Press "Enter" to skip to content

Bu yola böyük hədəflərlə çıxmışıq

Tərlan Əvəzqızı

Tərlan Əvəzqızı: Daha böyük uğurlara imza atmaq, Azərbaycanın diaspor siyasətinə daha çox dəstək vermək üçün var gücümüzlə çalışırıq

BAYRAQDAR MEDİA – Zaman-zaman xaricdəki Azərbaycan diaspor təşkilatları daxilində yeniliklər edilir, bu istiqamətdə davamlı addımlar atılır. Bununla yanaşı, yeni diaspor təşkilatları yaranır, həmçinin, gənclər və qadınlarla bağlı yeniliklər müşahidə edilir. Bu baxımdan fərqlənən təşkilatlardan biri də ötən ilin aprelində yaranan İzmir Azərbaycan Dərnəyidir (İZAZDER). Qısa vaxtda bir sıra yeniliklərə imza atan İZAZDER, həmçinin qadınlara geniş meydan verilməsi ilə də fərqlənir. Məhz bunun nəticəsidir ki, bir yaşlı təşkilatın Qadınlar Komitəsi formalaşıb. Özü də təkcə formalaşmayıb, səmərəli və diqqət mərkəzində olan tədbirlərlə fərqlənməyi bacarıb.

Diasporla bağlı tədbirlərdən birindən xatirə fotosu
Diasporla bağlı tədbirlərdən birindən xatirə fotosu

Qeyd edək ki, İZAZDER-in Qadınlar Komitəsinin sədri Tərlan Əvəzqızı bir müddət öncə Bakıda səfərdə olub. Səfər zamanı fürsətdən istifadə edib BAYRAQDAR MEDİA üçün ondan bəzi suallara cavab ala bildik.

Mədəniyyət sahəsindən başlanan səmərəli fəaliyyət

Beləliklə, öncə onu vurğulayaq ki, ixtisasca rejissor, mədəniyyət işçisi, həmçinin pedaqoq olan Tərlan Əvəzqızı 1982-ci il avqustun 22-də Azərbaycanda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissor sənəti fakültəsini bitirib. Tələbəlik illərində Vahid Poeziya Evində redaktor, “Yaşıl Teatr”da təsərrüfat müdiri vəzifələrində çalışıb. 2005-ci ildən etibarən məzunu olduğu universitetin Musiqi Sənəti fakültəsində əmək fəaliyyətinə başlayıb, əvvəlcə laborant, daha sonra isə tyutor kimi fəaliyyətini davam etdirib.

İZAZDER rəhbərliyi
İZAZDER rəhbərliyi

T.Əvəzqızı 2014-cü ildə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Hüseyinqulu Sarabski adına Mədəniyyət Evində direktor vəzifəsinə təyin olunub. Bu dövr ərzində bir sıra fəxri fərmanlar, təşəkkürnamələr və təltiflərə layiq görülüb.

Türkiyəyə nə zaman getməsinə gəlincə, müsahibimiz aşağıdakıları dedi: “2018-ci ildən ailə vəziyyəti ilə əlaqədar olaraq Türkiyə Cümhuriyyətinə köçdüm. Əvvəl Manisa şəhərində yaşadım. Hazırda isə İzmir şəhərində yaşayıram. Bir qız övladım var – 14 yaşındadır”.

“Qardaş ölkədə mədəniyyətimizi tanıtmaq üçün uğurlu layihələrə imza atdıq”

Qeyd edək ki, Tərlan xanım qardaş ölkədə elə ilk gündən soydaşlarımızın bir araya gəlməsi üçün çalışıb: “Türkiyədəki həyat yolum Manisa şəhərindən başladı. Burada fəaliyyət göstərən Azərbaycan dərnəyinin fəal üzvü oldum və bir müddət xarici əlaqələr üzrə koordinator kimi fəaliyyət göstərdim. Beləliklə, bu müddət ərzində bir çox önəmli tədbirlərin təşkilinə töhfə verdik, mədəniyyətimizi tanıtmaq üçün uğurlu layihələrə imza atdıq. Sonradan İzmir şəhərinə köçdüm”.

İZAZDER-in Qadınlar Komitəsinin tədbirindən xatirə
İZAZDER-in Qadınlar Komitəsinin tədbirindən xatirə

Tərlan xanım dedi ki, qardaş ölkənin İzmir şəhərində ilk olaraq İzmir Valiliyinin nəzdində fəaliyyət göstərən İqtisad Konqre Mərkəzində səhnə rejissoru olaraq iş fəaliyyətinə başlayıb: “Paralel olaraq əsas məqsədim İzmir şəhərində yaşayan həmvətənlərimizi tanımaq, onlarla bir araya gəlmək və xüsusilə mədəniyyət sahəsində çalışan insanlarla ortaq layihələr həyata keçirmək idi. Bu istiqamətdə daim fəal və təşəbbüskar olmağa çalışdım. Bu şəhərdə diaspor siyasətində yaxindan iştirak etməyimdə İzmir Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Camal Mehmetxanoğlunun dəstəyini xüsusi olaraq qeyd etməliyəm”.

“Biz bir olmasaq, vətənimizi layiqincə təmsil etmək çox çətin olar”

Beləliklə, bu proseslər davam edərkən İZAZDER-in hazırkı sədri Pərviz Altay ilə tanış olan Tərlan Əvəzqızı ondan təkilf alır: “Pərviz bəy mənə “rəsmi şəkildə bir dərnək qurmaq istəyirik. Sizi də aramızda görmək istərdik”dedi. Mən də məmnuniyyətlə bu təklifi qəbul etdim və hər zaman olduğu kimi, mədəniyyət istiqamətində fəaliyyət göstərəcəyimi bildirdim. Ümumiyyətlə, mənim üçün qürbətdə olmaq – birlikdə olmaq deməkdir. Hesab edirəm ki, biz bir olmasaq, vətənimizi layiqincə təmsil etmək çox çətin olar. Elə bu amalla da işə başladıq. Dərnəyimiz quruldu və çiyin-çiyinə çoxsaylı tədbirlərə imza atdıq. Təqvim günlərini izləyərək, rəsmi dövlət bayramlarımızı, tarixi günlərimizi birlikdə qeyd etdik. Etməyə də davam edirik. Bu müddətdə acı və şirin xatirələrlə dolu bir yol keçdik”.

“Qadınlar Komitəsi yaratmaq təklifini irəli sürdüm”

Konkret olaraq rəhbərlik etdiyi komitəyə gəlincə, müsahibimiz dedi ki, Dərnəkdə öncə iki komitə yaradılıb: “Batı Azerbaycan Komitesi və Türkiye Azerbaycan İş Geliştirme Komitesi. Daha sonra Qadınlar Komitəsi yaratmaq təklifini irəli sürdüm. Bu ideya İdarə Heyəti tərəfindən qəbul olundu və mən Qadınlar Komitəsinin sədri seçildim. Əlbəttə, İdarə Heyətinin üzvü olmaq böyük məsuliyyətdir, lakin komitə sədri olmaq ikiqat məsuliyyət və öhdəlik deməkdir. Artıq yeni layihələr hazırlamaq, qadınlarımızı bir araya gətirmək və yeniliklərə imza atmaq əsas vəzifələrimdən birinə çevrildi. İlk iki layihəmizi uğurla həyata keçirdik. 8 Mart – Beynəlxalq Qadınlar Günü və“Bahar Görüşü” adı altında təşkil edilən tədbirlərə iş qadınlarını dəvət edərək onlar arasında bir bağ qurmaga çalışdıq. Bu tədbirlər həm yadda qaldı, həm də qadınlarımızda birlik və həmrəylik ruhunu gücləndirdi”.

“Bakıda olarkən çoxsaylı görüşlər keçirdik”

Bundan sonrakı addımlara gəlincə, Tərlan xanım “daha böyük uğurlara imza atmaq, Azərbaycanın diaspor siyasətinə daha çox dəstək vermək üçün var gücümüzlə çalışırıq. Bu yola böyük hədəflərlə çıxmışıq. Allah utandırmasın. Onu da deyim ki, Bakıda olarkən də bu məqsədlə çoxsaylı görüşlər keçirdim. Diasporla İş üzrə Dövlət Komitəsində, digər qurum və təşkilatlarda oldum. Gələcəkdə reallaşdırmağı nəzərdə tutduğumuz layihələr barədə danışdıq. Eyni zamanda, İZAZDER-in əsas hədəflərindən biri də Azərbaycanda fəaliyyət göstərən türk dünyası yönümlü QHT-lərlə əməkdaşlığı genişləndrməkdir. Bu istiqamətdə “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) ilə yaxın vaxtlarda əməkdaşlıq protokolu imzalanacaq. Elə Bakıda olarkən İdarə Heyətinin üzvü kimi rəhbərliyin verdiyi dəstək çərçivəsində CASCFEN sədri Nadir Azəri ilə protokola dair son addımları müzakirə etdik” dedi.

Şuşa xatirəsi
Şuşa xatirəsi

Tərlan Əvəzqızı onu da əlavə etdi ki, Dərnəyin Türkiye Azerbaycan İş Geliştirme Komitesinin təşəbbüsü ilə iyun ayında İzmirdən olan iş adamlarının Azərbaycana səfəri təşkil ediləcək: “Səfər çərçivəsində görüşlərin və geniş tədbirin keçirilməsi planlaşdırılır. Məqsədimiz iki qardaş ölkənin əlaqələrinin daha da dərinləşdirilməsinə dəstək olmaqdır. Hesab edirik ki, iş adamları arasında yeni əlaqələrin qurulması da bu istiqamətdə mühüm rol oynaya bilər. Onu da əlavə edim ki, rəhbərlik etdiyim Qadınlar Komitəsi İzmirlə yanaşı Azərbaycanda da fəal qadınlara təmaslar qurmaq, birlikdə layihələr həyata keçirmək üçün davamlı addımlar atır. Elə iyun tədbirləri çərçivəsində də bu istiqamətdə yeni addımların atılması planlaşdırılır”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.