Press "Enter" to skip to content

Xaçmazda Qərbi Azərbaycan ruzigarı

Konfrans çox maraqlı keçdi

Yaxud, bir zamanlar Qarabağlı olduğumuz kimi indi də hamımız Qərbi Azərbaycanlıyıq

BAYRAQDAR MEDİA – İyunun 5-də Xaçmazda Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan – Yurd yerimiz” adlı elmi-praktik konfrans və festival keçirildi. Biz də dəvətli idik, həvəslə dəvəti qəbul edib hər iki tədbirə qatıldıq.

Bir ucqar rayon üçün bu qədər yüksək səviyyəli və mükəmməl tədbirin keçirilməsi Xaçmazlı olaraq şəxsən məni çox sevindirdi. Həqiqətən də ciddi hazırlıq görülmüş, uyğun tərtibatla tədbirlər təşkil edilmişdi.

Təbiidir ki, məsələ Qərbi Azərbaycan olunca, bu tədbirlərə Bakıdan sözügedən icmanın rəhbəri, millət vəkili Əziz Ələkbərli də daxil olmaqla böyük bir heyət gəlmişdi. Ən önəmlisi də odur ki, heyətə Milli Məclis sədrinin 1-ci müavini, yetərincə təcrübəli siyasətçi Əli Əhmədovun başçılığı altında 20-dən çox deputat və İcma nümayəndələri daxil idi.

Tədbirin Xaçmazdakı Heydər Əliyev Mərkəzində keçirilən konfrans hissəsində ilk çıxışı Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev etdi. İrəli qaçaraq qeyd edim ki, onun özü də əslən Qərbi Azərbaycanlıdır, artıq 6-cı ildir Xaçmaza rəhbərlik edir və əhalinin böyük əksəriyyətinin rəğbətini qazanmağı bacarıb. Özü də ilk gündən.

Elnur Rzayevin çıxışı çox diqqətlə dinlənildi
Elnur Rzayevin çıxışı çox diqqətlə dinlənildi

Elnur Rzayev öz çıxışında özəlliklə də qonaqlara Xaçmazı ən uyğun şəkildə təqdim etməyi bacardı. Həm də bir Xaçmazlı kimi. Bəli, məhz belə demək daha doğru olar. Çünki onun təqdimatı – çıxışı Xaçmaz haqqında bəzən yetərincə məlumatı olmayanlar üçün çox yerinə düşdü. Əminəm ki, qonaqlarımız bu çıxışdan sonra Xaçmazı yenidən kəşf etmiş oldular.

Təbiidir ki, icra başçısının çıxışında Qərbi Azərbaycan məsələsinə dövlətin münasibəti, bundan irəli gələn vəzifələrə də toxunuldu. Həm də ölkənin ucqar bir rayonunun timsalında.

Təcrübəli siyasətçi və dövlət adamı Əli Əhmədov olduqca konseptual çıxış etdi
Təcrübəli siyasətçi və dövlət adamı Əli Əhmədov olduqca konseptual çıxış etdi

Sonrakı çıxışları isə Əli Əhmədov başda olmaqla Qərbi Azərbaycan İcmasının nümayəndələri etdilər. Əlbəttə, 10 illərdir öz ata-baba yurdlarından ayrı düşmüş bu insanların çıxışları yurd həsrəti ilə dolu olmalıydı, oldu da.

Əsas odur ki, çıxış edənlərin hamısı birmənalı şəkildə əminlik ifadə etdilər ki, bir vaxtlar hər bir Azərbaycanlı özünü necə Qarabağlı hiss edirdisə, indi də eyni dərəcədə Qərbi Azərbaycanlı hiss etməlidir və edir də.

Həqiqətən də şəxsən mən Qarabağ məsələsinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin sözün gerçək mənasında strateji uzaqgörənliyi ilə bitməsinin dərhal ardından əsarətdə olan digər yurd yerlərimizin azadlığının da uzaqda olmadığını düşünməyə başlamışam. Özəlliklə də Qərbi Azərbaycan məsələsində əslən o torpaqdan olan soydaşlarımızla mənim aramda heç bir fərq yoxdur. Onlar oraların həsrətini necə çəkirsə, mən də elə çəkirəm. Onlar o torpaqlara qayıtmağı necə gözləyirsə, mən də eyni dərəcədə gözləyirəm. Qarabağ davasında olduğu kimi, Qərbi Azərbaycanlı soydaşlarımıza da deyirəm ki, davanız davamdır!

Qeyd edək ki, heyətdə Əli Əhmədov və Əziz Ələkbərli ilə yanaşı ölkədə yetərincə tanınan, sözünə güvənilən təmsilçilər də vardı. Misir Mərdanov, Əhliman Əmiraslanov, Zahid Oruc, Sahib Alıyev, İlham Məmmədov, Abel Məhərrəmov, Əli Hüseynli, Hikmət Babaoğlu, Məlahət İbrahimqızı, Tənzilə Rüstəmxanlı, Əvəz Ələkbərov, Aydın Hüseynov, Azər Badamov, Şahin İsmayılov, Rizvan Nəbiyev, Arzuxan Əlizadə, Müşfiq Məmmədli, Əlibala Məhərrəmzadə kimi təcrübəli siyasət və dövlət adamlarının bu heyətdə olması Qərbi Azərbaycan milli davasına necə önəmlə yanaşıldığını bariz şəkildə ortaya qoyurdu.

Şəxsən mənim üçün diqqətçəkən məqam o idi ki, Milli Məclisin Xaçmaz rayonundan olan hər üç deputatı – Ağalar Vəliyev, Sevil MikayılovaMahir Süleymanlı da heyətdə təmsil olunurdu.

Maraqlı çıxışlarla diqqət çəkən konfransın ardından qonaqlar və iştirakçılar Xaçmazın Zəfər parkında təşkil edilmiş festivala yollandılar. Burada Qərbi Azərbaycan əsilli Xaçmaz sakinlərinin sərgilədiyi görüntülər qonaqların da ürəyincə oldu. Həm də o baxımdan ki, festivalda Qərbi Azərbaycanın ayrı-ayrı mahalları tək-tək təqdim edilirdi. Bu isə tarixi yaddaşın diri tutulması üçün olduqca vacibdir.

Xaçmaz Tarix Diyarşünaslıq Muzeyinin direktoru Pakizə Mehdiyeva qonaqlara rayon haqqında danışır
Xaçmaz Tarix Diyarşünaslıq Muzeyinin direktoru Pakizə Mehdiyeva qonaqlara rayon haqqında danışır

Əlavə edək ki, istər konfrans, istərsə də Zəfər parkındakı festival həmin gün Xaçmaza özü ilə bir bayram ovqatı gətirmişdi. Təşkilatçılıq mükəmməl idi. Hər iki tədbirdə iştirakçılıq yüksək səviyyədə və səliqə ilə təşkil edilmişdi. Qonaqlar da bunun fərqinə vardıqlarını qeyd edirdilər. Üstəlik də Qərbi Azərbaycan məsələsinə Xaçmaz kimi uzaq bir rayonda bu qədər diqqətin olması onları sevindirməyə bilməzdi.

Bir daha qeyd edirəm, bu tədbirlər öz yerində, amma biz həmişə o düşüncədə olmuşuq ki, ümummilli məsələlərdə bölgələrə, partiyalara, təşkilatlara bölünmədən hamımız çəkici eyni zindana vurmalıyıq. O baxımdan Xaçmazın bir rayon olaraq Qərbi Azərbaycan davasına belə sahiblənməsi yaxşı bir örnəkdir və mütləq təşviq edilərək geniş yayılmalıdır.

Festival, əlbəttə ki, musiqisiz olmaz
Festival, əlbəttə ki, musiqisiz olmaz

Bizə gəlincə, şəxsən öz adıma deyirəm, bir zamanlar Qarabağ üçün səfərbər olunub necə Qarabağlı idimsə, indi də eyni dərəcədə səfərbər olunub Qərbi Azərbaycanlıyam. Yeri gəlmişkən vurğulamaq istərdim ki, on illərdir beynəlxalq tribunalarda (ATƏT, Avropa Birliyi, Avropa Şurası, UNESCO, BMT, NATO, həmçinin bir sıra aparıcı beynəlxalq insan haqları qurumları) Qarabağla bərabər Qərbi Azərbaycanlı soydaşlarımızın da səsi olmağa çalışdıq, uğurlarımız da az deyil. İnanırdıq çünki. Bu gün də inanırıq. İnanırıq ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev bizi Qarabağa qovuşdurduğu kimi Qərbi Azərbaycana da qovuşduracaq. Lap elə belə də deyirəm: gün gələcək, biz mənim Xaçmazdakı doğma kəndimlə eyni adı daşıyan Qərbi Azərbaycanın Dədəli (ermənilər etnik təmizləmədən sonra 1946-cı ildə adını dəyişib Yeğnik qoyublar) kəndində öz evimizdəki kimi çay içib söhbət edəcəyik. Necə ki, illərdir artıq Şuşada edirik.

Xaçmazdan bir daha və uca səslə deyirik: hamımız Qərbi Azərbaycanlıyıq!

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.