Dursun Oğuz: TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün Macarıstanda keçirilməsi və qəbul edilən qərarın bir bəndinin məhz KKTC-yə həsr edilməsi dünyaya bir mesajdır
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) daxili işlər naziri Dursun Oğuz ötən həftə Bakıda səfərdə olub.
Səfər çərçivəsində məqam tapıb ondan həm bu səfərin məqsədi, həm də digər məsələlərlə bağlı suallara cavab aldıq.
Bu görüş olduqca məhsuldar keçdi
Beləliklə, KKTC daxili işlər naziri ilə geniş müsahibəni BAYRAQDAR MEDİA-nın oxucularına təqdim edirik. Öncə səfərin məqsədinin Türk Dövlətləri Təşkilatının (TDT) daxili işlər nazirlərinin ikinci görüşündə iştirak etmək olduğunu deyən nazir bildirdi ki, bu görüş olduqca məhsuldar keçdi: “Toplantıda bir sıra mühüm məsələlər, o cümlədən ayrı-ayrı dövlətləri və ümumilikdə Türk Dövlətləri Təşkilatının məkanına daxil olan coğrafiyanı təhdid edən cinayətlərə qarşı birgə mübarizə ilə bağlı müzakirələr apardıq. Mən də çıxışımda təşkilatlanmış cinayətkarlıqla mübarizə, narkotik və qaçaqmalçılıqla mübarizə, informasiya texnologiyaları sahəsində cinayətlərin qarşısının alınması və rəqəmsallaşma sahəsində TDT çərçivəsində əməkdaşlığın vacibliyindən bəhs etdim. KKTC olaraq bu mövzuların hər birini dəstəklədiyimizi bildirdim və nizamsız miqrasiya, insan alveri və miqrant qaçaqmalçılığı ilə bağlı bilik və təcrübə mübadiləsinin artırılmasının vacibliyini vurğuladım”.

“Ümumiyyətlə KKTC olaraq siz TDT çərçivəsində bu cür toplantılarda iştirak etmək cinayətkarlıqla birgə mübarizə baxımından hansı üstünlük verir” sualına gəlincə D.Oğuz dedi ki, bunun mühüm önəmi var: “Qeyd edim ki, KKTC Türkiyə ilə sıx əməkdaşlıq çərçivəsində nizamsız miqrasiyaya qarşı mübarizədə fiziki infrastruktur və normativ-hüquqi baza işlərini böyük ölçüdə tamamlamışıq. Bununla bağlı müvafiq sənədlər yaxın zamanda qüvvəyə minəcək və səmərəli şəkildə tətbiq olunacaq”.
Bu, qardaşlıq əlaqələrinin ən güclü göstəricisidir
Müsahibimiz, digər tərəfdən bu cür tədbirlərin Kıbrıs türkünün haqq səsinin dünyaya daha çox çatdırılması baxımından da önəm kəsb etdiyini dedi: “Bu, danılmaz bir həqiqətdir ki, Kıbrıs türkü türk dünyasının ayrılmaz bir parçasıdır. Bu istiqamətdə Azərbaycanın KKTC-yə göstərdiyi dəstək bizləri qürurlandırır. Ümumiyyətlə, ortaq dil, din, mədəniyyət və tarixdən qaynaqlanan güclü qardaşlıq bağları iki xalqı bir-birinə yaxınlaşdırır. KKTC Cümhurbaşqanı Ersin Tatarın Bakı və Şuşaya etdiyi səfərlərin yüksək səviyyədə qarşılanması bu qardaşlıq əlaqələrinin ən güclü göstəricisidir. Bu istiqamətdə göstərilən diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq edirəm. Cənab Prezident İlham Əliyevin “Biz həmişə kiprli qardaşlarımızın yanında olacağıq” sözləri KKTC xalqı tərəfindən böyük məmnuniyyətlə qarşılanıb. Bundan əlavə, 9 aprel 2025-ci ildə Prezident İlham Əliyevin ADA Universitetində söylədiyi “ŞKTC tanınana qədər Azərbaycan sizin yanınızdadır” bəyanatı tarixi bir dönüş nöqtəsidir”.
TDT türklərin ümididir
TDT-nin son vaxtlar daha mütəşəkkil və iddialı addımlar atmasının türk dünyası üçün önəminə dair suala isə nazir Dursun Oğuz aşağıdakı cavabı verdi: “TDT-nin institusional baxımdan güclənməsi azadlıq mübarizəsi aparan bütün türk icmaları üçün bir ümiddir. Hesab edirəm ki, “Türkün türkdən başqa dostu yoxdur” ifadəsi bu gün daha mənalı səslənir. Təbii ki, KKTC-nin TDT-də əsas üzv kimi yer alması Kıbrıs türklərinin bu böyük ailənin təbii bir parçası olduqlarını bir daha təsdiqləyəcək”.

Müsahibimiz qeyd etdi ki, bu, TDT üçün, ümumilikdə türk dünyası üçün də vacibdir: “Çünki Kuzey Kıbrıs türk dünyasının Akdenizə açılan qapısı, türk dünyasının etibarlı qalasıdır. Türk dünyası bu qalanı, bu qapını əldən verməməli, Kuzey Kıbrıs türkünü bundan sonra da tək buraxmamalıdır. Bunun da yolu dünyanın uzun illərdir bizə qarşı həyata keçirdiyi haqsız siyasətə sinə gərmək, bu siyasətə cavab olaraq, dediyim kimi, KKTC-nin Türk Dövlətləri Təşkilatının həqiqi üzv olunmasını təmin etməkdir. Biz əminik və inanırıq ki, Azərbaycanın və Türkiyənin dövlət başçılarının bu istiqamətdə fəaliyyətləri tezliklə öz müsbət nəticəsini verəcək. Bu isə hər bir Kıbrıs türkü üçün yeni bir səhifənin açılması demək olacaq”.
Dünya bu cinayətləri görməzdən gəldi
Nazir müsahibəsində Kıbrıs türkünün uzun illər soyqırımlarına, vəhşiliklər məruz qaldığını da dedi: “Bilirisiniz ki, Kıbrıs türrklər uzun illər müxtəlif soyqırımlara, terrora, vəhşiliklərə məruz qaldılar. Bizi adadan təmiz çıxarmaq üçün olmazın cinayətlər törədildi. Lakin dünya bu cinayətləri görməzdən gəldi. Bununla belə Kıbrıs türkü inanılmaz dirəniş göstərdi, türklüyünü və müsəlmanlığını əldən vermədi. Bu mübarizə, həmçinin Türkiyənin imdadımızıa çatması isə bizim tamamilə yox olmağımızın qarşını aldı”.

Dursun Oğuz bildirdi ki, “Kıbrıs Barış Hərəkatından sonra isə uzun müddət adada iki xalqın noral yaşamas və birgə idarəçiliyi üçün aparılan danışıqlarda səmimi şəkildə iştirak etdik. Əvəzində isə dünya birliyi yenə də rumlaırn yanında oldu. Bu gün də bu ədalətsizlik davam edir. Dünya birliyinin bu ədalətsizliyinə ən təsirli cavab KKTC-nin TDT-nin tamhüquqlu üzvü olması ola bilər”.
TDT-nin, ümumilikdə türk dünyasının KKTC-yə, Kıbrıs türklərinə sahib çıxmaq mesajı
“Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə qəbul edilən qərarda KKTC ilə bağlı məqam da öz əksini tapıb. Bunu necə dəyərləndirirsiniz” sualına gəlincə müsahibimiz dedi ki, bu, həm vacib, həm də tarixi addımdır: “Əvvəla ona görə ki, Macarıstan Avropa Birliyinin üzvüdür. TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün burada keçirilməsi və qəbul edilən qərarın bir bəndinin məhz KKTC-yə həsr edilməsi dünyaya bir mesajdır- TDT-nin, ümumilikdə türk dünyasının KKTC-yə, Kıbrıs türklərinə sahib çıxmaq mesajı. Bu qərar həm də son vaxtlar KKTC ətrafında ortaya çıxan xırda narahatlılqlara da son qoymuş oldu. Bir daha deyirəm ki, Beynəlxalq Türk Akademiyasında KKTC-yə müşahidəçi üzvlük statusunun verilməsi, özü də bu qərarın məhz Avropada qəbul edilməsi TDT-nin KKTC-nin yanında olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi”.
İlk şərhi yaza bilərsiniz