BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi ötən həftə Baku Expo Mərkəzində II Türk Ticarət Sərgisi keçirilib. Türk dünyası üçün atılan addımlardan biri kimi dəyərləndirilən bu tədbirdə Kuzey Kıbrıs Türk Cümhuriyyətindən (KKTC) də dövlət və özəl sektorun təmsilçilər qatılıb.
Onlardan biri də MÜSİAD Kıbrısın qurucu başqanı və Kuzey Kıbrıs Tanıtım Platformasının rəhbəri Okyay Sadıkoğludur. Bakıda olarkən BAYRAQDAR MEDİA-ya özəl müsahibə də verən Okyay Sadıkoğlu ölkəmizdən xoş təəssüratla ayrılıb. Belə ki, o KKTC mediasına açıqlamasında KKTC-nin Azərbaycanda tanıdılması məqsədilə genişmiqyaslı təmaslarda bulunduğunu qeyd edib.
Məlumata görə, O.Sadıkoğlu açıqlamasında Azərbaycan xalqının KKTC-yə olan marağının hər keçən gün daha da artdığını bildirərək bunları deyib: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi Kuzey Kıbrıs Türk Cümhuriyyətində görməkdən son dərəcə məmnun olarıq. Qardaş Azərbaycan Prezidentini adamızda qəbul etmək ən böyük arzumuzdur.”
Kuzey Kıbrısla Azərbaycan arasındakı qardaşlıq bağlarının daha da möhkəmləndirilməsi baxımından bu cür səfərlərin böyük əhəmiyyət daşıdığını vurğulayan O.Sadıkoğlu, Türk dünyası ilə inteqrasiya prosesində KKTC-nin layiq olduğu yeri alması üçün səylərini qətiyyətlə davam etdirəcəklərini bildirib.









