Son yeniləmə: 19 İyun 2025
Ehtiyatda olan general Dr. Yücel Karauz: Türkiyə-Azərbaycan qardaşlığını hədəfə alan daxili və xarici mərkəzlər növbəti iyrənc qaralama kampaniyasına başlayıblar
BAYRAQDAR MEDİA – “Türkiyə-Azərbaycan qardaşlığının kökü tarixin dərinliklərinə uzanır. Bu qardaşlıq tarixin bütün mərhələlərində ağır sınaqlardan uğurla çıxıb. Eyni zamanda müasir dövrdə də Türkiyə-Azərbaycan qardaşlığı dünyaya nümunə təşkil edir. Bu isə daxili və xarici düşmənlərimizi dəli edir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi atteşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.
Türkiyəli general bildirib ki, qazanılan hər bir uğurdan, atılan hər bir inamlı addımdan sonra düşmənlərimiz yeni-yeni təxribatlara əl atıblar: “Bu gün də onlar eyni yanaşmanı sərgiləyirlər. Türkiyə və Azərbaycan bir millətin övladları olaraq, eyni soyun, kökün və eyni dinin daşıyıcısı olan iki ayrı dövlətdir. Bu səbəbdən də, iki müstəqil dövlət kimi onların müəyyən məsələlərdə fərqli baxışa malik olmaları tamamilə təbiidir. Bu fərqliliklər coğrafi mövqe, ölkələrin özünəməxsus daxili və xarici strukturları, tarixi və siyasi balanslardan qaynaqlana bilər. Lakin bu, onların “qardaş dövlət” kimliyinə zidd deyil. Əksinə, Şuşa Bəyannaməsi ilə bu qardaşlıq zirvəyə çatdırılıb”.
Dr. Yücel Karauz vurğulayıb ki, bəzi kritik mövzularla və ya bəzi hadisələrlə bağlı fərqli düşünmək bu birliyə maneə deyil: “Lakin təəssüf ki, dediyimiz qüvvələr bu fərqlilikdən istifadə edərək öz çirkin əməllərini davam etdirirlər. Məhz bu prizmadan yanaşsaq deyə bilərik ki, bu gün Türkiyənin bəzi media orqanlarında Azərbaycana qarşı iki fərqli siyasi təzyiq formasına şahid oluruq. Birincisi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə və ya Azərbaycana hücumlardır ki, bu cür addımlar əxlaqi və insani dəyərlərdən tamamilə uzaqdır. Qeyd edim ki, bu hücumlar məqsədli şəkildə müəyyən mərkəzlər və xarici dairələrin alətinə çevrilmiş şəxslər tərəfindən həyata keçirilir. Yəni bəhs etdiyimiz kimi bu məsələdə daxili və xarici düşmənlər birlikdə hərəkət edir. Görünən odur ki, Türkiyə-Azərbaycan qardaşlığını hədəfə alan daxili və xarici mərkəzlər növbəti iyrənc qaralama kampaniyasına başlayıblar”.
Müsahibimiz deyib ki, bu, əsla qəbul oluna bilməz: “Çünki Cənab Prezident İlham Əliyev türk dünyasının son zəfəri sayılan Qarabağda qazanılan Böyük Qələbənin memarı, Türk Dövlətləri Təşkilatının formalaşmasında böyük rol oynamış, hakimiyyətə gəldiyi ilk gündən bəri Türkiyə-Azərbaycan qardaşlığını gücləndirmək üçün dayanmadan çalışan siyasi liderdir”.
Dr. Yücel Karauz əlavə edib ki, ikinci təzyiq forması Fələstin-İsrail müharibəsi və onun ardınca İran-İsrail arasında son altı gündür davam edən silahlı qarşıdurma fonunda aparılan böyük dezinformasiya, qarayaxma kampaniyasıdır: “İran-İsrail müharibəsi başlayanda Azərbaycan rəsmi şəkildə bəyan etdi ki, onun ərazisi və hava məkanı İrana qarşı istifadə olunmayacaq. Bu, Azərbaycanın mövqeyinin aydın göstəricisidir. Fələstin-İsrail münaqişəsinə gəldikdə isə Azərbaycanın bu məsələyə hüquqi və humanitar baxış bucağı Türkiyənin mövqeyindən fərqlənmir. Ancaq Azərbaycan müstəqil dövlət olaraq İsrail ilə olan siyasi, hərbi və iqtisadi əlaqələrini də davam etdirir. Türkiyədə bu məsələni radikal baxışla dəyərləndirən bəzi qruplar isə, məsələyə yetərincə dərindən yanaşmadan, Azərbaycan dövlətinə qarşı haqsız ittihamlar irəli sürür. Bu isə təəssüf və təəccüb hissi doğurur. Son nəticədə də dediyimiz kimi, bu iki cəbhədən hücumlar, Türkiyə və Azərbaycan arasında narazılıq yaratmaq istəyən müəyyən mərkəzlər tərəfindən məqsədli şəkildə həyata keçirilir”.
Türkiyəli general, həmçinin “Türkiyədə Azərbaycan, Azərbaycanda isə Türkiyə məsələsi müzakirə mövzusu olduqda, hər kəs danışmazdan əvvəl bir neçə dəfə düşünməli, dediyi sözün hansı nəticələr doğuracağını anlamalıdır. Ona görə də Azərbaycanın xarici siyasətdə fərqli mövqe tutmasına qarşı aparılan məqsədli təbliğatlar, dezinformasiyalar və bu yolla Azərbaycan-Türkiyə birliyinə xələl gətirmək cəhdləri əsla qəbul edilə bilməz. Türkiyə və Azərbaycan qardaşlığı bu gün də var və əbədi olaraq davam edəcəkdir. Bu qardaşlığın arasına Ermənistanla, İranla və ya İsraillə olan münasibətlər bəhanə edilərək nifaq toxumu səpilə bilməz, heç kəsə də buna imkan verilməməlidir” deyə qeyd edib.
Dr. Yücel Karauz sonda sabah baş verəcək bir tarixi açılışı da misal gətirib: “Türkiyə-Azərbaycan qardaşlığının son nümunəsi isə sabah, yəni iyunun 19-da bütün dünyaya nümayiş etdiriləcək. Sabah Kahramanmaraşda Azərbaycan məhəlləsinin açılışı olacaq. Xatırladım ki, 2023-cü ilin dağıdıcı zəlzələdən həmən sonra dərhal qardaş köməyinə yetən Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Kahramanmaraşlılar üçün Azərbaycan dövləti hesabına salınan məhəllədir. İki ölkənin dövlət başçılarının iştirakı ilə açılışı olacaq bu məhəllə Türkiyə-Azərbaycan qardaşlığını bir daha bütün dünyaya nümayiş etdirəcək. Fürsətdən istifadə edib xoş gündə də, dar gündə də həmişə Türkiyə ilə, türk xalqı ilə birlikdə olan, qardaşlıq nümayiş etdirən cənab Prezident İlham Əliyevə minnətdarlığımızı çatdırıram”.
Xatırladaq ki, Dr. Yücel Karauzun son proseslərlə bağlı geniş təhlil yazısını sabah oxucularımıza təqdim edəcəyik.









