Samir Ramizoğlu: Biz əsrlərdən süzülüb gələn milli ruhun daşıyıcısı, milli düşüncənin səsi olaraq fəaliyyətimizi davam etdirəcəyik
BAYRAQDAR MEDİA – Bu günlərdə Füyuzat TV internet televiziyası üçün xüsusi və qürurvericidir. Çünki Füyuzat TV televiziya kanalı olaraq fəaliyyətinin üçüncü ilini tamamlayır. Bəs bu 3 il necə yadda qalıb və yeni hədəflər nələrdir?
Həmin sualla müraciət etdiyimiz “Füyuzat” jurnalının məsul redaktoru Samir Ramizoğlu “bu üç il ərzində milli kimliyimizi, mədəni dəyərlərimizi, ədəbi irsimizi, ictimai-siyasi düşüncəmizi və çağdaş problemlərimizi ekranlara daşımaq, tamaşaçılarla səmimi və maarifləndirici bir ünsiyyət qurmaq üçün yorulmadan çalışdıq” dedi.

Onun sözlərinə görə, Füyuzat TV çox qısa bir müddətdə özünəməxsus veriliş formatları, orijinal rubrikaları ilə tamaşaçıların diqqətini qazanmağı bacardı: “Bu sırada “15 İllik Varislik”, “Füyuzatdan Səslər”, “Arxiv”, “Gənc Baxış”, “Xəbərimiz Var”, “Eksklüziv Müsahibə”, “Gündəmə Baxış”, “Kitabdan Həyata”, “Arxa Plan”, “Füyuzat Bioqrafiya”, “Paraleldə”, “Kəlmələrin Sehrində”, “Müəmmalar İzində”, “Sorğu”, “Reportajlar” kimi layihələrlə biz ədəbi, mədəni, siyasi və ictimai düşüncəyə yeni baxışlar gətirməyə, dəyərlərimizə yeni nəfəs verməyə çalışdıq”.
Samir Ramizoğlu onu da qeyd etdi ki, Füyuzat TV-nin əsas məqsədi təkcə yayım həyata keçirmək deyil, bu ölkənin, bu xalqın yaddaşını yaşatmaq, onu yeni nəslə çatdırmaqdır: “Biz ekran vasitəsilə düşüncə tərzini dəyişmək deyil, onu dərinləşdirmək, milliliyi və bəşəriliyi paralel şəkildə təqdim etmək istəyirik. Füyuzat bir məktəbdir – sözün, düşüncənin, məsuliyyətin məktəbi”.
“Bu illər ərzində bizə dəstək olan hər kəsə – böyük bir ruhla çalışan redaksiya heyətimizə, proqramlarımıza dəvətimizi qəbul edən dəyərli qonaqlarımıza, çəkilişlərə şərait yaradan müəssisələrə və hər şeydən önəmlisi, verilişlərimizi izləyən, bizə güvənən, bizə zaman ayıran tamaşaçılarımıza dərin təşəkkürümüzü bildiririk. Hədəflərə gəlincə, bu bir başlanğıcdır. Qarşımızda daha böyük yollar, daha dərin mövzular, daha geniş auditoriyalar var. Biz əsrlərdən süzülüb gələn milli ruhun daşıyıcısı, milli düşüncənin səsi olaraq fəaliyyətimizi davam etdirəcəyik” deyə o, sonda bildirdi.





