Press "Enter" to skip to content

KKTC türk dünyasının ayrılmaz bir parçasıdır

Dursun Oğuz (sağda) və Nadir Azəri

Dursun Oğuz: Cənab İlham Əliyevin KKTC-yə dəstək verən bəyanatları, açıqlamaları, müxtəlif tədbirlərdə dilə gətirdiyi fikirlər bizə əlavə güc, qüvvət verir

BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) daxili işlər naziri Dursun Oğuz Bakıda səfərdədir. Səfər çərçivəsində məqam tapıb ondan həm bu səfərin məqsədi, həm də digər məsələlərlə bağlı suallara cavab aldıq.

KKTC daxili işlər naziri ilə geniş müsahibəni yaxın günlərdə BAYRAQDAR MEDİA-nın oxucularına təqdim edəcəyik. Hələlik isə onu bildirək ki, Dursun Oğuzun səfərində məqsəd Türk Dövlətləri Təşkilatının (TDT) daxili işlər nazirlərinin ikinci görüşündə iştirak etməkdir.

Beləliklə, bizə müsahibəsində D.Oğuz qeyd etdi ki, Bakıya bundan öncəki səfəri 2023-cü il sentyabrın 7-də reallaşıb: “Həmin vaxt biz təbii fəlakətlərə qarşı birgə mübarizəyə dair məsələləri müzakirə etmişdik. Ümumiyyətlə bu cür tədbirlərdə iştirak KKTC olaraq bizim üçün mühüm önəm kəsb edir. Dünyanın Kıbrıs türkünün dövlətçilik haqqını hələ də tanımamasına rəğmən Türkiyə və Azərbaycan KKTC-nin dünya tərəfindən tanınması istiqamətində misilsiz mücadilə göstərir. Bu istiqamətdə KKTC-nin ən azı Türk Dövlətləri Təşkilatında var oluşunun təmin olunması üçün Türkiyə və Azərbaycanın dövlət başçılarının qətiyyəti bizə qürur verir. Həm sayın Recep Tayyip Erdoğanın, həm də cənab İlham Əliyevin səyləri, fəaliyyətləri misilsizdir və buna görə biz hər ikisinə minnətdarlıq edirik”.

D.Oğuz, həmçinin “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il sentyabrın 7-də Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşünün və “Bakı-2023” beynəlxalq təliminin iştirakçılarını qəbul edərkən Kuzey Kıbrıs haqqında dediklərini birbaşa onun dilindən eşitmək mənə ayrıca qürur yaşatdı. O qürurun təəssüratı hələ də bizimlədir. Həmin qəbulda cənab İlham Əliyev “Bu gün bizim aramızda ilk dəfə olaraq Şimali Kiprin nümayəndəsi də iştirak edir. Şimali Kipr türk qardaşlarımızı xüsusilə salamlamaq istəyirəm. Nazir burada müşahidəçi kimi, amma eyni zamanda, öz bayrağı ilə təmsil olunur. Təbii ki, Şimali Kiprin bayrağı da bizim tədbirdə dalğalanmalıdır və dalğalanacaqdır. Azərbaycan bütün Türk dünyasında birləşən qardaşlarımızın hər zaman yanında olubdur və çox sevindirici haldır ki, son Zirvə görüşündə Şimali Kipr Türk Dövlətləri Təşkilatına müşahidəçi seçilmişdir. Bu münasibətlə bütün türk qardaşlarımızı ürəkdən təbrik edirəm. Bu, bir daha bizim birliyimizi göstərir, bir daha iradəmizi göstərir. Onu göstərir ki, biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq” deyə bəyan etdi. Bu fikirlərin hər bir Kıbrıs türkü üçün dəyəri misilsizdir. Cənab İlham Əliyevin KKTC-yə dəstək verən bəyanatları, açıqlamaları, müxtəlif tədbirlərdə dilə gətirdiyi fikirlər bizə əlavə güc, qüvvət verir. Bu, bizi ruhlandırır. Hesab edirik Türkiyə və Azərbaycanın dəstəyi sayəsində KKTC tezliklə TDT-nin tamhüquqlu üzvü olacaq” deyə əlavə etdi.

D.Oğuz onu da bildirdi ki, “KKTC türk dünyasının ayrılmaz bir parçasıdır. Kuzey Kıbrıs türk dünyasının Akdenizə açılan qapısı, türk dünyasının etibarlı qalasıdır və bu qalanı, bu qapını türk dünyası əldən verməməli, Kuzey Kıbrıs türkünü bundan sonra da tək buraxmamalıdır. Bunun da yolu dünyanın uzun illərdir bizə qarşı həyata keçirdiyi haqsız siyasətə sinə gərmək, bu siyasətə cavab olaraq, dediyim kimi, KKTC-nin Türk Dövlətləri Təşkilatının həqiqi üzv olunmasını təmin etməkdir. Biz əminik və inanırıq ki, Azərbaycanın və Türkiyənin dövlət başçılarının bu istiqamətdə fəaliyyətləri tezliklə öz müsbət nəticəsini verəcək. Bu isə hər bir Kıbrıs türkü üçün yeni bir səhifənin açılması demək olacaq”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.