Press "Enter" to skip to content

Bundan sonra bu uşaqlar daha fərqli olacaqlar – VİDEO

Skautlarla xatirə şəkli

BAYRAQDAR MEDİA – Məktəb, təhsil, özəlliklə də yetişməkdə olan nəslin düzgün istiqamətləndirilməsi şəxsən mənim ən çox diqqət yetirdiyim sahələrdir. Özüm təhsil işçisi olmasam da şəxsimi bu sahədən ayrı sanmıram. Düşünürəm ki, hər bir vətəndaş, özəlliklə də az-çox ictimai çəkisi olan şəxs mütləq təhsil sahəsini diqqətdə saxlamalı, ona öz töhfəsini verməlidir. Əks təqdirdə biz bir millət olaraq çətin duruma düşər, tərəqqidən və dünya xalqlarından geri qalarıq.

Belə düşüncələr sahibi olduğum üçün həmişə təhsillə bağlı təşəbbüslərə öz çapımda dəstək olmağa çalışıram. Sonda da nəticələri görüb sevinirəm.

Bir neçə gün öncə – iyunun 6-da belə təşəbbüslərdən birində iştiraka dəvət edilmişdim. Xaçmazın ictimai və təhsil həyatında öz fəallığı ilə seçilən müəllim Vəfa Şakir qızı Musayeva bizi də maraqlı bir açılışa dəvət etmişdi. Yol uzaq idi, amma həvəslə getdik, iştirak da etdik. Qeyd edək ki, Vəfa müəllim Azərbaycan Skautlar Assosiasiyasının üzvü və Xaçmaz skaut lideridir. Özü də düz 8 illik skautinq təcrübəsinə sahibdir.

…“Skaut məktəblilərin qeyri-formal təhsilə əsaslanan yay məktəbi” adlı sözügedən layihəni Elm və Təhsil Nazirliyi dəstəkləyir. Vəfa müəllim Nazirliyin “Təhsildə inkişaf və innovasiyalar üzrə 8-ci qrant müsabiqəsi”nin qalibi olaraq bu seçimə layiq görülməyi bacarıb. Layihənin ilkin açılışı 2024-cü ilin noyabrında gerçəkləşdirilmişdi. Yadımdadır, mən də orda iştirak etmiş, layihənin icrasını da maraqla izləyəcəyimi demişdim.

Xaçmaz skautları üçün faydalı layihə

İndi isə layihənin ən maraqlı kəsimi – 3 günlük düşərgə mərhələsinin açılışı idi. Bizim də iştirak etdiyimiz açılışda öyrəndik ki, düşərgədə Xaçmazın 1, 2, 7 və 8 saylı məktəblərindən 40 nəfər şagird iştirak edir. Samur-Yalama Milli Parkının xalq arasında “Tel bulağı” kimi tanınan çox gözəl bir yerində təşkil edilən düşərgədə uşaqların üzündəki sevinci sadəcə görmək lazım idi. Bu yaşımda belə o balaca fidanlara az qala paxıllığım tutdu ki, niyə mən də bunlar kimi gəlib meşədə çadır qurmuram axı? Əlbəttə, bu bir xoş həsəd idi və zərərli bir niyyətə xidmət edə bilməzdi.

Yeri gəlmişkən, layihə çərçivəsində “qeyri-formal təhsil prinsipləri və skautinq metodologiyalarının inteqrasiyası vasitəsilə məktəblilər üçün hərtərəfli təhsil təcrübəsi təmin etmək, yay tətili dövründə şagirdlərin fiziki, emosional, psixoloji və əxlaqi inkişafını təşviq etmək” nəzərdə tutulurdu. Eyni zamanda qeyd edilir ki, “layihə vasitəsilə məktəbli skautların liderlik, komanda idarəçiliyi, məsuliyyətli davranış və sosial münasibətlər kimi bir sıra bacarıqlarının inkişaf etdirilməsi və gücləndirilməsi hədəflənir”.

Əminəm ki, Vəfa xanımın icra etdiyi bu layihə qarşıya qoyulan hədəflərə artıqlaması ilə çatıb. Həm də ona görə əminəm ki, Xaçmazın ən öndə gedən məktəblərinin uşaqları bu layihədə iştiraka elə məhz uğur və faydasına əmin olduqları üçün qatılıblar. Üstəlik onu da əlavə edək ki, Vəfa müəllim Xaçmazın ictimai və təhsil həyatında da yetərincə fəaldır, cəmiyyət içində özünəməxsus nüfuz sahibidir. Təbii ki, bu da bərabərində ona olan güvəni və inamı gətirməyə bilməz.

Açılışa hazırlıq
Açılışa hazırlıq

Qeyd etdiyimiz kimi, açılışda biz də iştirak etdik. Həm də çıxış edib söz demək imkanımız oldu. Təbii ki, geniş çıxışımızı tam təqdim etmək fikrində deyilik. Amma qısa da olsa uşaqlara verdiyimiz tövsiyədən bəhs etmək yerinə düşər deyə düşünürəm.

Çıxışımda özəlliklə vurğuladım ki, vəhşi təbiət qoynunda uşaqların daha diqqətli olması vacibdir. Bildirdim ki, oğlanlar hər bir kişiyə xas olan xarakterlə qızlara görə məsuliyyət daşıyır. Eyni zamanda dedim ki, yaşca böyük olanlar daha kiçikləri diqqətdə saxlamalı, onların çətinliklərinin həllinə yardımçı olmalıdır. Onu da vurğuladım ki, 3 gün boyunca vəhşi təbiət qoynunda olduqlarını nəzərə alaraq uşaqlar mütləq liderlərin təlimat və tapşırıqlarını nəzərə almalıdır. Ki, arzuolunmaz durum yaşanmasın.

…3 günlük düşərgə çərçivəsində uşaqlara ayrı-ayrı təlimlər keçirilib, mədəni proqramlar və əyləncə, yürüşlər təşkil edilib.

Vəfa Şakirqızı bildirir ki, Tel bulağında olduqları müddətdə skaut lideri Aygün Rəşidova “Duyğuların buz dağı, DIY”, “Problemlərin həlli” mövzularında uşaqları maarifləndirən təlimlər keçib.

Daha bir peşəkar – Təranə Fərzəliyeva isə uşaqlara “Təbii materiallardan sığınacaq qurmaq” və “Oddan qorxma, onu tanı” təlimləri təqdim edib.

Vəfa xanımın özü də “Tullantıdan sənətə” və “Rəsm çəkmək bacarığımız” mövzularında bilik və bacarıqlarını bölüşüb.

Eyni zamanda Milli Parkın nümayəndəsi Amil Əsədli uşaqlara “Ekoturizm nədir, milli parklar nə üçündür” mövzusunda maraqlı təlim keçib.

Əlavə kimi düşərgə ərazisində təmizlik və mədəni fəaliyyət də daxil olmaqla çox zəngin bir proqram icra edilib.

Sonda qeyd edim ki, bu 3 günlük düşərgə heç şübhəsiz uşaqlar üçün yeni imkanlar, yeni baxış və yeni perspektivlər açacaq. Artıq onların təbiətə, bir-birilərinə, dünyaya baxışında ciddi və müsbət dəyişikliklər özünü göstərməyə başlayacaq. Bundan sonra bu uşaqlar öz məktəblərində başqa uşaqlara yaxşı mənada örnək olmağa çalışacaqlar. Fərqlənəcəklər onlar hər anlamda. Elə düşərgəyə maraq göstərmələri də onların daha fərqli – özünüinkişafa daha maraqlı olduqlarından xəbər verir. Belə uşaqların həvəsləndirilməsi isə onların gələcəyi üçün olduqca önəmlidir. Bax, Vəfa müəllimin icra etdiyi layihə məhz ona xidmət edir, faydalıdır. O baxımdan layihəni maliyyələşdirən Elm və Təhsil Nazirliyinə əlavə təşəkkür düşür. Əlbəttə ki, layihənin icrasına şərait yaradan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.