Elman Cəfərli: Bizi hazırda düşündürən Güney Azərbaycanlı soydaşlarımızın təhlükəsizliyi olmalıdır
BAYRAQDAR MEDİA – “İranda 40 milyondan çox soydaşımız yaşayır. Təbii ki, biz onların taleyindən narahatıq. Ötən əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində biz də müharibənin yaratdığı çətinliklərlə üzləşmişik, qaçqınlıq, köçkünlük nə olduğunu bilirik. Güneyli soydaşlarımızın köçkün düşməsini istəmirik”.
Bu sözləri BAYRAQDAR MEDİA-ya açıqlamasında Güney Azərbaycan üzrə araşdırmaçı jurnalist Elman Cəfərli deyib.
Onun fikrincə, hərbi əməliyyatların genişlənməsi həm İsrailin, həm də İran dövlətinin zərərindədir: “Bütün müharibələr dağıdıcıdır. Hətta klassik silahlarla aparılan döyüş əməliyyatlar minlərlə insanın ölümünə, şikəst olmasına, qaçqın düşməsinə səbəb olur. Hazırki İran-İsrail hərbi toqquşması ən müasir silahlarla aparılır. Tonlarla ağırlığı olan raketlər, mərmilər torpağa çırpılır. Binalar dağılır, canlılar ölür, bitki örtüyü məhv olur, meşələr yanıb külə dönür. Təbii ki, biz bunu istəmirik. Lakin böyük alim İbn Xaldunun sözləri ilə desək coğrafiya taledir. Yəni bizim taleyimiz bu coğrafiyada doğulub yaşamaqdır”.
E.Cəfərli deyib ki, Güney Azərbaycan ərazisi tarixin bütün dövrlərində ağrı müharibələrə şahidlik edib: “Bu coğrafiyada onlarla dövlət qurulub, dağılıb. Tarixi proseslər davam edir. Heç bir imperiya ömürlük deyil. Dövlət yaranır, tarixin hansısa dövründə dağılır, imperiyanın külləri üzərində yeni dövlətlər meydana çıxır. Bizi hazırda düşündürən Güney Azərbaycanlı soydaşlarımızın təhlükəsizliyi olmalıdır. Bütün kanalları işə salmaqla çalışmalıyıq ki, Güney Azərbaycan ərazisi hərbi toqquşma meydanına çevrilməsin. Doğrudur İran hakimiyyəti bəlkə də bilərəkdən mühüm hərbi bazaları Güney Azərbaycan ərazisində yerləşdirib. Bildiyim qədər İsrail hərbi hava qüvvələri daha çox mülki insanlar yaşayan bölgələri deyil, hərbi bazaları hədəfə alır”.
“Bir ilginc məsələni də qeyd edim. Rejim onillərlə elə bir əhali paylanması həyata keçirib ki, azərbaycanlılar bütün İran ərazisinə səpələnib. Bu gün İsfahan, Kərəc, Şiraz, Mərkəz əyalətlərində də soydaşlarımız yaşayır. Təbii ki, müharibənin zərəri onlara da dəyəcək”.
Elman Cəfərli hesab edir ki, indiki situasiyada ən yaxşı variant atəşkəsin əldə olunmasıdır: “Yaxşı olar ki, soydaşlarımız daha artıq zərər görmədən atəşkəs imzalansın, müharibə bitsin”.
Güney Azərbaycan toplumu ilə işləməyin vacib olduğunu önə çəkən E.Cəfərli buldirib ki, 40 milyon insanı taleyin ümidinə buraxmaq olmaz: “Suriyada Bayırbucaq türkləri, İraqda Kərkük türkmənləri, Dərbənd, Borçalı azərbaycanlıları bizim üçün əzizdir. Amma Güney Azərbaycanın yeri bir başqadır. Ayrılıqdan 200 il keçsə də, həm o tayda, həm bu tayda bir bətən nisgili var. Güney insanı xalqımızın 20 Yanvar, Xocalı ağrısına gözyaşı töküb, Azərbaycan ordusunun Qarabağ zəfərinə bizim qədər sevinib. Bu gün onlar sıxıntı içərisindədir. Lakin hər sıxıntı bir sınaqdır. Bu sınaqdan 50 milyonluq xalq olaraq üzüağ çxımalıyıq. Bunun üçün ağıllı, müdrik qərarlar qəbul olunmalıdır. Baş verə biləcək humanitar fəalkətlə bağlı hazır planımız olmalıdır. Bunu rəsmi qurumlar edə bilməz, çünki güneyli soydaşlarımız başqa dövlətin vətəndaşlarıdır. Lakin vətəndaş cəmiyyəti institutları edə bilər. Bir sözlə, Güney Azərbaycan üçün tarixi şans yaranıb. Güney Azərbaycan toplumu baş verə biləcək siyasi kataklizmlərə hazır olmalıdır. Biz nə qədər dəstək versək də, son söz onlarındır. Güney Azərbaycan toplumu qərar verməlidir: ya ana dilini yasaqlayan, asimilyasiya siyasəti aparan məzhəb donuna girmiş rejimlə yola davam, ya da milli müqəddəratın təyin edilməsi hüququnu əldə əsas tutmaqla yeni siyasi mərhələyə keçid”.





