Press "Enter" to skip to content

Nazir Olgun Amcaoğlu “MÜSİAD Azərbaycan”da olub

Görüş zamanı

BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin iqtisadiyyat və enerji naziri Olgun Amcaoğlu və KKTC-nin Bakı nümayəndəliyi heyəti MÜSİAD Azərbaycanı ziyarət edib. Ziyarət zamanı İdarə Heyəti sədri Rəşad Cabirli və MÜSİAD Azərbaycan üzvlərizlə görüş keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya “MÜSİAD Azərbaycan”dan məlumat verilib.

Bildirilib ki, “görüş çərçivəsində Rəşad Cabirli İctimai Birliyin fəaliyyəti, həyata keçirilən layihələr və qarşıdakı hədəflər barədə ətraflı məlumat verib. O, həmçinin Azərbaycan ilə KKTC arasında iqtisadi əməkdaşlığın genişləndirilməsində birlik və həmrəyliyin mühüm rol oynadığını qeyd edib. Sədr, Azərbaycanın yalnız 10 milyonluq daxili bazar olaraq deyil, eyni zamanda Müstəqil Dövlətlər Birliyinə (MDB) açılan strateji körpü kimi dəyərləndirilməsinin vacibliyini vurğulayıb. O, ölkənin potensialının tanıdılması baxımından təqdimat materiallarının əhəmiyyətini önə çəkib və bu məqsədlə nəşr olunan “Azerbaycana Gelmek İçin 101 Neden” kitabını qonaqlara hədiyyə edib”.

Məlumata əsasən, nazir Olgun Amcaoğlu isə “bir millət, üç dövlət” ifadəsi ilə xarakterizə etdiyi Azərbaycan, Türkiyə və KKTC arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə, xüsusilə də iqtisadi platformalarda daha da gücləndirilməsinin vacibliyini qeyd edib: “O, bu istiqamətdə üçtərəfli əməkdaşlığın inkişafında MÜSİAD Azərbaycan kimi iş adamları təşkilatlarının rolunu yüksək qiymətləndirib. Görüş zamanı qarşılıqlı investisiya imkanları, xüsusilə turizm, enerji və istehsalat sahələrində potensial əməkdaşlıq layihələri müzakirə olunub, gələcəkdə ortaq təşəbbüslərin həyata keçirilməsi istiqamətində ilkin razılaşmalar əldə edilib”.

Tədbirin sonunda xatirə fotosu çəkilmiş, qarşılıqlı olaraq hədiyyələr təqdim olunub. Belə görüşlərin mütəmadi şəkildə təşkilinin, iş dünyasının bir araya gəlməsi və strateji tərəfdaşlığın dərinləşməsi baxımından böyük əhəmiyyət daşıdığı bir daha vurğulanıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.