Türkiyə-Azərbaycan Media Platforması çərçivəsində bir sıra komitələrin yaradılması planlaşdırılır
BAYRAQDAR MEDİA – “Türkiyə-Azərbaycan Media Platforması iki qardaş ölkənin media qurumları arasında bağların daha da gücləndirilməsi üçün mühüm sənəddir. Bu sənəd bizə bir çox sahələrdə birgə addımlar atmağa, həmçinin “bir millət iki dövlət” fəlsəfəsindən irəli gələrək dövlət və milli maraqların müdafiəsi üçün birgə addımlamağa imkan verir”.

Bunu Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Dr. Alptekin Cihangir İşbilir iyunun 2-də Bakıda Türkiyə-Azərbaycan Media Platforması çərçivəsində “Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilən toplantı zamanı bildirdi.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Sosial Tədqiqatlar Mərkəzinin (STM) və Türkiyə Cümhurbaşqanlığı İletişim Başqanlığının Bakı Mətbuat Müşavirliyinin təşkilatçılığı ilə keçirilən toplantıda media sahəsində analitiklər və köşə yazarlarının bir qismi bir araya gəlmişdi.
Zahid Oruc: Media iki qardaş ölkə arasında bağların daha da güclənməsi üçün mühüm rol oynayır
Səhər yeməyi formatında təşkil edilən toplantını giriş sözü ilə açan Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc belə görüşlərin vacib olduğunu dedi.

O, medianın iki qardaş ölkə arasında bağların daha da güclənməsi üçün mühüm rol oynadığını bildirdi. Z.Oruc, həmçinin ortaya çıxan probelmlərin çevik həlli istiqamətində atılan addımlarda medianın üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd etdi.
Dr. Alptekin Cihangir İşbilir: Azərbaycan-Türkiyə Media Platforması çərçivəsində əlaqələrin gücləndirilməsi üçün davamlı addımlar atılır
Öz növbəsində Dr. Alptekin Cihangir İşbilir vurğuladı ki, bu gün dünyaya nümunə olan Türkiyə-Azərbaycan qardaşlığı, iki ölkə arasındakı əlaqələr bütün sahələri əhatə edir.

Müşavir dedi ki, bu istiqamətdə atılan addımlarda hər iki ölkənin mediasının da üzərinə mühüm vəzifələr düşür: “Heş şübhəsiz ki, bu baxımdan Azərbaycan-Türkiyə Media Platforması çərçivəsində əlaqələrin gücləndirilməsi üçün davamlı addımlar atılır”.
Təklif və fikirlər səsləndirildi
Daha sonra tədbirdə media sahəsində əməkdaşlıq perspektivləri və informasiya təhlükəsizliyi məsələləri müzakirə edildi, təklif və fikirlər səsləndirildi.

Toplantıda, eyni zamanda Türkiyə-Azərbaycan Media Platforması çərçivəsində bir sıra komitələrin yaradılmasının planlaşdırıldığı qeyd edildi.
Bununla bağlı məlumat verən Dr. Alptekin Cihangir İşbilirin sözlərinə görə, bu komitələrdən birincisi ictimai diplomatiya mexanizmi ilə bağlı olacaq: “Bu mexanizm yalnız Türkiyə və Azərbaycana deyil, eyni zamanda digər türk dövlətlərinə də fayda verəcək. Bu komitənin fəaliyyət mexanizminə dezinformasiyaya qarşı mübarizədən tutmuş incəsənət və mədəniyyətin tanıdılmasına qədər bir çox sahə daxil olacaq. Bundan başqa beynəlxalq əməkdaşlıq, strateji əlaqələr və rəqəmsallaşma ilə bağlı komitələrin də yaradılması nəzərdə tutulub”.
Görüş xatirə fotosunun çəkdirilməsi ilə başa çatdı.
İlk şərhi yaza bilərsiniz