Press "Enter" to skip to content

Bu, tarixi bir mövqeyin ifadəsidir

Ünal Üstel

KKTC Baş naziri Ünal Üstel: Cənab Prezident İlham Əliyevə bu qətiyyətli və prinsipial mövqeyinə görə ürəkdən təşəkkür edirəm

BAYRAQDAR MEDİA – Bu gün türk dünyası yeni bir dövrə qədəm qoyub. Bu dövrdə atılan addımlar, qurulan əməkdaşlıqlar inteqrasiyanın daha da dərinləşməsinə təkan verir. Təbii ki, bu sırada Türk Dövlətləri Təşkilatının (TDT) müşahidəçi üzvü olan Kuzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) ilə əməkdaşlıq da xüsusi önım kəsb edir.

Bunu mütləq reallaşdırmalıyıq

Elə bu günlər ölkəmizdə səfərdə olan KKTC-nin Baş naziri Ünal Üstelin BAYRAQDAR MEDİA-ya özəl müsahibəsində də bu məqamlara xüsusi diqqət ayırdıq.

Qeyd edək ki, səfərdə məqsəd Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hakim partiya rəhbərlərinin Şuşada keçiriləcək Zirvə toplantısında iştirak etmək, həmçinin iş adamlarımızın iştirakı ilə keçirilən turizm və ticarət sərgisində olmaqdır.

Gələcək inteqrasiyalar üçün sağlam zəmin yaradılır

Beləliklə, müsahibəni təqdim edirik.

“İllərdir xəyal etdiyimiz yaxınlaşma artıq sadəcə söz olaraq qalmır, gerçək həyatda da öz əksini tapır”

-Cənab Baş nazir Kuzey Kıbrıs Türk Cümhuriyyəti ilə Azərbaycan arasındakı münasibətləri necə qiymətləndirirsiniz?

-Öncə onu deyim ki, Kuzey Kıbrıs Türk Cümhuriyyəti ilə Azərbaycan arasındakı münasibətlər, Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv olmağımızla birlikdə böyük bir sürət qazandı. İllərdir xəyal etdiyimiz yaxınlaşma artıq sadəcə söz olaraq qalmır, gerçək həyatda da öz əksini tapır. Cənab Prezident İlham Əliyevin KKTC-yə verdiyi güclü dəstək, tarixi bir mövqeyin ifadəsidir. Azərbaycanda dövlət protokoluna uyğun şəkildə qəbul olunur, rəsmi səviyyədə diqqət mərkəzində oluruq. Bu mənzərə təkcə diplomatik deyil, həqiqi bir qardaşlığın göstəricisidir. Cənab Prezident İlham Əliyevə bu qətiyyətli və prinsipial mövqeyinə görə ürəkdən təşəkkür edirəm.

İki qardaş ölkə arasındakı əlaqələr hər keçən gün inkişaf edir

-Bəs, iki qardaş ölkə arasında gələcək üçün hansı əməkdaşlıq imkanlarını görürsünüz?

-İki qardaş ölkə arasındakı əlaqələr xüsusilə təhsil, turizm və ticarət sahələrində hər keçən gün inkişaf edir. KKTC-nin istehsal etdiyi bəzi məhsulların Azərbaycan bazarında yer tapması əhəmiyyətli bir fürsət yaradır. Bundan başqa, universitetlərimiz arasındakı əməkdaşlıqlar, gənclərimiz arasında davamlı mədəni bağların qurulmasına səbəb olacaq. Turizm baxımından əməkdaşlıq üçün də böyük bir potensial var. Kuzey Kıbrısın təbiəti və qonaqpərvərliyi, Azərbaycan xalqı üçün yeni bir qapı açacaqdır. Hesab edirəm ki, qarşıdakı dövrün ən strateji addımı isə qarşılıqlı hava reyslərinin başlaması ola bilər. Bunu mütləq reallaşdırmalıyıq. Qardaşlar bir-birinə qovuşmalıdır. Bir-birinə çata bilməyən qardaşlar qucaqlaşa bilməzlər.

Xatirə fotosu
Xatirə fotosu

Əgər Azərbaycanla KKTC arasında hava körpüsü qurulsa, bu, münasibətlərimizi həm insani, həm də iqtisadi baxımdan tamamilə yeni bir səviyyəyə daşıyacaqdır. KKTC ilə Azərbaycan ortaq dəyərləri bölüşən iki qardaş dövlətdir. Gələcək, bu qardaşlığın daha çox sahədə konkret formaya düşəcəyi bir dövr olacaq. Dahi şəxsiyyət Heydər Əliyevin dünyaca məşhur kəlamını günün reallığına uyğunlaşdırsaq deyə bilərik ki, üç qardaş ölkə arasındakı münasibətlər bu gün “Bir millət, üç dövlət” fəlsəfəsinə uyğun inkişaf edir. Yəni Türkiyə, Azərbaycan və KKTC “bir millət, üç dövlət” prinsipi əsasında birlikdə addımlar atırlar. Eyni zamanda, artıq Qarabağ işğaldan azad olunub, indi isə növbə KKTC-nin tanınmasına gəlib çatıb. Bu məqsədə gedən yolda Azərbaycanla yanaşı addımlamaq bizim üçün böyük bir güvən mənbəyidir.

Bu, Kıbrıs türk xalqı üçün böyük bir mənsubiyyətin rəsmi şəkildə təsdiqlənməsidir

-Sizcə, KKTC-nin Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv olması türk dünyasında nə kimi təsirlər yaratdı? KKTC-nin türk dünyasındakı yeri və rolu sizcə necə təyin olunmalıdır? Kıbrıs türklərinin ortaq türk kimliyinə qatqısı barədə nə düşünürsünüz?

-KKTC-nin Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv olması, Kıbrıs türk xalqı üçün təkcə status dəyişikliyi deyil, eyni zamanda böyük bir mənsubiyyətin rəsmi şəkildə təsdiqlənməsidir. Bu addım, millətimizin türk dünyası içərisindəki tarixi və mədəni bağlarının beynəlxalq səviyyədə təsdiq olunması mənasını verir. Kıbrıs türklərinin türk kimliyinə qatqısı tarixin hər dövründə qətiyyətlə davam etmişdir. Adada aparılan varoluş mübarizəsi, türk millətinin birliyinə həm qürur, həm də müqavimət ruhu qazandırmışdır. Bu gün isə KKTC, Doğu Akdenizdə türk dünyasının strateji qapısıdır. Enerji təhlükəsizliyi, dəniz səlahiyyət sahələri və regional sabitlik baxımından daşıdığımız məsuliyyət yalnız bizim üçün deyil, bütün Türk dünyasına aiddir. Bundan əlavə, təşkilatda yer almağımız gənclərimizin türk dünyasına olan mənsubiyyət hissini gücləndirmişdir. Gənc nəsillər artıq özlərini yalnız bir adanın deyil, böyük bir sivilizasiyanın parçası kimi görürlər. Bu isə gələcək inteqrasiyalar üçün sağlam bir zəmin yaradır.

Baş nazir sərgidə iş adamları ilə görüşüb
Baş nazir sərgidə iş adamları ilə görüşüb

KKTC-nin türk dünyasındakı mövqeyi həm coğrafi, həm də mədəni baxımdan stratejidir. Akdenizdəki varlığımız ortaq gələcəyimizin təminatıdır. Biz bu böyük ailəyə dəyər qatmağa davam edəcəyik. İnanıram ki, türk dünyası da KKTC-nin töhfələrini daha artıq təqdir edəcək.

Tələbə mübadilə proqramları, qardaş şəhər razılaşmaları və ortaq mədəni tədbirlər…

-Azərbaycan xalqının KKTC-yə olan münasibətini necə qiymətləndirirsiniz?

-Azərbaycan xalqının KKTC-yə göstərdiyi maraq və səmimiyyət bizi dərindən təsirləndirir. Bu bağ, siyasi protokollardan da yuxarıdadır. Bu, ortaq keçmiş, qardaşlıq və könül birliyi ilə qurulmuş bir əlaqədir.

Ünal Üstel: İndi isə növbə KKTC-nin tanınmasına gəlib çatıb

Qarabağ Zəfəri zamanı Lefkoşada yaşanan sevinc bu qardaşlığın nə qədər gerçək olduğunu açıq şəkildə göstərmişdir. Bu marağın daha da güclənməsi üçün təhsil, mədəniyyət və turizm sahələrində qarşılıqlı təsiri artıracaq addımlar atmalıyıq. Tələbə mübadilə proqramları, qardaş şəhər razılaşmaları və ortaq mədəni tədbirlər xalqlarımızın bir-birini daha yaxından tanımasını təmin edəcək. Eyni zamanda, media və vətəndaş cəmiyyəti əməkdaşlıqları ilə də bu əlaqələri daha davamlı edə bilərik. Qeyd etdiyim kimi, qarşılıqlı hava reyslərinin başlaması, həm turizm, həm də xalq diplomatiyası baxımından mühüm bir dönüş nöqtəsi ola bilər. Bu addımdan sonra Azərbaycanla olan münasibətlərimizin yeni bir mərhələyə keçəcəyinə ürəkdən inanıram.

KKTC Baş naziri Ünal Üstel və Nadir Azəri
KKTC Baş naziri Ünal Üstel və Nadir Azəri

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.