Aztəminatlı, şəhid və qazi ailələrindən olan məktəblilərə maarifləndirici kitablar və hədiyyələr təqdim olunub
BAYRAQDAR MEDİA – “Konstitusiya və Suverenlik İli” çərçivəsində Sumqayıt şəhərində “Sənin hüququn – sənin gəncliyin!” adlı tədbir keçirilib. Tədbir Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin, Azərbaycan Pediatrlar Assosiasiyasının və Sumqayıt şəhər Məhəmməd Füzuli adına 15 nömrəli tam orta ümumtəhsil məktəbinin birgə təşkilatçılığı ilə reallaşıb.
Bu barədə Azərbaycan Pediatrlar Assosiasiyasından məlumat verilib.
Bildirilib ki, “Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində keçirilən tədbirdə millət vəkilləri – Mehriban Vəliyeva, Müşfiq Məmmədli və Günay Ağamalı, eləcə də Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Mehriban Nəcəfova, Abşeron-Xızı Regional Təhsil İdarəsinin Sumqayıt üzrə sektor müdiri İman Ağayev, Azərbaycan Pediatrlar Assosiasiyasının sədri Təranə Tağı-zadə, təhsil işçiləri, valideynlər, şagirdlər, şəhid və qazi ailələrinin üzvləri iştirak ediblər”.
Məlumata görə, rəsmi hissədə Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova çıxış edib. O, qeyd edib ki, uşaqlar bizim sabahımız, güclü vətəndaş cəmiyyətimizin bünövrəsidir: “Azərbaycan dövləti hər zaman uşaqların hüquqlarının qorunmasına, onların təhsil, sağlamlıq və rifahının təmin olunmasına xüsusi önəm verir. Bu istiqamətdə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin ideoloji əsasını Ulu Öndər Heydər Əliyevin “Uşaqlar xalqın, dövlətin gələcəyidir” fikri təşkil edir. Bu siyasi xətt bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu sahədə xüsusi əhəmiyyətə malik çoxşaxəli layihələr həyata keçirir. Xüsusilə də qayğıya ehtiyacı olan uşaqların təhsili, müalicəsi və cəmiyyətə inteqrasiyası istiqamətində atılan addımlar təqdirəlayiqdir.”
Sonra çıxış edənlər qeyd ediblər ki, müstəqil Azərbaycan dövlətinin təməl prinsiplərindən biri olan sosial dövlət modeli, gənc nəslin hərtərəfli inkişafına göstərilən misilsiz qayğıda öz əksini tapır.
Çıxışlarsan sonra tədbirin təşkilində əməyi olan Sumqayıt Şəhər İcra Hakimiyyətinə, Azərbaycan Pediatrlar Assosiasiyası və Sumqayıt şəhər Məhəmməd Füzuli adına 15 nömrəli tam orta ümumtəhsil məktəbinin rəhbərliyinə, bütün tərəfdaşlara təşəkkür bildirilib.
Sonda Azərbaycan Pediatrlar Assosiasiyasının təşəbbüsü ilə aztəminatlı, şəhid və qazi ailələrindən olan məktəblilərə uşaq hüquqları mövzusunda maarifləndirici kitablar və müxtəlif hədiyyələr təqdim olunub.
İlk şərhi yaza bilərsiniz