İbrahim Ethem Atnur: Bu ordunun mərkəzi Azərbaycanda ola bilər
BAYRAQDAR MEDİA – “Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin eyni səviyyədə digər türk respublikaları ilə də inkişaf etməsi vacibdir. Bu əlaqələr, qardaşlıq hüququ çərçivəsində bütün sahələrdə, o cümlədən hərbi sahədə inkişaf etməlidir”.
Bunu Türkiyənin Milli Müdafiə Universitetinin dekanı, professor İbrahim Ethem Atnur BAYRAQDAR MEDİA-ya özəl müsahibəsində deyib.
O, bu əlaqələrin Orta Asiyanən türk respublikaları ilə genişlənməsini önəmli sayıb və bunun qardaşların bir-birini daha yaxşı tanımasına, əlaqələrin möhkəmlənməsinə səbəb olacağını vurğulayıb.
İbrahim Ethem Atnur deyib ki, bu inkişaf türk dünyasının vahid ordusunun yaranmasına da təkan verə bilər: “Hesab edirəm ki, türk dünyasının vahid ordu mərkəzi Azərbaycanda ola bilər. Çünki Azərbaycan Orta Asiyanın türk dövlətləri ilə Türkiyə arasında etibarlı körpüdür. Azərbaycan Türkiyə ilə müttəfiq olduğu kimi Orta Asiyanın türk dövlətləri ilə də rahat anlaşa bilər”.
Professor türk dünyasının vahid ordusunun yaradılmasının heç kimə təhdid yaratmadığını, əksinə regional və beynəlxalq təhlükəsizliyə təminat verəcəyini vurğulayıb: “Ümumiyyətlə tarix boyu türkün olduğu hər yerdə sabitlik, sülh və inkişaf olub. Türklərin idarə etdiyi yerdə ədalət və sülh təmin olunur. Ancaq türkün idarəçiliyi olmadığı yerdə sabitlik pozulur və müharibələr başlayır. Osmanlı İmperiyasının Avropa və Orta Doğudan çəkilməsindən sonra yaşanan hadisələr də deyilənləri təsdiqləyir. Bir sözlə, türkün olduğu hər yerdə ədalət hökm sürür. Bu baxımdan türk dünyasının vahid ordusunun yaranması region və dünya üçün təhlükə deyil, sabitlik vəd edir”.
İlk şərhi yaza bilərsiniz