BAYRAQDAR MEDİA – Kənd Təsərrüfatı Nazirliyi (KTN) və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə işğaldan azad edilmiş ərazilərdə yerləşən yaylaqlara köç edəcək fermerlər üçün keçirilən mina təhlükəsizliyi təlimləri başa çatıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya KTN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “təlimlər Füzuli rayonu, Sumqayıt və Gəncə şəhərlərində təşkil olunub. 9 aprel tarixində başlayan sessiyalara 23 may tarixində Gəncə şəhərində yekun vurulub. 2025-ci il yaylaq mövsümü ərəfəsində ümumilikdə 12 mina təhlükəsizliyi təlimi keçirilib. Son təlimlər Azərbaycan Dövlət Aqrar Universitetinin akt zalında baş tutub. ANAMA-nın mütəxəssisləri tərəfindən aparılan sessiyalarda azad olunmuş ərazilərdə davranış qaydaları, mina və partlamamış sursatların tanınması, təhlükələrin qarşısının alınması və şübhəli ərazilərdə düzgün hərəkət prinsipləri haqqında ətraflı məlumat verilib. Təlimlərdə iştirak edən fermerlərə müxtəlif növ sursat nümunələri göstərilib, vizual tanıma üçün praktik materiallar təqdim olunub. Həmçinin maarifləndirici təlimat kitabçaları, broşürlər, plakatlar paylanılıb”.
Sonra xəbərdə, “təlimləri uğurla başa vuran fermerlər, işğaldan azad edilmiş yaylaq ərazilərində fəaliyyət göstərə bilmələri üçün davranış qaydalarına dair iltizamnamə imzalayıblar. Bu sənədi imzalamış fermerlər yalnız bundan sonra yaylaqlara köç prosesində iştirak edə biləcəklər. Tədbirlərə Kəlbəcər və Laçın yaylaqlarında mövsüm keçirməyi planlaşdıran 4 min 276 fermer qatılıb. Təlimləri uğurla tamamlayan fermerlərin bir hissəsinə artıq azad olunmuş ərazilərə daxil olmaq üçün uzunmüddətli icazələr təqdim olunub. Hazırda fermerlərin yaylaqlara köçü mərhələli şəkildə davam edir” deyə bildirilir.
İlk şərhi yaza bilərsiniz