BAYRAQDAR MEDİA – Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Belarusa rəsmi səfəri davam edir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Minsk şəhərində yerləşən Qələbə meydanındakı Qələbə abidəsini ziyarət edib və abidə önünə əklil qoyub. Belarusun Müdafiə Nazirliyində Azərbaycan müdafiə nazirinin rəsmi qarşılanma mərasimi təşkil olunub. Müdafiə nazirləri fəxri qarovul dəstəsinin önündən keçiblər. Hər iki ölkənin Dövlət himnləri səsləndirilib”.
Sonra xəbərdə, “Z.Həsənov ilə Belarusun müdafiə naziri general-leytenant Viktor Xrenin arasında görüş keçirilib. Görüşdə regional təhlükəsizlik məsələləri, hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər mövzular müzakirə olunub. Səfər proqramına uyğun olaraq Azərbaycan nümayəndə heyəti, həmçinin Belarus Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Baş Qərargah Fakültəsini ziyarət edib. Burada hərbi təhsil sistemi, kadrların hazırlanması, struktur və vəzifələr barədə brifinq təqdim olunub” deyə qeyd edilir.
Rəsmi səfər zamanı Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının Mərkəzi Komanda Məntəqəsində (MKM) olan Azərbaycan müdafiə nazirinə MKM-in əsas fəaliyyət istiqaməti ilə bağlı ətraflı məlumat verilib.
İlk şərhi yaza bilərsiniz