Press "Enter" to skip to content

KKTC türk dünyasının ayrılmaz bir parçasıdır

Okyay Sadıkoğlu (sağda) və Nadir Azəri

Okyay Sadıkoğlu: Bu cür platformalar türk dünyasının iqtisadi inteqrasiyası üçün son dərəcə əhəmiyyətlidir

BAYRAQDAR MEDİA – “Əvvəlcə onu demək istəyirəm ki, bu sərgi olduqca mühüm əhəmiyyət kəsb edir. Türk dövlətlərinin müxtəlif iqtisadi qurumları və şirkətləri bu sərgidə bir araya gəlirlər. Biz də Kuzey Kıbrıs Türk Cümhuriyyətinin şirkətləri, iş adamları və ayrı-ayrı qurumları olaraq bu sərgidə yüksək səviyyədə iştirak edirik. Çünki biz türk dünyasının ayrılmaz bir parçasıyıq”.

MÜSİAD Kıbrısın qurucu başqanı və Kuzey Kıbrıs Tanıtım Platformasının rəhbəri Okyay Sadıkoğlu Baku Expo Mərkəzində keçirilən II Türk Ticarət Sərgisi barədə BAYRAQDAR MEDİA-ya dəyərləndirməsində belə dedi.

Qeyd edək ki, Okyay Sadıkoğlunun BAYRAQDAR MEDİA-ya geniş müsahibəsini yaxın günlərdə oxuculara təqdim edəcəyik.

Hələlik isə bildirək ki, müsahibimiz bu cür sərgilərin bir çox baxımdan önəmli olduğunu söylədi: “Belə sərgilərdə iştirak etməklə türk dünyasına inteqrasiya prosesində daha dərin və önəmli addımlar atmış oluruq. Bu sərgi həm ziyarət, həm də əməkdaşlıq xarakteri daşıdığı üçün olduqca maraqlıdır. İstanbulda keçirilən birinci sərgidən sonra, təşkilatçı Aygün xanım ikinci sərginin Bakıda keçiriləcəyini söyləyəndə, biz də təbii olaraq bu sərgidə yüksək səviyyədə iştirak etməyə qərar verdik. Bura həm dövlət qurumlarını, həm də özəl sektoru gətirmişik. Sərginin açılışında KKTC-nin iqtisadiyyat və enerji naziri Olgun Amcaoğlu çıxış etdi. Bundan başqa, Turizm Nazirliyi, ticarət odamız, sənaye odamız da sərgidə təmsil olunurlar”.

Bildirildi ki, sərgi məkanında KKTC pavilyonu təşkil olunub: “KKTC geniş tərkibdə iştirak edir. Eyni zamanda, Kuzey Kıbrız Ticarət Mərkəzi burada öz məhsullarını nümayiş etdirir. Kuzey Kıbrısın Hellim pendirləri təqdim olunur. Kemal Bağzıbağlının rəhbərlik etdiyi şirkət artıq Azərbaycanda da Hellimin geniş şəkildə alıcılara çatdırılması üçün uğurlu addımlar atır”.

Okyay Sadıkoğlu, həmçinin “sərgidən çox məmnun qaldıq. Gözəl bir təşkilatçılıq vardı. Bir çox türk dövlətindən şirkət və qurumların burada təmsil olunması bizə həmin ölkələrlə əməkdaşlıqda yeni səhifələr açmaq imkanı yaradır. Bu sərgi vasitəsilə biz həm həmin ölkələrdə nələrin istehsal edildiyi barədə məlumat əldə etdik, həm də qarşılıqlı əlaqələri gücləndirməyin yollarını müzakirə etdik. İnanıram ki, bu təmaslar yaxın gələcəkdə müsbət nəticələrini göstərəcək. Təbii ki, biz də KKTC şirkət və qurumları olaraq nələri edə biləcəyimiz, imkanlarımız haqqında ətraflı məlumat verdik. Qarşılıqlı əməkdaşlıq üçün çox gözəl imkanların olduğunu göstərdik. Ümumiyyətlə, bu cür platformalar türk dünyasının iqtisadi inteqrasiyası üçün son dərəcə əhəmiyyətlidir” dedi.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.