BAYRAQDAR MEDİA – İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəhbərliyi Xankəndi şəhərinə səfər edib. Səfər çərçivəsində Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərlinin rəhbərlik etdiyi nümayəndə heyəti Qarabağ Universitetinin rektoru Şahin Bayramovla görüşüb.
Bu barədə BAYRAQDAR MEDİA-ya DVX-dən məlumat verilib..
Bildirlib ki, “görüş zamanı Orxan Nəzərli Qarabağ Universitetinin mənəvi əhəmiyyəti, təhsil sahəsində mühüm mövqeyi və vergi mədəniyyətinin yüksəldilməsində potensial rolu barədə fikirlərini bölüşüb. Orxan Nəzərli Dövlət Vergi Xidmətinin təhsil müəssisələri ilə sıx əməkdaşlıq etdiyini vurğulayaraq, tədrisin cəmiyyətdə vergi orqanlarının real funksiyası barədə düzgün fikirlərin formalaşdırılmasında, biznes mühitində vergi öhdəliklərinə intizamı artırmaq və vergi ödəməyin sosial-iqtisadi əhəmiyyətini aşılamaq üçün bu biliklərin gənclərə və yeniyetmələrə düzgün çatdırılmasında əhəmiyyətini qeyd edib”.
Sonra Dövlət Vergi Xidməti və Qarabağ Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənəddə təlim və elmi-tədqiqat sahələrində əməkdaşlığın qurulması, ortaq layihələrin həyata keçirilməsi, tələbələrin inkişafına yönəlmiş fəaliyyətlərin təşkili və qarşılıqlı faydalı əlaqələrin gücləndirilməsi nəzərdə tutulur. Memoranduma əsasən, tərəflər təcrübə və bilik mübadiləsi aparmaqla qarşılıqlı maraq kəsb edən sahələrdə uğurlu və faydalı əməkdaşlığın qurulmasını təmin edəcəklər.
DVX rəhbərliyi Qarabağ Universitetində yaradılmış müasir tədris infrastrukturu ilə tanış olub, müəllim və tələbə heyəti ilə görüşüb. Universitetin rektoru Şahin Bayramov qonaqlara tələbələrin qəbulu ilə bağlı statistik göstəricilər barədə ətraflı məlumat verib. Qeyd edib ki, universitetin rəhbərliyi gənclərin regionun tələbatına uyğun yüksək ixtisaslı kadrlar kimi yetişdirilməsi istiqamətində Dövlət Vergi Xidmətinin timsalında müxtəlif təşkilat və qurumlarla faydalı əməkdaşlıqda maraqlıdır.
İlk şərhi yaza bilərsiniz