Press "Enter" to skip to content

Laçında “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin təntənəli açılışı

Laçında “MDB-nin mədəniyyət paytaxtı - 2025” ilinin təntənəli açılışı

BAYRAQDAR MEDİA – İyunun 3-də Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin təntənəli açılış mərasimi keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “tədbir Mədəniyyət Nazirliyi və Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə gerçəkləşib. Açılış mərasimində Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Adil Kərimli, Rusiya Prezidentinin beynəlxalq mədəni əlaqələr üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, MDB baş katibinin müavini Nurlan Seytimov, Laçın rayonunda Prezidentin xüsusi nümayəndəsi Məsim Məmmədov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, MDB Ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu İdarə Heyətinin sədri Polad Bülbüloğlu, birliyə üzv digər ölkələrdən rəsmilər, mədəniyyət və elm xadimləri, media mənsubları iştirak ediblər”.

Sonra xəbərdə, “A.Kərimli çıxış edərək tədbir iştirakçılarını salamlayıb. Bildirib ki, MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Laçın şəhəri birliyin “mədəniyyət paytaxtı” elan edilib, “Paytaxt ili” ilə bağlı geniş tədbirlər planı hazırlanıb: “Bu qərar bizim üçün böyük sosial-mədəni əhəmiyyət kəsb edir və işğaldan azad olunmuş Azərbaycan ərazilərinin mədəni və iqtisadi dirçəliş prosesində beynəlxalq ictimaiyyətin dəstəyinin və həmrəyliyinin bariz təzahürüdür”. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş bütün ərazilərdə, o cümlədən Laçın rayonunda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Həmin ərazilərdə işğal zamanı dağıdılıb talan edilmiş tarixi-mədəni irsin bərpası da diqqətdə saxlanılır” deyə qeyd olunur.

Xəbərdə eləcə də bildirilir ki, “N.Seytimov, P.Bülbüloğlu, M.Şvıdkoy və M.Məmmədov çıxış ediblər. M.Şvıdkoy Laçın şəhərinin MDB-nin “mədəniyyət paytaxtı” elan olunması ilə bağlı sertifikatı M.Məmmədova təqdim edib. Sonra Laçın rayonu ilə bağlı videoçarx nümayiş etdirilib. Videomaterialda Laçının işğal zamanı məruz qaldığı dağıntıların görüntüləri, həmçinin işğaldan azad olunduqdan sonra rayonda həyata keçirilən bərpa və quruculuq işlərini əks etdirən kadrlar yer alıb”.

Açılış mərasiminin sonunda musiqi nömrələri təqdim olunub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.