BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin bazasında Bakı Regional Mərkəzinin əhatə etdiyi rayonların təhsil müəssisələri arasında “Gənc xilasedici və yanğınsöndürən” XII Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “FHN-in təşkilatçılığı, Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub. Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirin açılışında çıxış edənlər yarışın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar. Daha sonra yarışa başlanılıb. Yarış “Kombinə edilmiş yanğın estafeti” və “Maneələr zolağı” adlı iki mərhələdən ibarət olub. Keçirilən yarışda Bakı Regional Mərkəzinin əhatə etdiyi rayonların təhsil müəssisələrinin komandaları iştirak ediblər”.
Gərgin mübarizə şəraitində keçən yarışın yekunlarına əsasən Yasamal rayon 31 nömrəli tam orta məktəb I yerə, Sabunçu rayon 169 nömrəli tam orta məktəb II yerə, Xəzər rayon 117 nömrəli tam orta məktəb III yerə layiq görülüb.
Qeyd edək ki, yarışda ilk 2 yeri tutan komandalar “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıblar.
İlk şərhi yaza bilərsiniz