Press "Enter" to skip to content

İqtisadiyyat naziri Avstriyaya səfər edib

Görüşlər zamanı

Son yeniləmə: 18 İyun 2025

BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov OPEC Beynəlxalq İnkişaf Fondunun Forumunda iştirak etmək üçün Avstriyanın paytaxtı Vyanaya səfər edib. Səfər çərçivəsində bir sıra görüşlər keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “iqtisadiyyat naziri Mikayıl Cabbarov Ərəb Koordinasiya Qrupuna daxil olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi İnkişaf Fondunun baş direktoru Məhəmməd Saif Əl Suveydi ilə görüşüb. Görüşdə Azərbaycan və BƏƏ arasında iqtisadi-ticarət əlaqələrinin genişləndiyi vurğulanıb. BƏƏ-nin Azərbaycanın bərpaolunan enerji sahəsinə sərmayə qoyuluşu, həmçinin Fondun ölkəmizdə infrastruktur layihələrinə göstərdiyi dəstək qeyd olunub. Ölkəmizin iqtisadi potensialı və əlverişli işgüzar mühiti barədə məlumat verilib. Tərəflər enerji, infrastruktur, innovasiya və digər istiqamətlərdə əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər. Fondun ölkəmizdə prioritet sahələrə sərmayə qoyuluşu imkanları müzakirə olunub”.

Məlumata görə, İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir ilə görüşdə Qrupa daxil olan qurumlarla uğurlu əməkdaşlıq həyata keçirildiyi bildirilib: “Davamlı artım və infrastruktur quruculuğu baxımından Bankla səmərəli tərəfdaşlıq qeyd olunub. Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar və prioritetlər haqqında məlumat verilib. Birgə fəaliyyətin genişləndirilməsi, ölkəmizin özəl sektorunda inkişaf, 2026-cı ildə İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısının Azərbaycanda keçirilməsi və gündəlikdə olan digər məsələlərə dair fikir mübadiləsi aparılıb”.

Məlumata əsasən, OPEC Beynəlxalq İnkişaf Fondunun prezidenti Əbdülhəmid Əlxəlifə ilə görüşdə qarşılıqlı əlaqələrin ölkəmizin enerji sektorunun şaxələndirilməsinə töhfə verdiyi qeyd edilib. Bərpa olunan enerji, infrastruktur və texniki yardım sahələrində işbirliyi imkanları dəyərləndirilib: “Görüş çərçivəsində İqtisadiyyat Nazirliyi və OPEC Beynəlxalq İnkişaf Fondu arasında əməkdaşlıq istiqamətlərinə dair Ölkə üzrə Tərəfdaşlıq Çərçivə Sənədi imzalanıb. 2025-2030-cu illəri əhatə edən sənəd sənaye, bərpa olunan enerji, nəqliyyat, infrastruktur və digər istiqamətlərdə dövlət və özəl sektor layihələrinin dəstəklənməsini nəzərdə tutur. Sənəd çərçivəsində həyata keçiriləcək təşəbbüslər iqlim maliyyələşməsi, inklüziv artım, eləcə də kiçik və orta sahibkarlığın inkişafı baxımından önəm kəsb edir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.