Fazil Mustafa: Türk Dövlətləri Təşkilatı daha səmimi, daha etibarlı, daha perspektivli birlikdir
BAYRAQDAR MEDİA – “Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə toplantısı ilk dəfə Avropa qitəsində, Avropa Bilrliyinə üzv olan və müşahidəçi statusuna malik olan bir ölkədə keçirildi. Bildiyiniz kimi Təşkilatda müşahidəçi statusunda olan ölkələrin sayı üçdür -Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikası (Kuzey Kıbrıs Türk Cümhuriyyəti) İnanmaq istərdik ki, onlar da tezliklə təşkilatın tamhüquqlu üzvlərinə çevriləcəklər”.
Bu sözləri deputat, Mili Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib.
Millət vəkili daha sonra bildirib: “Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə qəbul edilmiş sənəddə qeyd edildiyi kimi Tərəflər Türk dövlətləri arasındakı böyük potensialdan və imkanlardan istifadə edərək, bütün sahələrdə həmrəyliyi, əməkdaşlığı və koordinasiyanı daha da gücləndirmək əzmində olduqlarını bildiriblər: “İstərdik ki, yaxın zamanlarda bu əməkdaşlıq təşkilatdaxili ölkələrin Avropa Birliyinə bənzər vahid müdafiə və təhlükəsizlik, vahid xarici siyasət və uzaq olmayan perspektivdə də vahid valyuta mexanizmlərinin yaradılması istiqamətində fəaliyyətlə genişlənsin”.
Komitə sədri Zirvə görüşünün nəticələrinə də diqqəti yönəldib: “Üzv dövlətlər arasında qarşılıqlı anlaşma, ortaq gələcəyə yardım məqsədilə mədəni və humanitar əlaqələrin gücləndirilməsi, gənclərlə bağlı məsələlərdə, idman, mədəni irsin qorunması sahələrində əməkdaşlığın genişləndirilməsi, müştərək mədəni və ümumbəşəri dəyərlərin rəmzi olan Novruz bayramını Türk xalqlarının ortaq dəyəri kimi gələcək nəsillərə ötürülməsi və Azərbaycan Prezidentinin təşəbbüsü ilə irəli sürülən və Türkiyə dövlət başçısı tərəfindən dəstəklənən bu bayramın Təşkilat çərçivəsində qeyd olunması barədə Katibliyə tapşırıq verilməsi görüşün əlamətdar nəticələrindəndir. Bu görüşün əhəmiyyətli nəticələrindən biri də Qazaxıstan Prezidenti K.Tokayevin Türk Dövlətləri Təşkilatının daimi nümayəndəliyinin Qazaxıstanda yaradılacağını bəyan etməsi oldu. Bu, təqdirəlayiq bir təşəbbüsdür. Çünki hər il keçirilən rəsmi və qeyri-rəsmi zirvə görüşlərlə yanaşı, belə bir daimi strukturun fəaliyyət göstərməsi ümumi işin xeyrinə olardı. Mən hesab edirəm ki, bu kimi nümayəndəliklər yalnız bir ölkədə deyil, digər üzv dövlətlərdə, o cümlədən Azərbaycanda da yaradılmalıdır. Belə bir nümayəndəliklərin fəaliyyət göstərməsi, qəbul olunan qərarların il ərzində həyata keçirilməsinin sistematikliyini və ardıcıllığını təmin etmiş olar”.
Deputat Fazil Mustafa Türk Dövlətləri Təşkilatı üzvləri arasında əməkdaşlığın getdikcə daha da güclənəcəyinə və nüfuzlu beynəlxalq quruma çevriləcəyiniğə inandığını bildirib: “Əminəm ki, Türk Dövlətləri Təşkilatının çox böyük gələcəyi var. Təşkilatı daha yüksək pilləyə qaldırmaq üçün ortaq səylər lazımdır. Bu baxımdan Azərbaycan öz üzərinə düşən vəzifənin öhdəsindən uğurla gəlir. Əslində, təşkilatın ən aparıcı ölkəsi, elə Azərbaycandır. Təşkilatdaxili inteqrasiya və əməkdaşlığın genişlənməsi üçün edilən təşəbbüslərin, həyata keçirilən layihələrin bir çoxu məhz Azərbaycan tərəfindən irəli sürülür. Ölkə başçısı çıxışında qeyd etdiyi kimi Azərbaycan təşkilata üzv ölkələrdə müxtəlif iqtisadi proqramların həyata keçirilməsində fəal iştirak etməklə bu illər ərzində 20 milyard dollardan çox həmin ölkələrə vəsait qoyub. Biz birliyi bundan sonra daha da gücləndirməklə Türk Dövlətləri Təşkilatını dünya miqyasında nüfuzlu güc mərkəzinə çevirə bilərik”.
Millət vəkili deyib ki, bu birlik strateji cəhətdən vacib addımların atılmasında böyük rol oynayacaq: “Türk Dövlətləri Təşkilatına üzv ölkələr biri-biri ilə əlaqələrini günü-gündən gücləndirməlidir. Artıq qlobal inteqrasiya yerinə regional inteqrasiya daha çox əhəmiyyət kəsb etməyə başlayıb və bizim də üstünlüyümüz ondadır ki, eyni kökdən, eyni dildən gələn və eyni dinə sahib olan çoxsaylı dövlətlərin birliyinə malikik. Bu birlik daha səmimi, daha etibarlı, daha perspektivlidir və birgə səylərimiz hesabına gələcəkdə daha da güclənəcək”.
İlk şərhi yaza bilərsiniz