BAYRAQDAR MEDİA – Ötən həftə Azərbaycanda səfərdə olan Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) iqtisadiyyat və enerji naziri Olgun Amcaoğlu və KKTC-nin Azərbaycandakı nümayəndəliyinin müşaviri Ulaş Kıvılcım Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) qonağı olublar.
Bu barədə BAYRAQDAR MEDİA-ya ATİB-dən məlumat verilib.
Bildirilib ki, “qonaqları ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, İdarə Heyətinin üzvləri Rafiq Qarayev, Seymur Bünyatov, Araz İsmayılov qəbul ediblər.
Görüş zamanı Türk Dövlətləri Təşkilatı çərçivəsində KKTC və Azərbaycan arasında əməkdaşlığın cari vəziyyəti və prespektivləri müzakirə olunub. ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov təşkilatın əsas fəaliyyət istiqamətləri, strateji hədəfləri və üzvlərinə göstərdiyi dəstək mexanizmləri barədə ətraflı məlumat verib. O qeyd edib ki, ATİB Azərbaycan, Türkiyə və KKTC-dən olan iş adamları üçün birgə platforma rolunu oynayaraq, türk dünyasında iqtisadi inteqrasiyanın dərinləşməsinə töhfə verir”.
Məlumata görə, Olgun Amcaoğlu Azərbaycan ilə KKTC-nin turizm, təhsil, texnologiya sahələrində mövcud vəziyyət və potensial imkanlardan bəhs edərək Azərbaycanla müvafiq sahələrdə əməkdaşlığın genişləndirlməsində maraqlı olduğunu dilə gətirib.
Görüş çərçivəsində tərəfləri maraqlandıran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq istiqamətində qarşılıqlı işgüzar səfərlərin təşkili ilə bağlı ilkin razılıq əldə olunub.
Görüşün sonunda Olgun Amcaoğluna ATİB adından xatirə hədiyyəsi təqdim olunub.
İlk şərhi yaza bilərsiniz