BAYRAQDAR MEDİA – İyunun 7-si saat 19:00-da Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının “Artstudiya” teatr studiyasında ölməz dramaturq Cəfər Cabbarlının “Solğun çiçəklər” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçirilib.
Tamaşaçılar tərəfindən böyük maraq və sevinclə qarşılanan səhnə əsərinin bədii rəhbəri Əməkdar artist Nicat Kazımov, quruluşçu rejissoru Səbinə Məmmədzadə, quruluşçu rəssamları Elmira Üzeyirova, Təhminə Sadıqova, bəstəkarı isə Emil Elmanoğludur.
Tamaşanın nümayişindən sonra S.Məmmədzadə fikirlərini BAYRAQDAR MEDİA ilə bölüşüb: “Mən rejissorluğu bitirmişəm, uzun illərdir aktyor kimi fəaliyyət göstərirəm. Amma Teatr Xadimləri İttifaqında və s. bir neçə işim olmuşdu. İlk dəfədir dövlət teatrında belə bir şans yarandı ki, mən o şansı dəyərləndirim və dəyərləndirdim. Bunun üçün Allaha şükür edirəm. Gənc Tamaşaçılar Teatrının nəzdində Artstudiya fəaliyyət göstərir. Mən də ora bir neçə pyeslə müraciət etmişdim, lakin içimdə bir hiss vardı ki, o, “Solğun çiçəklər” olsun. “Solğun çiçəklər”in ideyasını qurmuşdum və teatrımızın direktoru çox sayğıdəyər, hörmətli Naidə xanıma müraciət etdim, ideyanı dedim. “Solğun çiçəklər” həmişə klassik mövzuda qurulub, dedim minimalist, amma mistik bir obrazı birləşdirmək istəyirəm. Naidə xanım ideyanı bəyəndi. Mən öz eksplikasiyamı yazdım. Mənim üçün birinci mərhələ böyük tərəfdən rəy almaq idi. Tamaşa müddətində də qısa görüşlər olurdu. Yəni tərtibat, rəssam işi və s. ilə bağlı. Hər dəfə Naidə xanım bir işarə, cümlə deyirdi və o cümlə ilə beynimdəki ideya bir az da böyüyürdü. Bu, çox vacib bir şeydir. Çox xoşbəxtəm ki, ilk gündən aramızda o enerji bağı baş tutdu. Nəhayət, dünən premyeramız oldu, mən əməyi keçən hər kəsə təşəkkür edirəm, çox minnətdaram”.
Qeyd edək ki, birhissəli mistik faciə janrında hazırlanan tamaşada Əməkdar artist Leyli Vəliyeva, aktyorlar Ədalət Əbdülsəməd, Aygün Fətullayeva və Ümman Budaqov iştirak edirlər.
İlk şərhi yaza bilərsiniz