BAYRAQDAR MEDİA – İyunun 2-də Qarabağ Universitetində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində təhsil və dövlət-özəl tərəfdaşlığının inkişafını təşviq etmək məqsədi daşıyan “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” keçirilir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “Forum “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ilə ETN və İqtisadiyyat Nazirliyinin tərəfdaşlığı, Qarabağ Dirçəliş Fondu, Təhsilin İnkişafı Fondu, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə keçirilir. Forumda dövlət qurumlarının nümayəndələri, bölgədə yerləşən xüsusi nümayəndəliklərin heyəti, özəl sektor təmsilçiləri, Qarabağ Universitetinin professor-müəllim heyəti olmaqla, 200-dən çox iştirakçı yer alır”.
Sonra xəbərdə, “Forumun açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov və Qarabağ Universitetinin rektoru Şahin Bayramov çıxış ediblər. Forum çərçivəsində fərqli sektorları təmsil edən qurum və şirkətlər Qarabağ Universitetində təhsil alan tələbələr üçün “Qarabağ təqaüd proqramı”nı təsis etmək öhdəliyini üzərlərinə götürüblər. Bildirilib ki, təqaüd proqramı bölgədə insan kapitalının formalaşdırılmasına xidmət etməklə yanaşı, sosial həssas qruplara dəstək göstərməyi və akademik nailiyyətləri yüksək olan tələbələrin motivasiyasını artırmağı hədəfləyir”.
Forum çərçivəsində “Böyük Qayıdış: çağırışlar və imkanlar” və “Qarabağda dövlət-özəl tərəfdaşlığı imkanları” mövzularına həsr olunmuş panellərin keçirilməsi nəzərdə tutulub.
Forum hazırda işini panellərlə davam etdirir.
İlk şərhi yaza bilərsiniz