Press "Enter" to skip to content

Mədəniyyət Hüququ üzrə magistrantlara sertifikatlar verilib

Mədəniyyət Hüququ üzrə magistrantlara sertifikatlar verilib

BAYRAQDAR MEDİA – 2024/2025-ci tədris ilindən başlayaraq Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin magistratura pilləsində “Mədəniyyət hüququ” ixtisaslaşması üzrə kadr hazırlığı həyata keçirilir. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bu ixtisas üzrə təhsil alan magistrantların bilik və bacarıqlarının artırılması məqsədilə onların bir qrupu 2024-cü ilin dekabr ayında Türkiyəyə ezam olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “layihə Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyasının Ankara və Bakı şəhərlərində reallaşan iclaslarında əldə edilmiş razılığa uyğun olaraq həyata keçirilib. İyunun 12-də Mədəniyyət Nazirliyində Türkiyədə təcrübə keçmiş magistrantlara qardaş ölkənin Mədəniyyət və Turizm Nazirliyinin sertifikatları təqdim olunub. Mədəniyyət nazirinin müavini Fərid Cəfərov layihənin əhəmiyyətini vurğulayıb, magistrantlara uğurlar arzulayıb”.

Qeyd edək ki, BDU-nun magistrantları ezamiyyət zamanı Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Hüquq Müşavirliyi və mədəni sərvətlərin bərpası üzrə laboratoriyaların fəaliyyəti ilə yaxından tanış olublar. Tələbələr abidələrin bərpa və konservasiyası, qorunması sahəsində Türkiyənin qabaqcıl mütəxəssisləri görüşüb, laboratoriyalarda bərpa prosesini əyani şəkildə izləyiblər. Bundan əlavə, proqram çərçivəsində tələbələr mədəniyyət sərvətlərinin ölkədən qanunsuz çıxarılması və gətirilməsinin qarşısının alınmasına yönələn UNESCO-nun 1970-ci il Konvensiyasının tətbiqi ilə bağlı məlumat alıblar.

Səfər çərçivəsində magistrantlar, eyni zamanda, Türkiyə inzibati məhkəmə orqanı – Danıştay, Ankara Bölgə İdarə Məhkəməsi və Azərbaycanın Türkiyədəki səfirliyinin tabeliyindəki Azərbaycan Mədəniyyət Mərkəzində də olub, qurumların fəaliyyəti ilə yaxından tanış olmaq imkanı qazanıblar.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.