modelinin tətbiq edilməyə çalışıldığını qeyd edib. Sosioloq və psixoloqların həyacan təbili çaldığını bildirən Saffet Köse aparılan təcrübələrdə atasız ailələrin bütün asptektlərdə geridə qaldığını və yenidən əvvəlki ailə modelinə qayıtmağın vacib olduğu qənaətinə gəlindiyini ifadə edib”.

Ahmet Tecim: Modern çağda məqsədyönlü şəkildə ailələr dağıdılır və beləliklə min illik mədəniyyətimiz parçalanır

Məlumatda vurğulanır ki, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim çıxışında mədəniyyətimizdə, milli və mənəvi dəyərlərimizdə ailənin böyük məna kəsb etdiyini, türk dünyasında ailənin ülvi məna daşıdığını ifadə edib: “Ahmet Tecim qeyd edib ki, modern çağda məqsədyönlü şəkildə ailələr dağıdılır və beləliklə min illik mədəniyyətimiz parçalanır. Onun sözlərinə görə cəmiyyəti ayaqda tutan sağlam, milli kimliyinə sahib çıxan və ənənəvi dəyərlərini qoruyan ailədir”.

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim çıxış edərkən
Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim çıxış edərkən

Məlumata əsasən, elmi-praktiki konfransının rəsmi açılış mərasimindən sonra panel çıxışlar baş tutub: “Katib Çələbi Universitetinin rektoru Prof. Dr. Saffet Köse “Müasir dünyada ailəmiz: Problemlər – həll yolları”, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, sədr müavini Prof. Dr. Tahirə Allahyarova “Rəqəmsal cəmiyyətdə ailə institutu və dəyərlərin transformasiyası: sosial-demoqrafik trendlər, çağırışlar”, Azərbaycan İlahiyyat İnstitutunun müəllimi s.f.f., dos. Asəf Qənbərov “Müasir Azərbaycan ailəsi: sosioloji təhlil”, Ankara Sosial Elmlər Universitetinin müəllimi Prof. Dr. Emir Kaya “Ailəni güncəlləmək”, Bizim Ailə jurnalının baş redaktoru Dr. Gülnarə Seyidova “Zamanla dəyişən rollar: Ər və arvadın cağdaş modeli”, Xəzər Universitetinin müəllimi Dos.Telman Nüsrətoğlu “Türk-İslam mədəniyyət tarixində ailə institutu” mövzulu məruzələri ilə çıxış ediblər”.

Konfransın sonunda məruzəçilər təşkilatçılar tərəfindən plaketlə təltif ediliblər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.