Press "Enter" to skip to content

Kıbrıs türkləri bundan sonsuz məmnun olar

Okyay Sadıkoğlu (sağda) və Nadir Azəri

Okyay Sadıkoğlu: Çox istərdik ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Kuzey Kıbrısa səfər etsin və biz də onu orada böyük sevgi ilə qarşılayaq

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi bu günlərdə Baku Expo Mərkəzində II Türk Ticarət Sərgisi keçirilib. Türk dünyası üçün atılan addımlardan biri kimi dəyərləndirilən bu tədbirdə Kuzey Kıbrıs Türk Cümhuriyyətindən (KKTC) də dövlət və özəl sektorun təmsilçilər qatılıb.

KKTC türk dünyasının ayrılmaz bir parçasıdır

Onlardan biri də MÜSİAD Kıbrısın qurucu başqanı və Kuzey Kıbrıs Tanıtım Platformasının rəhbəri Okyay Sadıkoğludur. Onun BAYRAQDAR MEDİA-ya özəl müsahibəsində həm sərgi, həm də KKTC ilə Azərbaycan arasındakı əlaqələrlə bağlı suallara cavab almağa çalışmışıq.

Bu təmaslar yaxın gələcəkdə müsbət nəticələrini göstərəcək

– Okyay bəy ümumilikdə bu sərgini necə dəyərləndirirsiniz?

– Biz bu kimi tədbirləri türk dünyasının inteqrasiyası prosesində növbəti addım kimi dəyərləndiririk. Yəni KKTC olaraq belə sərgilərdə iştirak etməklə türk dünyasına inteqrasiya prosesində daha dərin və önəmli addımlar atmış oluruq. Bu sərgi həm ziyarət, həm də əməkdaşlıq xarakteri daşıdığı üçün olduqca maraqlıdır. Sərgidən çox məmnun qaldıq.

Sərgidən xatirə fotosu
Sərgidən xatirə fotosu

Gözəl bir təşkilatçılıq vardı. Bir çox türk dövlətindən şirkət və qurumların burada təmsil olunması bizə həmin ölkələrlə əməkdaşlıqda yeni səhifələr açmaq imkanı yaradır. Bu sərgi vasitəsilə biz həm həmin ölkələrdə nələrin istehsal edildiyi barədə məlumat əldə etdik, həm də qarşılıqlı əlaqələri gücləndirməyin yollarını müzakirə etdik. İnanıram ki, bu təmaslar yaxın gələcəkdə müsbət nəticələrini göstərəcək. Təbii ki, biz də KKTC şirkət və qurumları olaraq nələri edə biləcəyimiz, imkanlarımız haqqında ətraflı məlumat verdik. Qarşılıqlı əməkdaşlıq üçün çox gözəl imkanların olduğunu göstərdik. Ümumiyyətlə, bu cür platformalar türk dünyasının iqtisadi inteqrasiyası üçün son dərəcə əhəmiyyətlidir.

Bu, KKTC-nin türk dünyasında yerini bir daha təsdiqləyir.

-Bu cür tədbirlər bir çox, o cümlədən siyasi baxımdan mühüm əhəmiyyət kəsb edir. Bunu necə dəyərləndirirsiniz?

-Mən eyni zamanda Kuzey Kıbrıs Ticarət Palatasının rəhbəriyəm və sizin də qeyd etdiyiniz kimi, bu cür tədbirlər siyasi baxımdan da çox önəmlidir. Şəxsən bizim prizmamızdan baxsaq belə sərgilər və tədbirlər KKTC-nin türk dünyasında yerini bir daha təsdiqləyir. Biz bu tədbirlərdə iştirak etməklə bütün dünya dövlətlərinə mövqeyimizi nümayiş etdiririk. Bu baxımdan bu cür tədbirləri bir fürsət kimi dəyərləndiririk və bu fürsəti ən səmərəli şəkildə qiymətləndirməyə çalışırıq. Harada keçirilməsindən asılı olmayaraq, bu tədbirlərə ən yüksək səviyyədə qatılmağa və təmsil olunmağa çalışırıq. Eyni zamanda, bu cür tədbirlərin davamlı şəkildə keçirilməsinin tərəfdarıyıq.

Bu əməkdaşlıq yalnız Bakı ilə məhdudlaşmamalı, Azərbaycanın bölgələrini də əhatə etməlidir

-Bəllidir ki, siyasi əlaqələr o zaman daha möhkəm olur ki, onlar güclü iqtisadi əlaqələrə söykənir. Szi həm də KKTC-dən bir iş adamı olaraq, bu kontekstdə Azərbaycanda iqtisadi sahədə hansı addımların atılmasını zəruri hesab edirsiniz?

-Təbii ki, siyasi birliklərdən öncə iqtisadi əməkdaşlıqlar qurulur. Konkret sualınıza gəlincə, Kuzey Kıbrısın turizm sahəsində çox böyük imkanları və perspektivləri var. Eyni zamanda ali təhsil sahəsində də olduqca yaxşı imkanlara malikik. Bundan əlavə, Kuzey Kıbrısda istehsal edilən çox keyfiyyətli və orqanik qida məhsulları var. Bank-maliyyə sektorumuz da çox inkişaf edib. Ağ dənizin ortasında yerləşməyimiz səbəbilə sərbəst iqtisadi zonalar – azad ticarət bölgələri mövcuddur.

Sərgi zamanı
Sərgi zamanı

Əgər azərbaycanlı iş adamları Kuzey Kıbrısa gəlmək istəsələr, biz onlara sonadək dəstək verməyə hazırıq. Bu, bizim üçün çox önəmlidir. Eyni zamanda, Kuzey Kıbrısdan Azərbaycana gələcək iş adamları da burada hansı sahələrə sərmayə qoya biləcəklərini, hansı istiqamətlərdə fəaliyyət göstərə biləcəklərini araşdırmalı, dərin təhlillər aparmalıdırlar. Hesab edirəm ki, bu əməkdaşlıq yalnız Bakı ilə məhdudlaşmamalı, Azərbaycanın bölgələrini də əhatə etməlidir.

Azərbaycanla Kuzey Kıbrıs arasında müxtəlif sahələrdə qardaşlaşma müqavilələri imzalanmalıdır

-Bu bir həqiqətdir ki, iş adamları, təkcə iqtisadi deyil, həm də sosial fəaliyyətləri ilə seçilirlər. Bu baxımdan sosial sahələrdə atılan addımlara dəstək, xüsusilə də QHT-lər arasında əməkdaşlıqlara dəstəklə bağlı nələr edilməlidir?

-Sualınıza cavab verməzdən öncə belə bir təklifim var: Azərbaycanla Kuzey Kıbrıs arasında müxtəlif sahələrdə qardaşlaşma həyata keçirilməli, qardaşlaşma müqavilələri imzalanmalıdır. Məsələn, Azərbaycan və Kuzey Kıbrısın qeyri-hökumət təşkilatları arasında ikitərəfli qardaşlaşma müqavilələri imzalana bilər. Eyni şəkildə universitetlər arasında da belə müqavilələr imzalanmalıdır. Həmçinin bələdiyyələr arasında da qardaşlaşma münasibətləri qurula bilər. Bu proses daha sonra şəhərlər arasında qardaşlaşma müqavilələrinin imzalanması və əməkdaşlığın davamlılığının təmin edilməsi ilə inkişaf edə bilər. Bu baş verərsə, təbii ki, iş adamları da sosial sahələrdə dəstək verməkdən çəkinməzlər. Əslində bu dəstək təəccüblü deyil. Çünki QHT-lər və könüllü təşkilatların maddi imkanları yoxdur – onlar istehsal fəaliyyəti göstərmir, qazanc əldə etmirlər. Buna görə də kənardan dəstəyə ehtiyacları var və bu dəstəyi, dediyim kimi, iş adamları göstərə bilər.

Kıbrıs türk xalqı Azərbaycan xalqını çox sevir

-Son olaraq, bu günlərdə Azərbaycan keçirilən müxtəlif tədbirlər çərçivəsində Kuzey Kıbrısdan çoxsaylı qonaqlar, rəsmi şəxslər, Baş nazir, baş nazirin müavini və müxtəlif nazirlər səfər edir. Bu səfərləri ümumilikdə necə dəyərləndirirsiniz?

-Mən bu səfəri belə dəyərləndirirəm: Kuzey Kıbrıs Türk Cümhuriyyəti türk dünyasının bir parçasıdır. Özü də ayrılmaz bir parçası. Türk dövlətləri ilə sıx təmaslara böyük önəm veririk. Amma biz Azərbaycanla olan münasibətlərimizi daha fərqli və daha doğma münasibətlər kimi qiymətləndiririk. Buna görə də “bir millət, üç dövlət” deyirik.

Sərgi öncəsi Okyay bəy müvafiq göstərişlər verir
Sərgi öncəsi Okyay bəy müvafiq göstərişlər verir

Kuzey Kıbrıs türk xalqı Azərbaycan xalqını çox sevir. Bu sevgidən irəli gələrək, iki dövlət arasında əlaqələr durmadan genişlənir, inkişaf edir və dərinləşir. Ayrı-ayrı nazirlərimizin, o cümlədən baş nazirimizin belə tədbirlərdə iştirakı bu münasibətlərin daha da güclənməsinə böyük töhfə verir. Eyni şəkildə biz də qarşı tərəfdən bu səfərlərin sıxlaşmasını istəyirik. Şəxsən mənim bir arzum var: Azərbaycanda Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatarı çox yüksək səviyyədə və qonaqpərvərliklə qarşılanıb. Biz çox istərdik ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev də Kuzey Kıbrısa səfər etsin və biz də onu orada böyük sevgi və isti münasibətlə qarşılayaq. Bir sözlə, biz Azərbaycan Prezidentini Kuzey Kıbrısta görmək istəyirik. Cümhurbaşqanımız Ersin Tatar Bakıya məhz cənab İlham Əliyevin dəvəti ilə gəlmişdi və Kuzey Kıbrıs türk xalqı – yaşlısı da, gənci də – bu dəvətdən və qarşılanmadan çox xoşbəxt oldu, böyük sevinclə qarşıladı. Dediyim kimi, biz də cənab İlham Əliyevi Kuzey Kıbrısta ən yüksək səviyyədə qarşılamaq istəyirik. Əgər bu səfər reallaşarsa, Kıbrıs türkləri bundan sonsuz məmnun olar.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.