Akif Başoğlu: “Gənc MÜSİAD Azərbaycan” olaraq ən əsas hədəfimiz gənclərimizi sahibkarlıq ruhu ilə tanış etmək, onları iş dünyasına hazırlamaq və Türkiyə ilə Azərbaycan arasındakı iqtisadi əlaqələri gənc nəsil vasitəsilə daha da gücləndirməkdir
BAYRAQDAR MEDİA – Bu gün Azərbaycanda Türkiyə iş adamlarını bir araya gətirən bir sıra birliklər var. Onlar içərisində MÜSİAD Azərbaycan həm də gənc iş adamlarına xüsusi diqqət ayırması ilə fərqlənir. Belə ki, bu təşkilatın nəzdində fəaliyyət göstərən “Gənc MÜSAİD Azərbaycan” gənc iş adamları və gənclərlə fəal iş aparır.
Elə “Gənc MÜSAİD Azərbaycan”ın rəhbəri Akif Başoğlunun BAYRAQDAR MEDİA-ya özəl müsahibəsində də həm bu, həm də digər məqamlardan bəhs edilib.
Bu sahəyə həmişə maraq göstərmişəm
Öncə onu deyək ki, 1999-cu ildə Türkiyənin Konya vilayətinin Akşehir rayonunda dünyaya gələn Akif Başoğlu orta təhsilini Türkiyədə başa vuraraq, ali təhsil üçün Türkiyədən Azərbaycana gəlib.

Bununla bağlı suala cavabında A.Başoğlu aşağıdakıları bildirdi: “Ailəm bir neçə nəsildir tikinti sahəsi ilə məşğul olduğuna görə mən də tikinti işi ilə iç-içə böyümüşəm və bu sahəyə həmişə maraq göstərmişəm. Universitetdə Memarlıq fakültəsini seçməyimə də uşaqlıqdan başlayan və davam edən memarlığa olan marağım, həvəsim təsirli olmuşdur. Peşəmi sevərək icra edirəm. Yaratmağı, yeni və fərqli bir şeylər ortaya qoymağı sevirəm”.
Universiteti bitirdikdən dərhal sonra peşəmlə bağlı iş həyatına başladım
Müsahibimiz, həmçinin “Buna görə də universiteti bitirdikdən dərhal sonra peşəmlə bağlı iş həyatına başladım. Həm tikinti işlərinin tətbiqi, həm də layihələndirmə sahəsində xalqımıza xidmət etməyə davam edirəm. Bu torpaqlardan aldığım bilik və qazandığım təcrübələri bu torpaqlara olan vəfa borcu olaraq xalqımıza xidmət kimi geri qaytarıram. Fəaliyyətimlə bağlı aldığım müsbət rəylər etdiklərimin doğru və gözəl olduğunu göstərməklə yanaşı, mənə daha gözəllərini etməyə ruh və güc verir” dedi.
Gənc MÜSİAD Azərbaycan mənim üçün önəmli bir bələdçi oldu
Azərbaycana ilk dəfə nə zaman gəldiyinə dair suala cavabında A.Başoğlu aşağıdakıları qeyd etdi: “2018-ci ildə ali təhsil almaq məqsədilə Azərbaycan Memarlıq və İnşaat Universitetinə gəldim. Hər nə qədər bu başlanğıc tələbə statusunda olsa da, zamanla müşahidələrim və təcrübələrim artdı. Bu da məndə bir iş görmək qətiyyətinə çevrildi. Bu müddət ərzində Gənc MÜSİAD Azərbaycan mənim üçün önəmli bir bələdçi oldu. Bakalavr təhsilimi yüksək nəticə ilə tamamladıqdan sonra magistr təhsilimi də Azərbaycanda başa vurdum. Hazırda memarlıq sahəsində çalışıram. 2024-cü ilin əvvəlindən etibarən Gənc MÜSİAD Azərbaycan rəhbərliyi vəzifəsini icra edirəm”.
AZTÜRKBİR güclü bir platformadır
Onun sözlərinə görə digər əhəmiyyətli addım isə, 2021-ci ildə MÜSİAD Azərbaycanın dəstəyi ilə qurulan AZTÜRKBİR – Azərbaycan Universitetlərində Təhsil Alan Türkiyə Respublikası Tələbələri Birliyidir: “Bu birliyin sədrliyini yerinə yetirirəm. Hazırda Azərbaycanda təxminən 4500 Türkiyə Cümhuriyyətinin vətəndaşı ali təhsil alır. AZTÜRKBİR, Azərbaycanda təhsil alan və Türkiyədən olan universitet tələbələrinin bir araya gəldiyi güclü bir platformadır. Birlik olaraq əsas məqsədimiz, tələbələrimizin Azərbaycandakı təhsil prosesini daha səmərəli hala gətirmək, onların mədəni inteqrasiyasını dəstəkləmək və eyni zamanda iş dünyası ilə olan əlaqələrini gücləndirməkdir”.
Biz yalnız ticarəti ön planda tutan bir qurum deyilik
“Gənc MÜSİAD Azərbaycan olaraq əsas hədəfləriniz nədir” sualına gəlincə, müsahibimiz dedi: “Gənc MÜSİAD Azərbaycan olaraq ən əsas hədəfimiz gənclərimizi sahibkarlıq ruhu ilə tanış etmək, onları iş dünyasına hazırlamaq və Türkiyə ilə Azərbaycan arasındakı iqtisadi əlaqələri gənc nəsil vasitəsilə daha da gücləndirməkdir. Biz yalnız ticarəti ön planda tutan bir qurum deyilik, eyni zamanda bir şüur, bir duruş və bir vizyon daşıyırıq. Məqsədimiz, Azərbaycandakı sahibkar gəncləri bir araya gətirərək güclü bir iş şəbəkəsi yaratmaq, onları həm yerli bazarda, həm də beynəlxalq aləmdə rəqabət edə biləcək səviyyəyə çatdırmaqdır. Bunun üçün təlimlər, mentorluq proqramları, iş inkişafı görüşləri və sektoral görüşlər təşkil edirik”.

“Bundan əlavə, Türkiyədəki Gənc MÜSİAD strukturu ilə yaxın təmasdayıq. Birgə layihələrlə iki qardaş ölkənin gənc iş adamlarını bir araya gətiririk. Bu sayədə yalnız iqtisadi deyil, mədəni və sosial mənada da güclü bağlar qururuq. Qısası, Gənc MÜSİAD Azərbaycan olaraq məqsədimiz milli və yerli dəyərlərə bağlı, qlobal düşünən, etik və davamlı iş modelləri inkişaf etdirən bir gənc iş adamı profili formalaşdırmaqdır” deyə müsahibimiz sonda əlavə etdi.
İlk şərhi yaza bilərsiniz