Press "Enter" to skip to content

Nazir Bakı Enerji Forumunda çıxış edib

Pərviz Şahbazov

BAYRAQDAR MEDİA – Energetika naziri Pərviz Şahbazov Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Bakı Enerji Forumunda “Dayanıqlı və davamlı enerji gələcəyi naminə qlobal əməkdaşlıq” mövzusunda plenar sessiyada çıxış edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyindən məlumat verilib.

Məlumata görə, çıxışda qeyd edilib ki, son 30 il ərzində bu platforma Ulu Öndər Heydər Əliyevin dayanıqlı enerji müstəqilliyi və enerji təhlükəsizliyinə yönəlmiş, diversifikasiya, əməkdaşlıq və uzaqgörən planlaşdırmaya əsaslanan siyasətinin müdrikliyinə, yalnız neft-təbii qazın deyil, həm də “yaşıl enerji” layihələrinin inkişafına və beynəlxalq əməkdaşlığın əhatə dairəsinin genişlənməsinə şahidlik edib: “Xəzər dənizini beynəlxalq enerji bazarları ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Cənub Qaz Dəhlizi kimi strateji layihələr sayəsində Azərbaycan bu gün neftini 25, təbii qazını isə 12 ölkəyə uğurla ixrac edir”.

Məlumata görə, 2024-cü ildə Azərbaycanın neft ixracının 75 faizdən çoxunun, təbii qaz tədarükünün isə 51 faizinin Avropa ölkələrinə yönəldiyini vurğulayan nazir bildirib ki, qısa müddət ərzində boru kəməri ilə qaz nəqlinin coğrafi əhatəsinə görə dünyada qabaqcıl mövqe tutan Azərbaycan, Avropa Birliyinin boru kəməri ilə nəql olunan qazın həcminə görə 7 faiz payla dördüncü təchizatçıdır: “Bu bir daha təsdiq edir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bütün növ enerji resurslarına rasional və balanslaşdırılmış yanaşması, eləcə də ixrac infrastrukturunun inkişafına yönəlmiş qətiyyətli siyasəti ölkəmizin müasir enerji xəritəsində strateji mövqeyini möhkəmləndirərək, qeyri-sabit bir dünyada etibarlı enerji təhlükəsizliyinin nümunəvi modelini formalaşdırmışdır”.

Nazir çıxışında digər vacib məqamlara da toxunub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.