Press "Enter" to skip to content

Türk dünyası Güney Azərbaycana sahib çıxmalıdır

Məcid Cavadi

Məcid Cavadidən türk dövlətlərinin rəhbərlərinə müraciət

BAYRAQDAR MEDİA – “Gələn ay Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə görüşü keçiriləcək. Bu Zirvə görüşü iki baxımdan bizim üçün əhəmiyyət kəsb edir. Əvvəla ona görə ki, Zirvə görüşü Azərbaycanda olacaq. İkincisi isə Zirvə görüşü region və dünya üçün gərgin bir dövrdə, İran-İsrail müharibəsi fonunda keçiriləcək. Çünki bu müharibə eyni zamanda türk dünyasının bir parçası olan Güney Azərbaycanla bağlı da əsaslı narahatlıqlar yaradıb”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Cavadi deyib.

Onun sözlərinə görə, İran-İsrail savaşı ortaya mühüm bir reallığı çıxarıb: “Bu reallıq odur ki, İranda yeni tarix keçmişdəkindən tamamilə fərqli olacaq. Artıq indiki İrana, idniki rejimə gələcəkdə yeri yoxdur. Bu rejimi və bu İranı yaxın gələcəkdə, həmiçinijn bundan sonra heç bir vaxt görməyəcəyik”.

M.Cavadi hesab edir ki, fars-molla rejimi son aylarını, bəlkə də son günlərini yaşayır: “Məhz belə bir ərəfədə təbii ki, Güney Azərbaycan türklərinin müqəddəratı xüsusi önəm kəsb edir. Bu gün dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını, o cümlədən bütün türkləri, ümumilikdə türk dünyasını Güney Azərbaycanlıların taleyi xüsusilə maraqlandırmalı, Güney Azərbaycan türklərinin gələcək müqəddəratı hər birimizi narahat etməlidir”.

Müsahibimiz qeyd etdi ki, bu narahatlıq üçün isə kifayət qədər ciddi əsaslar var: “Çünki hələ İranla İsrail arasında hərbi toqquşmadan öncə də baş verən proseslər, Güney Azərbaycana məxsus torpaqlarda süni şəkildə terrorçu təşkilatların yerləşdirilməsi ciddi narahatlıq yaradırdı. İndiki məqamda isə həmən terror qrupların istər özlərinin istəyi olaraq, istərsə də kənar qüvvələr tərəfindən hərəkətə gətirilməsi və Güney Azərbaycan türklərinə qarşı istifadə edilməsi təhlükəsi tam çılpaqlığıyla ortadadır”.

Məcid Cavadi dedi ki, bu narahatlığı Türk Dövlətləri Təşkilatı da diqqətə almalıdır: “Fürsətdən istifadə edərək Güney Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü olaraq, bir Güney Azərbaycan türk olaraq türk dünyasının liderlərinə, xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edirəm. Türk dünyası Güney Azərbaycana sahib çıxmalıdır. Bu gün Güney Azərbaycanlıların hüquqlarının qorunması, eyni zamanda gələcək İranın fonunda Güney Azərbaycan türklərinin varlığı məsələsi diqqət mərkəzində olmalıdır. Mən türk dövlətləri başçılarından xahiş edirəm ki, Zirvə görüşündə Güney Azərbaycan məsələsinə də xüsusi diqqət ayrılsın. Çünki bu, sadəcə Güney Azərbaycanın deyil, türk dünyasının da gələcəyi üçün önəmlidir. Əgər Zirvə görüşündə bu məsələ də müzakirə edilsə, bu, Güney Azərbaycanın tək olmadığını bütün dünyaya nümayiş etdirmiş olar”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.