BAYRAQDAR MEDİA – Kənd Təsərrüfatı Nazirliyinin (KTN) tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən 13-15 iyun tarixlərində Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya KTN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd olunur ki, “Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı) ünvanında fəaliyyət göstərəcək yarmarkada ümumilikdə 20-yə yaxın regiondan 50-dən çox fermerin iştirakı gözlənilir. 3 gün müddətində, saat 9:00-dan 19:00-dək təşkil olunacaq yarmarkada fermerlər 150-dən artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər”.
Sonra xəbərdə, “yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək, onları alternativ satış nöqtələri ilə təmin etmək, eyni zamanda şəhər sakinlərinin təbii, yerli və sağlam kənd məhsullarına əlçatanlığını artırmaqdır. Yarmarkada fermerlər piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar” deyə bildirilir.
Qeyd edək ki, satışa çıxarılacaq məhsulların kеyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət edəcək. Məhsulların keyfiyyəti ilə bağlı sualı yaranacaq vətəndaşlar yarmarkada fəaliyyət göstərən Səyyar Qida laboratoriyasının xidmətlərindən faydalana bilərlər.
İlk şərhi yaza bilərsiniz