BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyi (FHN) səlahiyyətlərinə uyğun olaraq ölkə əhalisinin təhlükəsizliyinin təmin edilməsi, o cümlədən vətəndaşların fövqəladə hallarla bağlı davranış qaydaları barədə maarifləndirilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd olunur ki, “bu çərçivədə Nazirliyin regional mərkəzləri tərəfindən sel təhlükəli ərazilərdə yaşayan əhalinin xüsusilə yaz-yay fəsilləri üçün xarakterik olan sel-daşqın təhlükəsindən qorunması istiqamətində maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib. Növbəti belə maarifləndirmə tədbirləri Qarabağ Regional Mərkəzi tərəfindən Ağcabədi, Beyləqan və Tərtər rayonlarının, Şimal-qərb Regional Mərkəzi tərəfindən isə İsmayıllı rayonunun sel təhlükəli kəndlərində keçirilib”.
Yerli sakinlər, o cümlədən ictimai-iaşə obyektlərinin əməkdaşları ilə keçirilən görüşlərdə sel və daşqın təhlükəsindən qorunmağın yolları, bu təhlükə ilə üzləşdikdə davranış qaydaları barədə ətraflı məlumatlar verilib, mövzuya dair məlumatlandırıcı çap materialları paylanılıb.





