BAYRAQDAR MEDİA – İyunun 2-də Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində (QU) Azərbaycanın işğaldan azad edilmiş ərazilərində təhsil və dövlət-özəl tərəfdaşlığının inkişafını təşviq etmək məqsədi daşıyan “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə diqqətə çatdırılır ki, “Forum “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ilə ETN və İqtisadiyyat Nazirliyinin (İN) tərəfdaşlığı, Qarabağ Dirçəliş Fondu (QDF), Təhsilin İnkişafı Fondu (TİF), Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) və QU-nun birgə təşkilatçılığı ilə keçirilib. Qarabağın bərpası və inkişafında bütün tərəflərin koordinasiyalı fəaliyyətinin vacibliyini bir daha gündəmə gətirən tədbirdə dövlət qurumlarının nümayəndələri, bölgədə yerləşən xüsusi nümayəndəliklərin heyəti, özəl sektor təmsilçiləri, QU-nun professor-müəllim heyəti olmaqla, 200-dən çox iştirakçı yer alıb”.
Sonra xəbərdə, “Forumun açılış mərasimində QU-nun rektoru Şahin Bayramov tədbirin iştirakçılarını salamlayaraq giriş nitqi ilə çıxış edib. Daha sonra elm və təhsil naziri Emin Əmrullayev və Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov çıxış edərək Qarabağ bölgəsində təhsilin inkişafı, insan kapitalının gücləndirilməsi və dövlət-özəl sektor əməkdaşlığının strateji əhəmiyyəti barədə bir sıra mühüm fikirlər səsləndiriblər. Fərqli sektorları təmsil edən qurumlar və şirkətlərlə TİF arasında “Qarabağ Təqaüd Proqramı”nın təsis olunması haqqında əməkdaşlıq memorandumunun imzalanması Forumun əsas nəticələrindən biri olub. Burada əsas məqsəd regionun sosial-iqtisadi inkişafına töhfə vermək, dövlət-özəl sektor əməkdaşlığını gücləndirmək, eləcə də gəncləri Qarabağa yönləndirmək və regiona olan marağı artırmaq, tələbələrə maddi dəstək göstərmək, onların akademik və peşəkar inkişafını təşviq etməkdir” deyə qeyd olunur.
Xəbərdə eləcə də deyilir ki, “Memoranduma əsasən, QDF, Veysəloğlu Şirkətlər Qrupu, Azərbaycan Beynəlxalq Bankı (ABB), “Kapital Bank” ASC, ATİAHİ, “McDonald’s Azərbaycan” QSC QU-da təhsil alan tələbələr üçün təqaüd proqramı təsis etmək öhdəliyini üzərlərinə götürüb. Bununla yanaşı, “PSG Capital” İnvestisiya şirkəti, ASELSAN şirkəti, “GEN ilaç” şirkəti, “LANDAU School” məktəb kompleksi, Hədəf Şirkətlər Qrupu, Çaşıoğlu şirkəti, İnci Şirkətlər Qrupu, “Code Academy”, Bakı Dizayn Akademiyası və TUNA şirkəti də tələbələrə təqaüd ayıraraq bu təşəbbüsə öz töhfələrini verəcəklər. Burada əsas məqsəd regionun sosial-iqtisadi inkişafına töhfə vermək, dövlət-özəl sektor əməkdaşlığını gücləndirmək, eləcə də gəncləri Qarabağa yönləndirmək və regiona olan marağı artırmaq, tələbələrə maddi dəstək göstərmək, onların akademik və peşəkar inkişafını təşviq etməkdir. Təqaüd proqramı bölgədə insan kapitalının formalaşdırılmasına xidmət etməklə yanaşı, sosial həssas qruplara dəstək göstərməyi və akademik nailiyyətləri yüksək olan tələbələrin motivasiyasını artırmağı hədəfləyir”.
Daha sonra Forum çərçivəsində peşəkar moderator və spikerlərin iştirakı ilə iki fərqli mövzu üzrə panel müzakirəsi təşkil olunub.
TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibovun moderatorluğu ilə keçirilən “Böyük Qayıdış: çağırışlar və imkanlar” adlı I paneldə E.Əmrullayev, E.Yusubov, QDF-in İdarə Heyətinin sədri Rəhman Hacıyev və Ş.Bayramov spiker qismində çıxış edərək bölgənin yenidən qurulması və insan resurslarının inkişafı məsələlərinə toxunublar.
II panel isə “Qarabağda dövlət-özəl tərəfdaşlığı imkanları” mövzusuna həsr olunub. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmovun moderator qismində çıxış etdiyi paneldə “Veysəloğlu” Şirkətlər Qrupunun təsisçisi və Baş icraçı direktoru Aydın Talıbov, ABB-nin İdarə Heyətinin sədrinin müavini Taleh Tahirli, “Kapital Bank” ASC-nin İdarə Heyətinin üzvü Fərid Hidayətzadə, ATİAHİ -nin sədri Araz Paşayev bölgədə dövlət-özəl tərəfdaşlığının perspektivləri və qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Forum QU-nun müəllim-tələbə heyətinin ifasında milli musiqilərimizin səsləndirildiyi bədii hissə ilə başa çatıb.
İlk şərhi yaza bilərsiniz