BAYRAQDAR MEDİA – Aynurə İsmayılova Azərbaycan Texniki Universitetinin (AzTU) Yüksək Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AzTU-nun mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “sözügedən İnstituta direktor təyinatından əvvəl o, AzTU-da Ömürboyu Öyrənmə Məktəbinin direktoru və İqtisadiyyat və statistika kafedrasının dosenti vəzifəsində fəaliyyət göstərib. A.İsmayılova AzTU komandasına 2021-ci ildə Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Öyrənmə Mərkəzinin rəhbəri kimi qoşulub. O, əmək fəaliyyətinə 2004-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kibernetika (indiki İdarəetmə) İnstitutunda başlayıb. Sonra Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının (UNDP) və İqtisadiyyat Nazirliyinin birgə “Azərbaycanda rəqabətqabiliyyətli qeyri-neft sektorunun inkişafı üçün İqtisadi İnkişaf Nazirliyinə potensialın gücləndirilməsinə dəstək” layihəsinin Azərbaycan nümayəndəliyində layihə meneceri, daha sonra sözügedən Nazirliyinin tabeliyindəki İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda şöbə müdiri və direktor müavini vəzifələrinədək yüksəlib. Layihələrin idarəedilməsi istiqamətində ardıcıl fəaliyyət göstərən A.İsmayılova 15 ildən yuxarı müxtəlif təyinatlı və xarakterli beynəlxalq layihələrin (Asiya İnkişaf Bankı (ADB), İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), İslam İnkişaf Bankı (IDB), İslami Tədqiqatlar və Təlim İnstitutu (IRTI), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TIKA), eləcə də, Elm və Təhsil Nazirliyi (ETN), İqtisadiyyat Nazirliyi (İN) tərəfindən maliyyələşən) koordinatoru və icraçısı, Prezident yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsi (EİF/GAM-3-2014-6(21)) layihəsinin rəhbəri olub.
A.İsmayılova 2006-cı ildən etibarən ümumilikdə müxtəlif təqaüd proqramları yolu ilə xarici ölkələrdə təşkil edilən 40-a yaxın elmi və elmi-texniki tədbirlərin dinləyicisi olub.
O, 2014-cü ilin 21 oktyabr tarixində Prezident İlham Əliyevin Sərəncamı (798 nömrəli) ilə “Tərəqqi” medalı ilə təltif edilib.





