Press "Enter" to skip to content

19 illik şərəfli yol

Aqil Camal

Aqil Camal: Bu gün “Türküstan” təkcə bir media qurumu deyil, həm də fikir platforması, çağdaş türk aydınlarının səsini dünyaya çatdıran bir tribunadır

BAYRAQDAR MEDİA – “19 ildir həftədə bir dəfə nəşr olunan “Türküstan” qəzetinin və “Turkustan.az” saytının xəbər siyasətinin əsas prioritetləri dünya azərbaycanlılarının həmrəyliyi, Güney Azərbaycanda yaşayan soydaşların milli, mədəni haqlarının müdafiəsi, Türk ölkələri və toplumları arasında inteqrasiya prosesinə media dəstəyi verməkdir”.

Bunu Baş redaktor Aqil Camal BAYRAQDAR MEDİA-ya açıqlamasında dedi.

Baş redaktor bildirdi ki, “bu illər ərzində bizim üçün jurnalistika sadəcə xəbər vermək deyil, həm də dəyər yaratmaq, milli-mənəvi kimliyimizi qoruyaraq gələcək nəsillərə ötürmək missiyası olub. 2006-cı ildə yola çıxarkən qarşımıza bir məqsəd qoymuşduq: Türk dünyasının ortaq tarixi, dili, ədəbiyyatı, mədəniyyəti və çağdaş problemləri ilə bağlı obyektiv, maarifləndirici və milli ruhda informasiyaları cəmiyyətə çatdırmaq. Bu gün qürurla deyə bilərik ki, “Türküstan” bu məqsəddən bir addım da geri çəkilməyib. Həm Azərbaycan ictimaiyyəti, həm də geniş türk dünyasında bizi izləyən oxucu və izləyicilərimiz üçün etibarlı informasiya mənbəyinə çevrilmişik”.

Baş redaktor, həmçinin aşağıdakıları qeyd etdi: “19 il ərzində çətinliklərimiz də olub, uğurlarımız da. Lakin bizi daim ayaqda tutan əsas qüvvə xalqımıza və türk dünyasına olan sarsılmaz inamımız, oxucularımızın bizə göstərdiyi güvən və əməkdaşlarımızın fədakar fəaliyyəti olub. Türküstanın adını daşımaq, onun məsuliyyətini daşımaq deməkdir. Bu məsuliyyət bizi daim yenilənməyə, daha keyfiyyətli və dərin məzmun yaratmağa sövq edir. Bu gün “Türküstan” təkcə bir media qurumu deyil, həm də fikir platforması, çağdaş türk aydınlarının səsini dünyaya çatdıran bir tribunadır. Qarşımızda duran yeni mərhələdə biz daha böyük layihələrə imza atmağı, rəqəmsal platformalarda mövcudluğumuzu gücləndirməyi və gənc jurnalist nəslinin yetişməsinə dəstək olmağı hədəfləyirik”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.