Press "Enter" to skip to content

Atasının adını ləyaqətlə yaşadan övlad

Şəbnəm Tofiqqızı

Şəbnəm TOFİQQIZI: Bir övlad üçün də atasının adını ləyaqətlə yaşatmaq böyük xoşbəxtlikdir.

BAYRAQDAR MEDİA – Bəzən dostlarla görüşürük, çay içib söhbət edirik. Bir də baxırıq ki, yaxşı bir müsahibə alınarmış, amma fürsəti qaçırmışıq. Şəbnəm xanım da belə dostlardan biridir. Ara-sıra görüşüb yaradıcılıq söhbətləri edirik. Elə buna görə də düşündüm ki, onunla söhbətlərdən birini dəyərli oxucularımız üçün də təqdim edək. Açığı, ilk andan fikrim bu idi ki, suallarımın cavablarından bir yazı hazırlayım. Amma verilən cavablardan sonra fikrimi dəyişməli oldum. Çünki cavablar dəqiq, səhih, qısa olmaqla bərabər o qədər əhatəli idi ki, müdaxilənin yerinə düşməyəcəyi qənaətinə gəldim. Ona görə də müsahibəmizi sual-cavab şəklində təqdim edirik.

Hər yeni kitabım çap ediləndə atam çox sevinir

-Şəbnəm xanım, sizi oxuculara necə təqdim etsək daha uyğun olar?

-Xoş gördük sizi. Sadəcə Şəbnəm Tofiqqızı kimi təqdim edə bilərsiniz. Bəziləri məni müəllim kimi, bəziləri ssenarist kimi tanıyır. Bəzən də hansısa pyesin, yaxud da mahnının müəllifi kimi tanıyanlar var. Ona görə də ən yaxşısı məni atamın adı ilə – Şəbnəm Tofiqqızı kimi təqdim edin. Qeyd edim ki, hər yeni kitabım çap ediləndə atam üzərində öz adını da görüb çox sevinir, fərəhlənir. Bir övlad üçün də atasının adını ləyaqətlə yaşatmaq böyük xoşbəxtlikdir. O baxımdan belə təqdimatın özü də mənim üçün böyük xoşbəxtlikdir.

Yaradıcılıq doğuşdan bəxş edilmiş bir xoşbəxtlikdir

-Pedaqoq, ssenarist, dramaturq – hamısı bir arada necə mümkün olur?

-Necə? Əlbəttə ki, çətindir. Çətin olmaqla bərabər gözəldir, zövqvericidir. Ssenarinin özü ayrıca bir sənət sahəsidir. Ssenarist öz xəyal aləmində obrazlar yaradır, onların dilindən danışır, gülür, sevinir, kədərlənir. Dramaturgiya isə riyazi elmlər qədər dəqiqliyi sevən bir sahədir. Özünüz də bunu bilirsiniz. Bu iki sənət sahəsinin biri kinodur, biri də teatr. Birində obrazların dili ilə səhnədə danışırıq, digərində isə təsvir vasitəsi ilə ekranda. Bu iki sənət sahəsi arasında bir də pedaqoq kimi çalışmaq mənə çox zövq verir. Elə tədris etdiyim də ssenari, dramaturgiya, nəzəriyyələr və kino sənəti ilə bağlı olduğu üçün zövq alıram. İşlə bərabər yaradıcılıqla məşğul olmaq çox maraqlıdır. Bu isə məni yormur, əksinə zövq verir. Çünki bəzən sual verirlər ki, bu qədər gərgin işin içində necə olur ki, yeni bir pyes yaranır, yeni kitab çap etdirirsən? Deyim ki, hansısa bir hekayə beynimdə – təsəvvürümdə canlananda inanın ki, məni yormur. Əksinə bundan xüsusi zövq alıram, motivasiyam, işləmək həvəsim artır hətta. Yəni yaradıcılıq doğuşdan – ilahi tərəfindən bəxş edilmiş bir xoşbəxtlikdir. İlahidən gələnin isə icra edilməsinin özü də bir xoşbəxtlik, əlavə gözəllikdir.

Yaradıcılıq uğuru – dünyaya bəxş edilən işıq

-İş və şəxsi həyat: bunları uzlaşdırmaq üçün nə etmək lazımdır?

-Uzlaşdırmaq çox çətindir. Çünki iş, şəxsi həyat, eləcə də yaradıcılıq – hamısını bir arada, eyni anda paylaşmaq asan olmur. Bəzən buna vaxtımız yetmir. Amma insan durumundan, işindən, peşəsindən zövq alanda, əlbəttə zamanın da çarəsini tapır. Və belə bir deyim var: xoşbəxt insan o insandır ki, evdən işə, işdən də evə tələssin. Allah bu xoşbəxtliyi heç vaxt bizdən əsirgəməsin. Yəni bəzən insan nə qədər yorğun olursa, olsun, evə gəlib övladı ilə vaxt keçirəndə, onu sevindirəndə inanın ki, dünyalara dəyər. Belədə insanın bütün gərginliyi, yorğunluğu yox olur sanki. Yaxud da yaradıcılıqda hansısa uğur olanda elə bil insan dünyaya bir zərrə işıq bəxş etmiş kimi sanır özünü.

Şəbnəm Tofiqqızı
Şəbnəm Tofiqqızı

…dost seçilmiş və təkdir

-Dostlarınız çoxdur?

-Bəli, ümumi anlamda desəm, dostlarım çoxdur. Amma insani keyfiyyətlər baxımından mən bir qədər fərqliyəm. Yəni bölüşməyi, paylaşmağı o qədər də sevmərəm. Xüsusən də şəxsi məsələləri ümumiyyətlə bölüşmürəm. Özümü tanıyandan sevincimi də, kədərimi də, hər sözümü də tək anamla paylaşmışam həmişə. Dostluq gözəl duyğudur ümumiyyətlə. Dost sözünün özünün belə bir hikməti var, heç hecaya da bölünmür. Yəni dost seçilmiş və təkdir.

Daha çox dostlara vaxt ayıra bilirəm…

-Kimə daha çox vaxt ayırırsınız: dostlara, yoxsa qohumlara?

-Bir az həssas sual oldu açığı. Çünki qohumlarla olduqca az görüşürük. Vaxt baxımından deyirəm. Vaxt isə çox amansızdır. Bəzən insan onu tənzimləyə, öz vaxtını paylaşa bilmir. Bu baxımdan az-az görüşürük qohumlarla. Bəzən də onlar üçün çox darıxıram. Amma yenə də deyirəm ki, vaxt baxımından çətindir. Dostlara isə qısa da olsa vaxt ayırmağa imkan olur. Bəzən iş arası görüşürük. Vacib məsələlər olur, müzakirə edirik. Birgə fikirləşir, götür-qoy edirik. Bu baxımdan daha çox dostlarla görüşdüyümü deyə bilərəm. Sirr deyil ki, bəzən dostların fikrinə, məsləhətinə ehtiyac olur. Ona görə də birlikdə müzakirə edirik, yeni fikirlər, yeni layihələr haqqında danışırıq. Belə hallar çox olur və o baxımdan dostlara daha çox vaxt ayırmış oluram.

Danışmaqdansa, həyata keçirmək düzgün olar

-Sirr deyilsə, həyat kredonuz nədir?

-Sirr deyil deyə bilərəm. Amma öncədən də demək istəməzdim. Allahın köməyi ilə, yeni planlarımız çoxdur. Böyük layihələr, böyük məqsədimiz var. Yəni qarşıda böyük planlarım var. Düşünürəm ki, bu barədə danışmaqdansa, iş görmək, istəkləri həyata keçirmək daha düzgün olar. O baxımdan hər bir planımız həyata keçdikcə elə medianın da vasitəsi ilə məlumat verəcəyik. Yeri gəlmişkən, sizə çox təşəkkür edirəm ki, BAYRAQDAR MEDİA olaraq hər zaman yanımızdasınız, bizimləsiniz. Hər bir təşəbbüsümüzdə sizin bir media qurumu olaraq dəstəyinizi daim öz üzərimizdə hiss edirik, bu etimada görə də yeri gələndə dostlar, bizi tanıyanlar arasında qürurlanırıq.

Səmimi ortam yaratdınız…

-Fərqli suallar ətrafında söhbət etdik. Yorulmadınız ki?

Siz peşəkar mətbuat adamı, media təmsilçisiniz. Sizinlə həmsöhbət olmaqdan insan yorularmı? Əlbəttə yorulmadım. Özü də sualları elə seçmisiniz ki, insan istər-istəməz ürək qızdırır, səmimi cavablar verməli olur. Həm də müsahibə zamanı səmimi ortam yaratmaq ən gözəl iş – böyük qələbədir. Yeri gəlmişkən, sizin bütün yazılarınızı oxuyuram və daim görürəm ki, bu ortamı yaratmağı bacarırsınız. Onu da deyim ki, əvvəlcə suallarınızdan bir az çəkindim. Qorxdum ki, müsahibə necə alına bilər? Amma söhbət əsnasında gördüm ki, çox səmimi bir ortam yarandı. İnsansa eşitdiyi səliqəli suallara səliqəli də cavab verir. Bu baxımdan özümü heç yorğun hiss etmirəm.

…mən necə, sizi yormadım ki?

-Elə isə bizim vermədiyimiz, özünüzün cavablandırmaq istədiyiniz suala da cavabınız maraqlı olardı.

-İnanın ki, siz söhbətimiz zamanı elə məsələlərə toxundunuz ki, mənim də cavablandırmaq istədiyim əsas suallar onlar idi. Belə baxanda bundan artıq – özümün verə biləcəyim bir sual ən azından indilikdə ağlıma gəlmir. Düzü, heç sizin suallarınızın qarşısında verməyə nəsə əlavə sual da tapa bilmirəm. Sadəcə soruşmaq istərdim ki, mən necə, sizi yormadım ki?

…sanki sizə hesabat verməyə tələsirəm

-Nə danışırsınız? Əksinə, olduqca maraqlı müsahibsiniz. Qısa, konkret, açıq və səmimi danışdınız. Maraqlı söhbət oldu, şəxsən mən böyük zövq aldım. Bu səmimiyyətə görə sizə əlavə təşəkkür edirəm. Yazılan söz yadigardır, sizin də sözləriniz yazıldı, yadigar oldu.

-Elə mən də bu söhbətdən zövq aldım. Sizinlə həmsöhbət olmaq, suallarınızı cavablandırmaq mənim üçün çox xoş oldu. Maraqlı və çox da yerinə düşən suallarınız oldu. Mən də çalışdım ki, dürüst və səmimi şəkildə onları cavablandırım. Əlbəttə hər söhbət, hər görüş bir tarixdir. Bu günün tarixinə də bizim söhbətimiz yazılmış oldu. Fürsətkən mən sizə çox sağ olun deyirəm. Çünki bütün təşəbbüslərimizdə, tədbirlərimizdə yanımızda olursunuz, təmənnasız dəstəyinizi əsirgəmirsiniz. Öz qələminiz, çıxışlarınızla həmişə bizə dəstək olursunuz. Bu isə bizə çox böyük şərəf hissi yaşadır. Bu münasibətinizi nəzərə alaraq mən hər zaman sizə yeni layihə, kitab, əsər və s. təşəbbüslərim haqqında sanki hesabat verməyə tələsirəm. Çünki bilirəm, bunları dəyərləndirməyi bacarırsınız. Ona görə də yanımızdasınız, bizim işlərimizi işıqlandırırsınız. Bu baxımdan sizin üçün yeni bir xəbərimiz də var. Artıq yeni bir pyesim yazılıb, hazırdır. Çox maraqlı bir mövzuya aiddir özü də. Yaxın zamanda bu haqda daha ayrıntılı məlumatı sizə təqdim etməyi düşünürəm. İndiliksə demək istərdim ki, psixoloji bir əsərdir, gənclərin psixoloji durumu – sırf depressiya, stresslə bağlıdır. Son tamamlama işlərimiz qalıb, onları da həll edən kimi sizə təqdim edəcəyik. Çox sağ olun.

-Maraqlı söhbət üçün siz sağ olun, Şəbnəm xanım.

Redaksiyadan: Əslinə qalanda bu müsahibə Şəbnəm Tofiqqızının iyunun 13-nə təsadüf edən ad gününə nəzərdə tutulmuşdu. Sadəcə gündəmi işğal edən qlobal fəlakət – İran-İsrail savaşı bizi bu nəcib işimizdən bir neçə gün uzaqlaşdırmış oldu. Gec də olsa, Şəbnəm xanımı təbrik edir, yeni-yeni uğurlarını görməyi diləyirik.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.