BAYRAQDAR MEDİA – Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri, polkovnik Mehdi Mehdiyevi 60 illik yubileyi ilə bağlı təbrik edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Komitədən məlumat verilib.
Məlumata görə, Komitə sədri yubiley münasibətilə Mehdi Mehdiyevə ünvanladığı məktubda onun bu ilki yubileyinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyinin bərpası, işğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdış”ın uğurla icrasının sevinc və qüruru içində keçirildiyini qeyd edib.
Məktubda, həmçinin “Siz hərbçi, müharibə veteranı, ictimai xadim və vətəndaş olaraq şərəfli, məsuliyyətli həyat yolu keçmiş, Əfqanıstandan Qarabağadək uzanan ağır və çətin xidmət illərində öz mətinliyinizlə seçilmisiniz. Siz həm də şəhid ailəsinin bir üzvü, iki müharibənin iştirakçısı, minlərlə döyüşçü taleyini dərindən anlayan bir insan olaraq, 2001-ci ildən etibarən Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinə rəhbərlik edir, təşkilatlanma, hüquqi dəstək və vətəndaş həmrəyliyi yönündə çalışırsınız” deyə qeyd edilib.
Məktubda daha sonra deyilir: “İctimai birliklər və müharibə veteranları ilə əməkdaşlıq sahəsində sizin kimi məsuliyyətli, təşəbbüskar və prinsipial vətəndaş cəmiyyəti təmsilçilərinin mövcudluğu bu sahənin inkişafına töhfədir. Əminəm ki, bundan sonra da müharibə iştirakçılarının, şəhid ailələrinin hüquq və maraqlarının müdafiəsi sahəsindəki fəaliyyətinizi yüksək vətəndaş məsuliyyəti ilə davam etdirəcəksiniz. Yubileyiniz münasibətilə Sizi bir daha təbrik edir, uğurlar arzulayıram”.
İlk şərhi yaza bilərsiniz