BAYRAQDAR MEDİA – İyunun 7-si saat 19:00-da Azərbaycan Milli Gənc Tamaşaçılar Teatrının “Artstudiya” teatr studiyasında Cəfər Cabbarlının “Solğun çiçəklər” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçiriləcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Teatrın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “birhissəli mistik faciə janrında olan tamaşanın bədii rəhbəri Əməkdar artist Nicat Kazımov, quruluşçu rejissoru Səbinə Məmmədzadə, quruluşçu rəssamları Elmira Üzeyirova, Təhminə Sadıqova, bəstəkarı isə Emil Elmanoğludur. Səhnə əsərində Əməkdar artist Leyli Vəliyeva, aktyorlar Ədalət Əbdülsəməd, Aygün Fətullayeva və Ümman Budaqov iştirak edirlər”.
Qeyd edək ki, C.Cabbarlının “Solğun çiçəklər” əsəri Saranın əmisi oğluna olan saf məhəbbətindən və Saranın analığı Gülnisənin, bacısı Pərinin ona qarşı olan amansızlığından, ögey münasibətindən bəhs edir. Şəxsi maraqları naminə əmisioğlu Bəhram tərəfindən atılan Saranın gələcəyə dair ən gözəl ümidləri də puça çıxır.
İlk şərhi yaza bilərsiniz