Sadık Gardiyanoğlu: KKTC-də kənar və zərərli təsirlərin qarşısını almaq üçün ailəyə yönəlik sosial dəstək proqramları həyata keçirilir
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi ötən həftə Bakıda Türk Dövlətləri Təşkilatının Ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası keçirilib. Tədbirdə Kuzey Kıbrız Türk Cümhuriyyətinin əmək və sosial müdafiə naziri Sadık Gardiyanoğlu da iştirak edib.
Cənab nazirin BAYRAQDAR MEDİA-ya özəl müsahibəsini təqdim edirik.
Texnologiyanın sürətlə inkişaf etdiyi müasir dövrdə ailənin təməlinin zəiflədiyinin şahidi oluruq
-Cənab nazir, bu gün türk dünyasını təhdid edən məsələlərdən biri də Batı tərəfindən türklərə, türk dünyasına xas ailə dəyərlərinin hədəfə alınaraq dağıdılmasına yönəlmiş siyasətin, bu istiqamətdə müxtəlif layihələrin reallaşdırılmasıdır. Necə hesab edirsiniz, həmin qara niyyətlərin puç olması üçün türk dünyası olaraq hansı addımları atmalıyıq?
-Əvvəla qeyd edim ki, türk dünyasında ailə dəyərləri hər zaman diqqət mərkəzində olub. Məhz bu səbəbdən Bakı şəhərində keçirilən Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclasında da bu məsələ diqqət mərkəzində oldu. Konkret olaraq sualınıza cavab olaraq deyim ki, texnologiyanın sürətlə inkişaf etdiyi müasir dövrdə ailənin təməlinin zəiflədiyinin şahidi oluruq. Sosial təcrid, ailədaxili münasibətlərin səthiləşməsi və fərdiləşmənin artması ailə institutuna birbaşa təsir göstərir. Bütün dünyada son 5 ildə boşanma hallarının sayının əhəmiyyətli dərəcədə artması müşahidə olunur. Eyni zamanda¸hazırda türk dünyasında da bizi təhdid edən başlıca məsələlərdən biri doğum hallarının azalması, digəri isə boşanma hallarının sürətlə artmasıdır. Bu artım yalnız ailə institutuna deyil, həm də cəmiyyətin iqtisadi və psixoloji dayanıqlılığına mənfi təsir göstərir. Buna görə də ailə münasibətlərinin möhkəmləndirilməsinə yönəlik preventiv və bərpaedici siyasətlər hər kəs üçün prioritet sahələrdəndir. Türk dünyası olaraq bu məsələni daim diqqətdə saxlamamız vacibdir və KKTC hökuməti olaraq biz də bu istiqamətdə davamlı addımlar atır, ailə dəyərlərinin qorunması üçün müvafiq siyasət həyata keçiririk.
Ailə dəyərlərinə zidd düşüncələrin yayılmasının qarşısını almaq vacibdir
-KKTC hökumətinin reallaşdırdığı həmin siyasət barədə ətraflı nələri qeyd edə bilərsiniz?
-Kuzey Kıbrıs Türk Cümhuriyyətində kənar və zərərli təsirlərin qarşısını almaq üçün ailəyə yönəlik sosial dəstək proqramları həyata keçirilir. Çünki ailə dəyərlərinə zidd düşüncələrin yayılmasının qarşısını almaq vacibdir. Ailənin mahiyyətini zəiflədən bu cür meyillərlə mübarizə aparmaq üçün həm maarifləndirmə, həm də qanunvericilik tədbirləri həyata keçirilir. Rəqəmsallaşmanın gətirdiyi mənfi təsirləri azaltmaq, ailə münasibətlərini texnologiyanın təsirindən qorumaq üçün spesifik strategiya hazırlanır. Eyni zamanda, uşaq sahibi olmağı təşviq edən modellər üzərində işləyirik.
Gənc ailələrin uşaq sahibi olmasını dəstəkləmək üçün maddi və psixososial dəstək mexanizmləri tətbiq edirik. Qadınlar üçün uyğun sosial siyasətlər həyata keçiririk. Bu KKTC hökuməti tərəfindən reallaşdırılan tədbirlərdir. Eyni zamanda, TDT-nin müşahidəçi üzvü olaraq da biz qurum çərçivəsində qəbul edilən qərarların icrası üçün davamlı addımlar atırıq. Həmçinin Bakıda Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclasının yekununda qəbul edilən Kommünikenin bəndlərinin icrası istiqamətində də addımlar atacayıq.
Qadınların cəmiyyətdəki yerini gücləndirmək, təkcə gender bərabərliyi məsələsi deyil, gələcəyimiz üçün vacibdir
-Təbii ki, türk dünyasında ailə dedikldə, ailə dəyəri dedikdə, ilk növbədə qadınlar diqqət mərkəzinə gəlir…
-Tamamilə doğrudur. Elə Azərbaycanda keçirilən iclas da qadınların və ümumilikdə cəmiyyətin gələcəyi üçün əməkdaşlıq və həmrəylik içində çalışdığımızın bariz nümunəsidir. İnanırıq ki, qadınların cəmiyyətdəki yerini gücləndirmək, təkcə gender bərabərliyi məsələsi deyil, gələcəyimiz üçün vacibdir. Qadınların daha aktiv, daha güclü, daha görünən olduğu gələcək daha ədalətli, daha inkişaf etmiş və daha dayanıqlı olacaq. Konkret olaraq KKTC hökuməti olaraq biz qadınların təhsilini dəstəkləməyə, onların sahibkarlıq təşəbbüslərini və siyasi həyatda iştirakını təşviq etməyə qətiyyətlə sadiqik. Yuxarıda qeyd etdiyim kimi, qadınların həm güclü iş qadını, həm də fədakar ana ola bilmələri üçün uyğun sosial siyasətlər həyata keçiririk. Onların iş həyatında irəliləmələri ilə ailə həyatında balans yaratmaları üçün dəstək proqramları mövcuddur. Bu istiqamətdə son illərdə bir çox layihələr həyata keçirilib. 2025-ci il üçün baş nazirimizin göstərişi ilə qadın vətəndaşlarımızın sosial sığorta haqlarını dövlət olaraq biz ödəmişik.
Hər şey tariximizi düzgün və dürüst şəkildə gənclərimizə öyrətməkdən başlayır
-Cənab nazir, bu gün ortaq mirasımızın gələcəyə sağlam şəkildə ötürülməsi də böyük əhəmiyyət kəsb edir. Bu prosesdə gənclərimizə xüsusi rol verilməlidir. Sizcə, məktəblərdə, ali təhsil müəssisələrində bu istiqamətdə konkret hansı addımlar atılmalıdır?
-Sualınıza görə təşəkkür edirəm. Məncə, hər şey tariximizi düzgün və dürüst şəkildə gənclərimizə öyrətməkdən başlayır. Bakıdakı çıxışımda da bu məsələyə toxundum. Bildirdim ki, dünyada 350 milyonluq türk xalqının bugünkü durumu, qarşılaşdığı problemlər, düşmənləri eyni mərkəzlər tərəfindən yönləndirilir. İstər Anadolunun fəthi olan 1071-ci il, istər İstanbulun fəthi 1453-cü il, istərsə də 2020-ci ildə Azərbaycanın 8 Noyabrda qazandığı şanlı zəfər — bütün bunlar türk dünyasının qəhrəmanlıq salnamələridir və gənclərimizə mütləq öyrədilməlidir. Gənclərimiz anlamalıdır ki, biz bu uğurları asanlıqla qazanmamışıq. Əsrlər boyu işğallara, parçalanma cəhdlərinə qarşı mübarizə aparmışıq. Bu mübarizələrin arxasında isə güclü bir ailə institutu dayanır. Əgər biz bu ailə institutunu qoruyub saxlaya bilməsək, gələcəyimizi də itirə bilərik. Qərbin əsas hədəflərindən biri də məhz bu institutdur. Məktəblərlə bağlı isə qeyd etmək istərdim ki, türk dünyasının bütün Təhsil Nazirlikləri tarix, ədəbiyyat və mədəniyyət dərslərində ortaq mirasımıza geniş yer ayırmalıdırlar.
İlk şərhi yaza bilərsiniz