BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “tədbirdə Milli Məclisin sədr müavini, AMEA-nın müxbir üzvü, Prof. Musa Qasımlı, Akademiyanın rəhbərliyi, professor-müəllim heyəti və kursantlar iştirak edib. Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi general-mayor Baba Salayev iştirakçıları 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılması Azərbaycanın milli dövlətçilik tarixinin parlaq səhifələrindən biridir. Bu tarixi gün Azərbaycanda böyük ehtiramla qeyd edilir. 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik respublikanın elan edilməsi imperiya əsarətində ağır məşəqqətlərə məruz qalmış Azərbaycan xalqının milli-azadlıq mübarizəsinin qanunauyğun nəticəsi, dərin tarixi kökləri olan milli dövlətçilik ənənələrinin davamı idi. Qarşısına müstəqil, azad və demokratik respublika olmaq kimi ülvi məqsəd qoymuş milli hökumət cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytarıb, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirib”.
Sonra xəbərdə, “yenidən müstəqilliyinə qovuşmuş Azərbaycan bu gün qüdrətli dövlətə, dünyada söz və nüfuz sahibinə çevrilib. Məhz xalqın təkidi və tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin Azərbaycanı parçalanmaqdan xilas etdiyini, dövlətçilik ənənələrinin qorunması üçün qətiyyətli tədbirlər gördüyünü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdiyini vurğulayan B.Salayev Ulu Öndərin əsasını qoyduğu mütərəqqi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi altında Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün tam bərpa olunduğunu diqqətə çatdırıb” deyə qeyd edilir.
Daha sonra tədbirdə çıxış edən M.Qasımlı Şərqdə ilk dünyəvi demokratik dövlət olan AXC-nin yaranma tarixinə nəzər salaraq qısa müddət ərzində əldə olunan nailiyyətlər və dövlət quruculuğu prosesində həyata keçirilən tədbirlərdən danışıb. Professor çıxışında Azərbaycanın müasir müstəqillik dövrünün keçdiyi inkişaf yolunda Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini xüsusilə vurğulayıb. Ulu Öndərin mütərəqqi siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinə diqqət çəkən MM-in sədr müavini ölkə iqtisadiyyatının sürətli və dinamik inkişafından, Azərbaycanın dünyada müstəqil xarici siyasət yürüdən nüfuzlu ölkə kimi tanınmasından, hərtərəfli inkişaf strategiyasının təsirlərindən də ətraflı bəhs edib.
İlk şərhi yaza bilərsiniz