BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru Prof. Ceyran Mahmudovanın başçılığı ilə ADMİU-nun Beynəlxalq əlaqələr üzrə prorektor, Dos. Sevil Kərimova, rektorun tədrisdə innovasiyalar üzrə müşaviri, Prof. Validə Məmmədova, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Sitarə Abdullayeva, Dram rejissoru və səhnə plastikası kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, Prof. İsrafil İsrafilov, müəllimlər Mikayıl Mikayılov, Ruslan İsmayılov və iştirakçı tələbələrdən ibarət nümayəndə heyəti 20-22 may tarixlərində keçirilən “Türk dünyası” III Beynəlxalq Tələbə Teatrları Festivalında iştirak ediblər.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ADMİU-nun mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “Festivalın təşkilatçısı Qazaxıstanın Temirbek Jürgenov adına Qazax Milli İncəsənət Akademiyasıdır. Tədbir Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinin dəstəyi və TÜRKSOY-un təşəbbüsü ilə təşkil olunub. Festivalda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistandan olan gənci stedadlar iştirak ediblər. Mayın 20-də öncə Abay adına Opera və Balet Teatrının Ermek Serkebayev adına Kamera Zalında KİV üçün mətbuat konfransı, sonra isə festivalın rəsmi açılış mərasimi keçirilib. Mətbuat konfransında TÜRKSOY-un Baş katibi Sultan Raev, C.Mahmudova və festivalda iştirak edən digər beş təhsil müəssisəsinin rektorları iştirake diblər. Səfər çərçivəsində Temirbek Jürgenov adına Qazax Milli İncəsənət Akademiyası ilə ADMİU arasında rəsmi görüş olub və iki tərəfli əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumu hər iki ali təhsil müəssisəsinin rektorları imzalayıblar”.
Sonra xəbərdə, “müqaviləyə əsasən, təhsil və incəsənət sahələrində birgə layihələr, akademik mobillik, ikili diplom proqramı, müəllim və tələbələrin təcrübə mübadiləsi, yaradıcılıq görüşləri və elmi əlaqələrin inkişafı nəzərdə tutulur. Festivalda Azərbaycanı ADMİU-nun SABAH qrupları Aktyor sənəti ixtisası III kurs tələbələri təmsil ediblər. Onlar mayın 22-də Vilyam Şekspirin “Yay gecəsində yuxu” tamaşası ilə səhnəyə çıxıblar” deyə bildirilir.
SABAH qrupları Aktyor sənəti ixtisası III kurs tələbəsi Rahib Allahquliyev Festivalın “Ən yaxşı kişi rolu” nominasiyasının qalibi olub. Tələbə öz sevincini və festivalla bağlı təəssüratlarını bölüşüb: “Türk dünyası” III Beynəlxalq Tələbə Teatrları Festivalı bizim üçün ən unudulmaz hadisələrdən biri oldu. Bu günlər ərzində biz ustad dərsləri keçdik, Qazaxıstanın sənət dünyası ilə yaxından tanış olduq, müxtəlif türk ölkələrindən gələn tələbələrin tamaşalarına baxdıq. Bütün bunlar bizim üçün böyük təcrübə oldu. Düşünürəm ki, burada öyrəndiklərimiz bizim həm tələbə kimi bundan sonrakı tədrisimizdə, həm də gələcək karyeramızda çox kömək olacaq. Bizim festivalda təqdim etdiyimiz “Yay gecəsində yuxu” rok balladasında bizim bütün bacarıqlarımız-plastika, rəqs, aktyor sənəti, musiqi birləşmişdi. Mən əsərdə üç obraz canlandırırdım. Onlardan Pak obrazı daha zəngin, daha dinamik idi ki, mən bu obrazla bütün bacarıqlarımı nümayiş etdirə bilirdim. Bunun üçün kurs rəhbərim Mikayıl müəllimə və aktyor sənəti müəllimim Ruslan İsmayılova təşəkkür edirəm ki, bizim üzərimizdə çox çalışdılar, bizi yüksək səviyyədə həm tamaşaya, həm də obrazlarımıza hazırladılar. Onların zəhmətlərinin bəhrəsidir ki, mən festivalda “Ən yaxşı kişi rolu”na layiq görüldüm. Bizim üçün gözlənilməz və çox qürurlu an idi. Mükafatın təqdimatı üçün səhnəyə çıxanda Azərbaycan komandasının, xüsusən hörmətli rektorumuz Ceyran xanım Mahmudovanın gözlərindəki sevinci, həyəcanı görmək məni çox fərəhləndirdi, özümü daha da xoşbəxt hiss etdim. Bu bütün universitetimizin, ölkəmizin uğurudur. Bu uğura görə universitetimizin rəhbərliyinə, SABAH qruplarına və müəllimlərimə təşəkkür edirəm!”.
Xəbərdə həmçinin deyilir ki, “qeyd edək ki, kurs rəhbəri M.Mikayılov, aktyor sənəti müəllimi R.İsmayılovdur. Tamaşanın quruluşçu rejissoru M.Mikayılovdur. Tamaşanın plastik həlli Elnur İsmayılova məxsusdur. Həmçinin festival çərçivəsində ADMİU-nun nümayəndələri fəxri mükafatlara layiq görülüblər. Belə ki, C.Mahmudova incəsənət sahəsində mütəxəssislərin hazırlanmasında göstərdiyi böyük əməyə görə Qazax Milli İncəsənət Akademiyası tərəfindən qızıl medala layiq görülüb. V.Məmmədovaya Qazax Milli İncəsənət Akademiyası tərəfindən həm qızıl medal, həm də fəxri professor attestatı verilib”.
Eləcə də sözügedən festivalın münsiflər heyətinin üzvü İ.İsrafilov da incəsənət sahəsində mütəxəssislərin hazırlanmasında göstərdiyi böyük əməyə və festivalın münsiflər heyətində təmsil olunduğuna görə qızıl medalla təltif olunub.
İlk şərhi yaza bilərsiniz