Prof. Dr. Haşim Şahin: Anadolu Universitetinin əsas məqsədi mənəvi dəyərlər üzərində qurulan bir türk birliyinə nail olmaqdır
BAYRAQDAR MEDİA – “Bu gün türk dünyasında bütün sahələrdə inteqrasiya hər keçən gün daha da dərinləşir. Təbii ki, bütün bu proseslərin kökündə ortaq mədəni və tarixi mirasımıza sahib çıxılması dayanır. Bu sahədə gələcəyimiz olan gənclərə də böyük ümidlər var”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl müsahibəsində Türkiyənin Anadolu Universitetində müəllimi, həmçinin Atatürk Dil, Tarix və Mədəniyyət Yüksək Qurumu – Atatürk Mədəniyyət Mərkəzinin Elmi Şurasının əsas üzvü Prof. Dr. Haşim Şahin deyib.
Xatırladaq ki, bir neçə gün öncə Bakıda səfərdə olan Prof. Dr. Haşim Şahin “Türk Dünyasi ve Pir-i Türkistan Yesevi, yolu ve mirasi” layihəsi çətçivəsində mayın 26-da Bakıda keçiriləcək elmi simpoziumda iştirak edib.
Onunla bu çərçivədə görüşüb bəzi suallara cavab aldıq. Həmin məqamlara keçməzdən öncə bildirək ki, Prof. Dr. Haşim Şahin 1978-ci ildə Bolunun Göynük rayonunda anadan olub. Ali təhsilini Eskişehirdə alıb. Magistr dərəcəsini Sakarya Universitetində, doktorluq dissertasiyasını isə Marmara Universitetində tamamlayıb. Doktorantura işi Osmanlı dövlətinin quruluşuna həsr olunub. Marmara Universitetində, Sakarya Universitetində və Anadolu Universitetində çalışıb. Fatih Sultan Mehmet Vəqf Universitetində, Milli Müdafiə Universitetində və Yeditepe Universitetində dəvətli müəllim kimi dərs deyib.

TÜBİTAK TR Dizin Sosial Elmlər Komitəsinin üzvü, Anadolu Universiteti Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri və Anadolu Universiteti rektor köməkçisi vəzifələrində çalışıb. Hazırda Anadolu Universitetində müəllimi və Atatürk Dil, Tarix və Mədəniyyət Yüksək Qurumu – Atatürk Mədəniyyət Mərkəzinin Elmi Şurasının əsas üzvüdür. Bir sıra tədqiqat əsərlərinin və məqalələrin müəllifidir. Türkiyənin bir çox televizilarında çıxışları olub, həmçinin hazırda Tarix TV-də yayımlanan “Qaliblər – Məğlublar”, “İslam Tarixindən Qeydlər” və “Osmanlı Hökmdarları” proqramlarına aparıcılıq edir.
Burada təhsil alan tələbələr bir-birləri ilə dərin əlaqələr qurur, qarşılıqlı münasibətlər formalaşdırırlar
Beləliklə, türk dünyasının gələcəyi olan gənclərlə bağlı sualı cavablandıran müsahibimiz dedi ki, əslində Anadolu Universitetinin Açıq Öyrətim Fakültəsi gənclərə bu yolda bir istiqamətverici rol oynayır: “Bu fakültə türk dünyası üçün bir körpü rolunu oynayır. Elə bir körpü ki, burada təhsil alan tələbələr, gənclər bir-birləri ilə dərin əlaqələr qurur, qarşılıqlı münasibətlər formalaşdırırlar. Bu da trk dünyasının daha da inteqrasiyasına müsbət təsir göstərir”.
Anadolu Universiteti bu istiqamətdə artıq konkret və uğurlu nəticələr əldə edib
Prof. Dr. Haşim Şahin, “bizim universitetin əsas məqsədi mənəvi dəyərlər üzərində qurulan bir türk birliyinə nail olmaqdır. Daha dəqiq desək, məqsədimiz ortaq təhsil proqramları çərçivəsində türk dünyası gənclərini bir araya gətirmək və onları ortaq ideyalar ətrafında formalaşdırmaqdır. Qeyd etmək istərdim ki, Anadolu Universiteti bu istiqamətdə artıq konkret və uğurlu nəticələr əldə edib. Açıq Öyrətim Fakültəsi bu gün türkcə danışan ölkələr arasında mənəvi və təhsil körpüsünə çevrilib”.
Bu, sadəcə olaraq bir təhsil layihəsi deyil
Müsahibimiz vurğulayıb ki, bu, sadəcə olaraq bir təhsil layihəsi deyil: “Bu, türk dünyasını bir vahid, bütöv sistem kimi görmək yolunda atılmış uğurlu bir addımdır. Biz artıq bunun nəticələrini görürük. Söhbət yalnız fakültənin müxtəlif ölkələrdə təmsil olunmasından yox, eyni zamanda burada təhsil alan gənclərin türk dünyasının gələcəyinə xidmət etmək niyyəti ilə yetişməsindən gedir.
Bundan başqa, son 10-15 ildə türk dövlətləri arasında həyata keçirilən tələbə mübadiləsi proqramları da bu birliyin gücləndirilməsində mühüm rol oynayır. Hesab edirəm ki, bu proqramlar türk dünyasının ortaq gələcəyinə xidmət edən savadlı və şüurlu gənclərin formalaşmasında böyük rol oynayır”.
İlk şərhi yaza bilərsiniz